İlaxır çərşənbələr Mədəniyyət

İlaxır çərşənbələr

7-ci yazı

Azərbaycan türklərinin mifoloji düşüncəsinin qaynaqları öz kökləri etibarı ilə tarixin çox dərin qatlarına bağlanır. Onların izlərini gen yaddaşından adət-ənənələrə, rituallara, qədim bayramlara, folklor örnəklərinə, klassik ədəbiyyata, ümumiyyətlə, mədəniyyət formalarına qatmaqla unudulmağa qoymamışlar. Ulu Türkün övladları Dünyamızın Altaydan Qara dənizədək uzanan torpaqlarında, miflərin dili ilə desək, Gündoğandan başlayıb Günbatanda bitən ərazilərdə məskunlaşaraq kökdən gələn mənəvi amilləri öz yolları ilə yaşatdıqları kimi, sak-hun-oğuz birliyinin təmsilçiləri azərbaycanlılar da həmin mənəvi sərvətin bir hissəsinin yaradıcıları olmaqla yanaşı ümumi qazandan götürdüklərini özününkülərə qatıb duyğularına, istəklərinə dayaq edə-edə bu günümüzə çatdırıblar.
Yazqabağı atəşpərəstlik adətləri və ritualları. Zoroastriya əxlaqında əsas şərt insanın öz həyatını Ahur-Məzdin Anhro-Manyu ilə haqlı mübarizəsinə həsr etməsidir. Bu, onların kosmik döyüşlərə fəal müdaxiləsi kimi qiymətləndirilir. Passivlik və tənbəllik atəşpərəstlərin məişətində heç bir məna daşımayan xüsusiyyət sayılır. Elələri Drucun (Yalan və Qəddarlığın) əlaltıları "titulu" ilə – "ayereziri" cəzalandırılırdı. Bu adı daşıyanlar cəmiyyətdən kənar hesab edilirdilər. Atəşpərəstlərin fəaliyyətini məşhur üçlük: "humata, huhta, hvarşta" ("xeyir fikir, xeyir söz və xeyir iş") tənzimləyirdi. Əks tərəfdə isə üç ziyanlı çağırış dururdu: "dujmata, dujuhta, dujvarşta" ("şər fikir, şər söz və şər iş").
"Avesta"da maldarlıq (çobanlıq) və əkinçilik müqəddəs iş sayılırdı. Təsadüfi deyil ki, Azərbaycan türklərinin holavarları, sayaçı sözlərində Ahur-Məzdin dualarının ruhu qalmaqdadır. Mal-qaraya qayğı göstərənlər və torpağın qədrini bilib vaxtında becərənlər, bitkiləri suvaranlar Ahur-Məzdin ən sevimli yaradılışı idi. Taxıl əkib çörək yapanlar Həqiqatpərəstlər hesab edilirdilər. Çünki taxıl cücərəndə devləri tər basırdı, dəyirman işə düşəndə devlər əzişdirilirdi, un əmələ gələndə onlar fəğan qoparırdı, çörək bişiriləndə isə qorxularından yeraltı mağaraların küncünə qısılıb titrəyirdilər. Azərbaycan türklərinin inanc, and və müdrik kəlamlarında bu təsəvvürlər hələ də yaşamaqdadır.
Xoruz banlamaqla İşığın (Ahur-Məzdin və Günəşin) xəbərini gətirdi. Onu "müjdə verən" müqəddəslər sırasına daxil etmişdilər.
İt mal-qaranı qoruyur və insanlarla bərabər tutulurdu. Onu ac saxlayanlara ağır cəzalar verilirdi. İti ətdən ayrılmayan sümük və çox isti xörəklə bəsləyənlər lənətlənirdilər. Eləcə də özlərini yaxşı aparmayanda itlərin də hüquqi şəxs kimi məhkəməsi qurulur, birinci dəfə sağ, ikinci dəfə sol qulağı kəsilirdi. İtlər insanlara məxsus dəfn adətləri ilə o biri dünyaya yola salınırdılar. Canavarın isə "ağına da, qarasına da lənətlər" yağdırılırdı. Mal-qaranın ziyanvericisi kimi onu öldürən alqışlanırdı.
Nikahsız evlənmək ağır günahlardan biri idi.
Atəşpərəstlərin tapındıqları əsas ünsürlər su, od, torpaq və hava idi. İnsan öz bədəni kimi bu dörd ünsürün təmizliyini qorumalı, murdarlıq və ölüm yayan dev Nansunu onlara yaxın buraxmamalı idi. Qırxılmış saçları, kəsilmiş dırnaqları bir yerə yığıb xüsusi dualarla gərəksiz və insan ayağı dəyməyən, gün işığı düşməyən yerlərdə basdırırdılar. Bu adətlərin hər biri müasir Azərbaycan türkləri tərəfindən müxtəlif mərasim və ayinlərdə icra olunur. Nizaminin "Yeddi Gözəl" əsərində qoca çoban canavarla əlaqəyə girib sürünü bada verən iti məhz atəşpərəstlik qaydası ilə mühakimə edib cəzalandırır.
Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, heyvanları qurbankəsmə mərasimləri zoroastrizmə əvvəlki inanclardan miras qalmışdır. "Avesta" və digər atəşpərəstlik mətnlərində ("Bundahşi", "Dinkart", "Dadestan-i menoq-i hrad" və b. ) qurban və tanrılara bağışlanmaq üçün seçilən üç predmetin adı çəkilir: haoma, draun və myəzd. Haoma – ilahi bitkiyə və içkiyə verilən addır. İynəyarpaqlı ağaclardan hazırlanan şirəyə süd qatır və kult mərasimlərində içirirdilər. Azərbaycanda tütyə suyu kimi indi də pirlərdə istifadə olunur. Sonrakı dövrlərdə adına Hom"/"xom"/"qom" demişlər. Atəşpərəstliyin tanrıya itaət mərasimlərinin əsas atributlarından biridir. Bu içki insanları sərxoş etməsə də, ehtiraslarını oyadır, əhval-ruhiyyəsinə müsbət təsir göstərirdi; şairləri ilhamlandırır və döyüşçülərə qorxmazlıq verirdi. Əfsanəyə görə, Zaratuştr valideynləri haoma içəndən sonra dünyaya gəlmişdi. Hazırlanması belədir: Haoma bitkisinin gövdəsini xüsusi daş –"havan" ("həng"/həvəngdəstə" adı ilə indi də Azərbaycan türkləri məişətində işlənir) ilə əzib başqa meyvə şirələri və südlə qarışdırırlar. Alınan qatışığa qədimlərdə "zaotr" deyilirdi. "Draun" ("pay") – şirin qoğal idi, "myəzd" isə ətdən və tərəvəzdən hazırlanan xüsusi xörək (dolma, küftə, ləvəngi kimi) növlərindən biri idi.
Atəşpərəstlərin dəfn mərasimləri müxtəlifliyi və əhatəliyi ilə seçilirdi. Meyiti oda və torpağa yaxın buraxmaq qadağan idi. Deməli, onların yandırmaq və basdırmaq adətləri yox idi. Tabuya görə, kim insanın və itin meyitini torpağa basdırsaydı, ona 500 at qamçısı vurulurdu. İnsan və it hansı torpaqda ölürdüsə, oranı bir il suvarmaq və becərmək olmazdı. Ölənin evinə qışda ancaq 9, yayda isə bir aydan sonra od aparılırdı; bu müddətdə mənzildə heç bir ocaq qalanmırdı. Meyitləri iki nəfər yüksək, daşlı, quru yerə aparırdı. Ristokaşlar (meyit daşıyanlar) ömürlərinin sonunadək natəmiz hesab edilirdilər. Onları odun, suyun, müqəddəs ocağın 30 addımndan yaxına buraxmırdılar. Başqa insanlardan isə 3 addım aralı qalmaları tələb olunurdu. Çılpaq daşlı yerdə ölünü ayağından və saçından bərkidirdilər ki, quşlar və quduz heyvanlar əti yeyəndə sümükləri apara bilməsin. Meyitdən təkcə sür-sümük qalırdı, onları bir yerə toplayıb xüsusi saxlama yerinə - "asto-dana" qoyurdular. Oranın başqa adı "dahma"dır, mənası "susmaq qalası" deməkdir. "Dahma"lar çılpaq daşlardan tikilirdi. Üstünə də sal daşlar yığılırdı. Meyitləri çox vaxt dahmaların üstünə qoyur, ətdən təmizlənəndən sonra sümükləri içəri yığırdılar. Bu söz qaranlıq, soyuq ev anlamında və "daxma" formasında bu gün də dilimizdə işlənir. B.Abdulla da Y.V.Çəmənzəminliyə istinadən yazır ki, "Avesta"da ölüm Əhrimənlə əlaqələndiyi üçün ölən adamın meyiti torpağa basdırılmaz, yandırılmaz, suya atılmazmış. Çünki bunların hamısı müqəddəs sayılırmış. Ona görə də meyit xüsusi daxmada daşlar üzərində qoyular, quşlar onların ətini dimdikləyib yeyər, ancaq quru skleti qalarmış".
Atəşpərəstlər təmizliyə də ayrıca ritual həsr edirdilər. "Yauc" ("təmizləmək" deməkdir) mərasimində insanlarla yanaşı mal-qara, bitki, su, torpaq, od-ocaqlar da təmizlənirdi, bütün dünyanın yaxşı hala gətirilməsi isə Zaratuştrun adına yazılırdı. Azərbaycan türkləri Novruz mərasimləri ərəfəsində həmin adətləri indi də qədimlərdə olduğu şəkildə icra edirlər. Və maraqlıdır ki, mərasimin adı "yauc" türk dilindəki "yu/yumaq" felinin məna tutumu ilə tam üst-üstə düşür.
Etika məsələsinə toxunanda atəşpərəstlər xeyirxahlığın və ədalətli olmağın vacibliyini vurğulayırdılar. Onlarda asketizm və subaylıq günah sayılırdı. Rituallarının hamısı oda sitayişlə yekunlaşırdı. Müqəddəs alovu həmişə atəşgədələrdə qoruyub saxlayır, sönməyə qoymurdular.
Atəşpərəstlərin məişət qaydalarına görə, kim günahsız yaşasa, qorxunun bütün sınaqlarından alnı-açıq çıxacaq. İnsani dəyərlərin ən alisi xeyirxahlıq idi. Ağıl isə hər cür var-dövlətdən, vəzifədən üstün tutulurdu. Hər kəs öz evini tikmək barədə düşünməli və bunu həyata keçirməli idi. Başqalarının imarətlərinin qapısında yatmaqdansa, adamın uçuq-sökük də olsa, özünə məxsus daxmasının qurulması vacib şərt idi. İmkanlıların əlinə baxmaq Anhro-Manyunun yalançı tələblərinə uymaq hesab edilirdi. Zaratuştr deyirdi ki, tanrının nuruna sığınan iki işi mütləq həmişə yerinə yetirməlidir: birinci, köməksizə qayğı göstərməlidir; ikinci, qanmaza güzəştə getməlidir. "Andraz-i danaq-marad" ("Müdrikin nəsihətləri") toplusunda gənclərə tövsiyə verilirdi ki, "elə yerdə əyləş, sənin əlindən tutub yuxarı qaldırsınlar və ayağının altı qazılan yerdən uzaqlaş. Heç kəslə yerdən (vəzifədən) ötrü mübahisə aparma".
Maddi varlıqlardan yeddisini qorumaq, qayğısını çəkmək tələb olunurdu: Vahman — mal-qara, Ardvahişt — od, Şahrəvar — metal, Spandarmad — torpaq və əxlaqlı qadın, Hordad — su, Amordad — bitki.
Göründüyü kimi, əxlaqlı qadın müqəddəs torpağa bərabər tutulub insanın namusu, qeyrəti, baş ucalığı hesab edilirdi.
Kimlər bu yeddi varlığın təmizliyini göz bəbəyi kimi qoruyurdusa, xeyir iş görür, onun ruhu heç vaxt Anhro-Manyu ilə devlərin əlinə keçmirdi. Çünki bu yeddi varlıq da onu şər ruhlardan hifz edirdi. "İcazəli və icazəsizlər" [Şayast - na - şayast] kitabında bu, Ahur-Məzdin əsas tələbi kimi qoyulur və dünyadakı bütün insanlara öyrədilməsinin vacibliyi vurğulanır.
Ölü doğan qadın böyük günaha batırdı; dəhşətli bir işin iştirakçısına çevrilir, hətta ən ağır cinayətdə əli olan cani kimi mühakimə edilirdi. Elə zənn olunurdu ki, pis əməllər törətdiyi üçün həyat odu onun bədənindən çıxmış, daha doğrusu, Müqəddəs İşıq öz himayədarlığından əl çəkmişdi. Bunu görən Ölüm Ruhu maneəsiz yeraltı – soyuq, qaranlıq aləmdən işıqlı, isti dünyaya qədəm qoyub uşağın canını almışdı. Belə qadınları yaşayış yerlərindən qovurdular. Onu yollarda cansıxıcı təklik gözləyirdi. Başqa, daha maraqlı "cəzalandırma" üsulu vardı: ölü doğan qadını qəbrə oxşar qaranlıq, dar bir daxmaya salıb üstünü küllə (şər iş görənlərə xalq arasında indi də qarğışlar yağdırırlar ki, "Başına kül ələnsin!"), zir-zibillə, peyinlə örtürdülər ki, "günahabatan"ın ayağının toxunması ilə müqəddəs ünsür – həyatverici torpaq murdarlanmasın. Və "Ölüm" onun bədənini tərk edənədək, ya da əvvəlki təmizlik halına qayıtmış sayılanadək bir nəfər də olsun ora yaxınlaşmırdı. Bu, mərasim Günəşin həmin yerə düşüb qızdırması və gün sonunda ötüb getməsi ilə başa çatırdı. Hava tutqunlaşıb bir neçə gün günəş göydə görünmürdüsə, onda elə zənn edirdilər ki, nə Ahur, nə də Atar o qadının günahlarını bağışlamaq istəyir. Onda Mitr üçün qurbanlar kəsirdilər.
Dünya əzəldən ağlı-qaralı, gündüzlü-gecəli, istili-soyuqlu yaranmışdır. "Avesta"ya görə, birincisi Xeyirin, ikincisi Şərin icadıdır. Və "Xeyirin şərlə qardaşlığına" Azərbaycan xalqı hələ də inanır. Amma onu da yaxşı anlayır ki, "Suyun odla nə oyunu" var? Onsuz da "Od həmişə yandırır". Bu yanğı ürəyin atəşindən başlayıbsa, aləm nura bürünür. Ocaqdan axıb gəlirsə, ruhları üşüməyə qoymur. Bir də həlim axan suyun da hərdən dəliliyi tutur.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor