Şumer mifologiyası:  şumer tanrılar panteonu - 5-ci yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 5-ci yazı 

İnannanın başqa bir heykəlində onu qeyri-adi paltarda görürük. Bu paltarı astronavt geyimi hesab edənlər var. Öndən görünüş bu fikri söyləməyə heç bir əsas vermir. Başındakı papaq onun əksər heykəllərindən və təsvirlərindən tanışdır. Donu aşırmayla çiynindən bağlanıb. Don özü bir neçə yerdən büzməsi olan taxtalı donlara oxşayır. Donun ətəyindən yalnız ayaq barmaqları görünür ki, onlar da bugünkü insan barmağının eynidir. Papağı boğazının altından bəzəkli qotazla bağlanıb. Əlində küpəyə oxşayan qab tutub.
Papağın arxadan görünüşündə astronavtlığın cizgiləri aydın sezilir. Aşırmadan başqa kürəyində çiyinlərindən aşırılmış bir cüt çarpaz kəmər görünür. Papağın qulağında radioqəbulediciyə oxşayan nəsə var. Bütün bunlarla yanaşı, artıq kürəyində yuxarıdakı şəkildə gördüyümüz qanadlar yoxdur. İnannanın təsvirlərindən birində onun şir üstündə dayandığını görürük. Şir Şir bürcünü təmsil edir. Burda şir İnannanın qoruyucusudur, onun üstündə durmaqla öz toxunulmazlığını təmin etmiş olur. Digər tərəfdən burada Venera planeti ilə Şir bürcü arasındakı bağlılıq öz ifadəsini tapıb.
Tanrıların həm qanadlı, həm də qanadsız təsvirləri belə düşünməyə əsas verir ki, qanad bədən üzvü olmayıb. Deməli, tanrılar qanadlarını lazım olanda geyinib, lazım olmayanda soyunurlarmış.
Çox böyük əhəmiyyəti olan bir məsələyə toxunmaq istəyirəm. Bir çox miflərdə İnannanın guya bir neçə dəfə ərə getdiyi vurğulanır ki, bu da düzgün başa düşülmür, sevgisinə, məhəbbətinə sədaqətli olmadığı kimi yozulur. Məsələn, “Bilqamıs” dastanında İnannanı Bilqamıs Dumuziyə, bağban İşullanuya, bir keçiotarana, bir ata, bir aslana ərə getməkdə, onların hamısına xəyanət etməkdə qınayır. Burda məsələ göründüyü qədər bəsit ola bilməz. Ona görə məsələyə Şumer dövrünün gözüylə baxmaq lazımdır. Bəri başdan deyək ki, iki mühüm məsələni nəzərə almadan İnanna ilə bağlı əhvalatların mənasını açmaq olmaz. Birincisi, Şumerdə qadına münasibət məsələsidir. Bütün qaynaqlardan görünür ki, Şumerdə qadına çox yüksək sevgi, məhəbbət və hörmət olub. Qadın zorlamaq ən ağır günah və cinayət hesab edilib. Qadın anaydı, həm tanrıları, həm insanları ana doğmuşdu. Ana haqqı Şumerdə çox uca tutulmuşdu. İnanna qadın olmaqdan başqa, tanrılar panteonunda ikinci üçlüyə daxil idi: atası, qardaşı və özü. Bizim düşündüyümüz kimi əxlaqsız, pozğun qadın panteonda bu cür yüksək mövqe qazana bilməzdi. İkincisi, bilirik ki, hər şəhərin öz tanrısı vardı. O şəhəri həmin tanrı qoruyurdu. Hətta hər bir şəhərin ilk çarı da elə onu qoruyan tanrının özü olub. Bunlar yalnız rəhbər və qoruyucu funksiyaları yerinə yetirirdilər. Məsələn, sevgi, məhəbbət, uşaq doğumu və təbiətdəki məhsuldarlığın himayəsi onlara aid deyildi, bunlar İnannanın vəzifəsiydi. Ona görə, İnanna bütün Şumerdə sevgini, məhəbbəti, uşaq doğumunu və məhsuldarlığı təmin edir, qoruyurdu. Onun evi də sevgi, məhəbbət ocağıydı, bu ocaqdan hamıya pay çatırdı. Yuxarıda gördük ki, sevgisiz, məhəbbətsiz təbiət də saralıb-solur, cılızlaşır, qısırlaşırdı. Ona görə, İnannanın bir neçə ərə getməyi rəmzi mənada başa düşülməlidir.
İlk insan yaradılıb, işçi çatışmır, işçi yoxdur, insan azdır. Nəsil artımı tez baş verməlidir. Tanrılar və mələklər ağır işlərdən beziblər. Onlar bu işlərdən azad olmalıdırlar. Bunun üçün insanların tezliklə artması təmin edilməlidir. Yeni-yeni ailələr qurulmalıdır, ailələrin kökündə, mayasında mütləq sevgi, məhəbbət durmalıdır. Bu sevgini, məhəbbəti insanların qəlbinə dolduran İnannadır. Onun ata, aslana ərə getməsini yalnız məcazi mənada başa düşmək lazımdır. Şumer miflərində sevgi, məhəbbət bayağılaşdırılmayıb, yalnız onları doğru başa düşmək, doğru yozmağı bacarmaq çətinliyi var. Bizə tanış olan miflərdə başa düşmədiyimiz çox sirlərin kodu hələ açılmayıb.
İşkur – başqa adı Adaddır. Şumer panteonunda yağış və ildırım tanrısıdır. O təbii yağışları, ildırım, şimşək, tufan və s. idarə edirdi. Bu vəzifəni İşkura Enki tapşırıb. Əsas tanrılar siyahısında onun adı yoxdur. İkinci dərəcəli tanrılardan biridir. Bu da onunla bağlıdır ki, İkiçayarasında təbii yağışlar çox az olur, əsasən süni suvarmadan istifadə edilirdi. Bir mifə görə, onu Enlil əsas tanrılar panteonundan uzaqlaşdırıb.
Bəzi miflərə görə, İşkur/Adad baş tanrı Anın oğludur. Onda belə çıxır ki, Enlilin və Enkinin qardaşıdır. Ancaq əslində İşkur/Adad Enlilin kiçik oğludur. Anası da Ninlildir.
Onu təkcə dağıdıcı tanrı kimi təsəvvür etmək doğru deyil. İşkur/Adadın əsas vəzifəsi məhsuldarlıq yağışları yağdırmaq olub ki, bu da İkiçayarasında əkinçilik üçün çox böyük əhəmiyyət kəsb edib. O həm məhsul verən, bar verən təbiət varlıqlarını, həm də ölümlü qüvvələri təmsil edir. Xeyirli yağış yağdırmaq, dağıdıcı sellər törətmək, ildırımlı tufanlar yaratmaq onun ixtiyarındadır. Nə vaxt istəsə xeyirli yağışlar yağdırar, təbiət cana gələr, bolluq olar. Nə vaxt istəsə sellər törədər, dünyanı dağıdar yaxud göydən yerə tufan göndərər.
İşkur çox zaman buğayla qarşılaşdırılır. Buğa isə ilk növbədə törədici deməkdir, artım, doğum rəmzidir. Həm də buğa gücü təmsil edir. Onun təbiətdəki qara qüvvələrin qarşısını almağa qadir olduğuna inanırdılar. İşkurun özünün rəmzi isə iki yaxud üç qanadlı şimşəkdir.
Enki – Şumer panteonunda An və Enlildən sonra üçüncü tanrıdır. Anın oğlu, Enlilin qardaşıdır. Onun evi Absu-Xəzər dənizinin dərinliklərində yerləşir. Eridu şəhərinin himayəçisidir.
Enki müdrikdir, ağıllıdır, hər şeyi biləndir. Xeyir-xahdır, xoşniyyətdir. “Bilqamıs” dastanından bilirik ki, yer üzündəki bütün canlıları Tufandan o xilas edib, daha doğrusu Utnapiştimə Tufan haqqında xəbəri o çatdırmışdı, özü də çox ustalıqla:
“Ey daxma, daxma, daxma! Ey divar, divar, divar! Eşit a daxma! Divar, yadda saxla nə ki var! Şuruppak şəhərində Ubar-Tutunun oğlu! Sökərək mülklərini, onlardan gəmi düzəlt. Bu var-dövləti tərk et, həyat barədə düşün! Zənginliyə nifrət et, ruhunu xilas elə. Sən bütün canlıları yığıb gəminə yüklə. Qoy dördkünc olsun sənin düzəldəcəyin gəmi. Eni də uzununa qoy tən olsun, düz gəlsin. Taxtapuş vurdur ona, örtük çəkdir üstündən!”. Mən bunları anladım, hökmdar Enkiyə sonra da belə dedim: “O söz ki, sən söylədin, hökmdar, mənə dedin. Borcumdur, lazımınca gərək bu işi görüm. Bəs mən ağsaqqallara, xalqa nə cavab verim? Enki cavab verərək aramla mənə deyir, İtaətkar quluna - o bu cürə söyləyir:”
“Sən onların önündə belə nitq irad elə. De bilirəm ki, Enlil mənə nifrət bəsləyir. Onunçun bu şəhəri biryolluq tərk edirəm, Enlilin torpağından birdəfəlik gedirəm. Mən hökmdar Enkinin yanına enəcəyəm, ümmana gedəcəyəm”.
Tufan haqqında sorağı Enki Ubar-Tutunun oğlu Utnapiştimə belə çatdırır. O da bir gəmi düzəltdirir. Nəyi varsa hamısını gəmiyə yükləyir, hər canlıdan da bir cüt götürüb bütün canlıların həyatını xılas edir. Burada bir məsələ məni çox düşündürür: Tufan xəbərini Utnapiştimə niyə məhz Enki çatdırır, başqası yox? Çünki insanların atası Enkidir. Sonra görəcəyik ki, ilk insanları məhz Enki yaradıb. Miflərdə açıq-aydın göstərilir ki, insanın yaranmasında Enki ata başlanğıc, Nintu/Ninxursaq/Ninmax ana başlanğıc olub. İlk insan bu ata-ana başlanğıcının evliliyindən doğulub. Ona görə Enki öz övladlarının məhv edilməsinə razı olmayıb.
Enkinin evi Absu/Xəzər dənizinin içində olub. Bura Bakıya çox uyğun gəlir. Toponimlər bölməsində görəcəyimiz kimi, Azərbaycandakı onlarla yer adları və Qobustan mədəniyyətinin qədimliyi də, ilk insanın Azərbaycanda 2, 0-1, 5 milyon il bundan öncə yaşadığı da bu fikri təsdiqləyir. İkiçayarsındakı Eridu şəhərin-də onun ikinci evi olub. Bu, Qobustandan sonrakı dövrə aiddir.
Şumer miflərindən görünür ki, Enlil və Enki doğma qardaş deyillər. Ataları An, anaları isə Antu və Nammudur. Enlil hələ yerə gəlməmiş öz bacısı Ninqursaqla evlənib, ondan Ninurta adlı oğlu olub. Lakin bu evlilik kəbinlə rəsmiləşdirilməyib, Enlil yerdə qanuni olaraq Ninlillə evlənib.
Enlildən sonra Ninqursaq heç kəsə ərə getməyib. Enki bundan istifadə edərək bacısı ilə evlənib ki, ondan oğlu olsun. Lakin Enkinin Ninqursaqdan oğlu yox, qızı doğulub. Enki oğlu olmaq üçün öz bacısından doğulmuş qızıyla evlənib, yenə doğulan uşaq qız olub. Enki bütün bunları ona görə edirdi ki, vərəsəliyi Enlildən alsın.
Enkinin bir neçə arvaddan çoxlu oğlanları olub: Xıdır (Marduk), Nerqal, Qabil, Ninaqal, Dumuzi. Bunlardan Xıdır və Nerqalın Enkinin halal arvadı Ninkidən doğulduğu bəllidir. Dumuzini isə Bilqamısın anası Ninsun doğub. Qabil və Ninaqalın anaları bilinmir. Bəzi miflərə görə, Ningişzid Enlilin nəvəsidir. Başqa mifə görə, Ningişzid Enkinin Ereşkiqaldan olan oğludur. Guya bir dəfə Ereşkiqal Enkinin gəmisinə minib və ondan Ningişzidə hamilə qalıb.
İlk insanları tanrılar özlərinə oxşar yaratdılar, onlara ağıl, düşüncə, bacarıq, istedad verdilər. İnsanlar bunların sayəsində müdrikləşdilər. Bütün başqa şeylər kimi, müdriklik də göydən gətirilib. Onu Enki özü gətirib, çünki o göydə hələ tanrılar panteonunda elmə, mədəniyyətə, incəsənətə, sənətkarlığa və s. rəhbərlik edib. Yerdə ilk insanı Enki yaradıb, daha doğrusu, ilk insanın atası Enki, anası Ninti (Ninmax) olub. Enki həm tanrı, həm də ata kimi öz biliklərini övladlarına - insanlara öyrədib. Şumer yazılı gil lövhələri arasından tapılmış Adap haqqındakı mifin mətnindən aydın görünür ki, Adapa hər şeyi Enki öyrədir, təlimatlandırır və ona müdriklik verir.
“İnanna və Enki” adlı mifin mətnində isə başqa bir fakt haqqında geniş bilgi var. Bu mifdən bəlli olur ki, Enkinin əlində Me adlanan yüzlərlə əşyalar var ki, elmin, mədəniyyətin, səhiyyənin, incəsənətin, sənətkarlığın, evdarlığın, bütün yemək-içməklərin, hətta tanrıların və insanların, ola bilsin ki, insanların doğulmasının da sirləri onlarda yazılıb. O zaman tanrılar qanadlıydılar və uçurdular. Bu uçuşun sirləri də həmin Melərdə saxlanırdı. Şumer tanrıları bu gün bizə bəlli olan və olmayan bütün kosmik sirləri bilirdilər. Onlar on iki planet tanıyırdılar, ili on iki aya bölmüşdülər. Hər ay bir bürcə uyğun gəlirdi. O bürclərə şumer tanrıları adlar qoymuşdular. İllərə on iki heyvan adının uyğunlaşdırılması illərin on iki ildən bir təkrarlanması ilə bağlı idi.
Şumerlərin ilk müəllimləri öz tanrıları-birinci növbədə Enki olub. İlk insanlar bütün bildiklərini ilk müəllimləri Enkidən öyrənmişdilər, çünki göydən gətirilmiş sivilizasiyanın açarı onun əlindəydi. Enkinin şumer miflərindəki epitetlərindən biri də Nudimmuddur. Bu sözün mənası “nadir, qiymətli, gözəl şeylərin yaradıcısı” deməkdir. Bu epitetin özü də Enkinin müdrikliyindən doğub. O bütün nadir, gözəl şeylərin mahir ustası, yaradıcısı olub.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru