Rəfiqə xanımın “Dolu”su ətrafında düşüncələr Mədəniyyət

Rəfiqə xanımın “Dolu”su ətrafında düşüncələr

Dünənin oxucusu - bu günün qəhrəmanı

Söz yerinə çəkər. Heyrət və təəccüb içərisindəyəm. Aman Allah, gördüklərim, zəncirvari calananlar nə idi - təsadüfmü, yoxsa hansısa görünməz qüvvənin məni masa arxasına keçib duyğularımı qələmə almağa sövq edən zərurət?! Elə bil, dağ arana köçmüşdü. Qəfil şimşək çaxdı, sonra şıdırğı dolu yağdı. Ara sakitləşəndə televizoru açdım. Orada da doludan söhbət gedirdi. "Ovqat" verilişini mahiyyətcə AzTV-dən özü ilə "Xəzər"ə transfer etmiş sevimli aparıcı xanım tələbəlik illərindən tanıdığım Aqil Abbası (titulları oxuculara bəlli olduğundan sadalamağa ehtiyac görmürəm) sual yağışına tutmuşdu. Söhbət həmkarımızın ekranlaşdırılmış "Dolu"sundan gedirdi. Zənnimcə, müəllifə zəhmət vermədən də veriliş boyu canlandırılan süjetlərdən, obrazlardan, yaşantılardan suallara cavab tapmaq olardı.
Qarabağ döyüşlərinin qəhrəmanlarının ümumiləşdirilmiş surətləri yenə "Cəngi" ab-havasını yaşatdı, nisgilli qəlblərə su çilədi, tamaşaçılara təsəlli oldu, bir daha nikbinlik təlqin etdi. Sonda yatan dolu ətalətə meydan oxudu, yorğunluğu, üzgünlüyü silkələdi:
Bir qədər öncə mütaliəsini başa vurduğum kitaba nəzər salıb gülümsədim. O da "Dolu" idi. 76 yaşlı Rəfiqə ananın "Dolu"su. On dörd il əvvəl işıq üzü görmüş kitabın müasirliyi günümüz üçün də əhəmiyyətinə diqqət çəkirdi. Hərçənd müəllif də, biz də Qarabağ həsrətinin, hicrətinin bu qədər uzanacağını xəyalımıza gətirməzdik. Annatasiyada deyilirdi: kitabda müəllifin uşaqlar üçün yazdığı maraqlı hekayələr toplanmışdır. Erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlər və uşaqlarımızın qəlbində alovlanan mübarizə ruhu hekayələrdə öz bədii ifadəsini tapmışdır. Bu yazılar uşaqlara Vətəni sevməyi, onu qorumağa, daim sayıq olmağa, el yolunda fədakarlıqdan çəkinməməyə çağırır".
Bəli, hekayələr övladlarımız, nəvələrimiz üçün yazılıb, biz böyüklərin isə surətlərdən, səciyyələndirmədən, mühakimələrdən görüb-götürəcəkləri kifayət qədərdir.
"Dolu" R.Məmmədovanın yenidən vərəqlədiyim 15-ci kitabı idi. Necə təsirlənmişdimsə, istədim ona istinad edib çoxdan bəri ünvanladığı "mənim balam, uşaqlar üçün yazmaqda davam etsəm yaxşıdır, yoxsa, böyüklərə" sualını konkret cavablandırım. Qəti şəkildə "şirin-şəkər balalar üçün" deyim.
Bilirsiniz, tale Abdulla Şaiq, Mirvari Dilbazi, Hikmət Ziya, Məstan Əliyev kimi uşaq ədəbiyyatı zirvələrinə qıydıqdan sonra ikinci və üçüncü nəsil nümayəndələrinin sıralarını da sərt darağı ilə seyrəkləşdirib. Gedənlər çox, qalanlar az. Kövrək, həssas balaların dünyasında duruş gətirmək, hər yazarın hünəri deyil. Müasir uşaq ədəbiyyatımızın acınacaqlı, yetim durumuna Yazıçılar Birliyinin hesabatlarında həyəcan təbili səslənib. Doğrudur, istedadlı gənc yazarlarımız, uşaq dünyasına sözü-sənəti ilə səyahətə çıxanlarımız var. Fəqət hələlik sayları ilə öyünə bilmərik. Bəs, Rəfiqə xanımın bu çevrənin söz, nüfuz sahiblərindən olması qəti fikir söyləməyə əsas vermirmi?
Rəfiqə Məmmədovanın çapdan çıxan 14 kitabından 11-nin uşaq ədəbiyyatına aid olmasından da bu məntiq boylanmışdı. "Dostluq"da, "İnam"da, "Güllü kəpənəkli bağ"da, "Dağlar qızı Lalə"də, "Uğurlu yol"da və başqalarında cəmləşən povestlərini, hekayələrini, nəğmələrini, tapmacalarını, digər janrlardakı yaradıcılıq nümunələrini həmin kitablaradək ötən əsrin 70-ci illərindən bəri "Göyərçin", "Pioner", "Günəş" jurnallarında, "Xalq qəzeti", "Bakı", "Azərbaycan gəcləri", "Mədəniyyət", "Şərq qapısı", "Araz": qəzetlərində mütaliə etmişdim. Oxumuşdum və maraq doğurmuşdu.
Yadıma düşdü ki, Rəfiqə xanım "Könül", "Şahin balam" romanlarının, "Şəfəq müğənnisi" povestinin də müəllifidir. Azərbaycan Dövlət Radiosu onun kiçik həcmli əsərləri ilə yanaşı həmin kitablarının bədii qiraətini yayımlayıb.
Ölkə daxilində və xaricində radioya axışan məktublarda bunların təkrar səsləndirilməsi xahiş edilib. Söz sənətimiz isə məhdudiyyətlərdən daim ziyan çəkib. Kamil, gözəl əsərlər yazara ilham pərisinin töhfəsidir. Qapın döyüldü, görək əldə kağız-qələm hazır dayansın.
Yenidən "Dolu" ilə üzbəüz qaldım. Kitabdakı portretini bir xeyli seyr etdim. Cizgiləri nə qədər doğma idi. Lap doğma anama bənzəyirdi?! Yəqin İlahi abırlı, ismətli, dözümlü, nikbin analarımıza belə alın cizgilərini ona görə bəxş edib ki, əzab-əziyyətlərini, qayğılarını orada el gözündən gizlədə bilsinlər. 1938-ci il avqustun 21-də Cəbrayılda anadan olan Rəfiqə cəmi üç il atası Allahverənin üzünü görüb. Cəbhədən "qara kağızı" gələndə anası ilə Füzulidəki doğmalarına sığınıb. Orta məktəbi Zəngilanda bitirib Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinin məzunu kimi 12 il Bakı Yeyinti Sənayəsi Texnikumunda dərs deyib. Sonra ailə, övlad, nəvə qayğıları, uzun illərin səmərəli, məhsuldar yaradıcılıq yolu. İstedadlı jurnalist olacağı barədə proqnozların bu kontekstdə özünü doğrultmaması, R.Məmmədova klassik analarımız kimi ailə, uşaq xöşbəxtliyini fərdi şöhrətdən üstün tutub. Tale əvəzində onu Vətən, cəmiyyət üçün gərəkli, ləyaqətli övladlar, nəvələr və oxucu məhəbbəti ilə mükafatlandırıb.
Budur, televiziya Azərbaycan əsgərinin, zabitinin azğın erməni işğalçılarına yaxşıca dərs keçdiyini, onlarca qəsbkarın məhv edildiyini xəbər verir. Bir anlığa düşmənə yerini göstərən, Vətən yolunda şəhid olan döyüşçülərimizin simaları göz önündə canlanır. Yəqin onlardan kimsələrsə, nə vaxtsa Rəfiqə xanımın "Dolu"sunu oxuyub. Bəlkə onları uğurlu kəşfiyyata aparan döyüşçü sərrast atıcı Novruz kişinin nəvəsi, üçrəngli velosipeddə gəzən və "balaca kəşfiyyatçı" adlandırılan Muradın özüdür ("Balaca kəşfiyyatçı"). Yəqin 6 yaşında valideynlərinin gözündən yayınıb hospitalda qan verməyə gedən, bunun üçün orada israr edən Orxan da günümüzün reallığına biganə qalmazdı. "Orxan" hekayəsinin qəhrəmanının bu nümunəsi yaralı əsgərə aldığı xəsarəti unutdurur. "Yaralıydım! Yaramı sən sağaltdın! Orxan sağaltdı! Belə oğulları olan Vətən basılmaz" - deyir.
Yaxud, çörək növbəsinə dayanan uşağın "qaçqınsanmı" sualından qeyzlənərək keçirdiyi hisslərə diqqət yetirək: "Mən didərgin olmaq istəmirəm! Səkkiz yaşım var! Böyük oğlanam! Döyüşçülərə qoşulmalıyam" ("Qaçqın olmaq istəmirəm"), "Qonşu üzü güzgüdür" hekayəsində rəssamın yaratdığı "Bir şaxtalı fevral gecəsi" uşaqlara qəzəbli anları yaşadır. Ağsaqqal Fərəc kişi onların ürəyindən keçənləri oxuyur: "Qəşəng şəkil çəkmisən. Dava da qurtaracaq, biz də qalib gələcəyik! Sən bunu gələcək nəslə yaddaş üçün saxlayarsan! Bu da mübarizədir!"
Qələbəyə inam, doğma torpaqların düşmən tapdağından təmizlənəcəyi Rəfiqə xanımın "Dolu"su kimi digər əsərlərinin də aparıcı xəttini təşkil edir. 20-22 il əvvəl İbadlar, Allahverdilər, Əliflər və başqaları döyüş bölgələrində misilsiz qəhrəmanlıq nümunələri ilə sözlərini dedilər. İndii növbə "Dolu"ya baxanların, "Dolu"ları oxuyanlarındır.

Rəhim Hüseynzadə,
Azərbaycanın əməkdar jurnalisti