Bu yolda hasilim tək əzab olur... Mədəniyyət

Bu yolda hasilim tək əzab olur...

Azər Buzovnalı lirikasının özülünü qəzəllər təşkil edir

Milli ədəbiyyatımız bütün dövrlərdə xalqın həyat tərzini, milli tarixini, düşüncə və ideoloji fikrini, baş verən müxtəlif tarixi-ictimai hadisələri, mədəni dəyişiklikləri dərindən və geniş şəkildə əks etdirib. Bu mənada XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda və qonşu regionlarda baş verən həm ictimai-siyasi, həm də mədəni inqilabların, yeniliklərə təkan verən proseslərin milli ədəbiyyatımızda əks olunması müxtəlif ədəbi istiqamətlərin, cərəyanların formalaşmasına və müəyyənləşməsinə səbəb olub. Bu dövrdə bir sıra şair və yazıçılar mütərəqqi və bəşəri ideyalarla zəngin olan bədii irsləri ilə ədəbiyyatımızda yeni cığırlar açırdılar.
Bu dövrün yetişdirdiyi şairlərdən biri olan Azər Buzovnalının yaradıcılığının müxtəlif aspektlərdən - həyat və yaradıcılığı, tərcüməçilik fəaliyyəti, müxtəlif janrda yazdığı əsərlərin xüsusiyyətləri, müxtəlif şəxslərin ədəbi mühitə qədəm qoymasındakı rolu və s. məsələlərin araşdırılması şairin yaşadığı dövrün ədəbi mühitinin tədqiqində xüsusi əhəmiyyət kəsb edir. Onun lirik yaradıcılığı müxtəlif janrlara bölünərək tədqiqat obyektinə çevrilə biləcək qədər zəngin və rəngarəngdir. Şairin yaradıcılığının dolğun və əhatəli hissəsini məhz onun lirik-aşiqanə məzmunlu şeirləri təşkil edir. Azər Buzovnalı lirikasının özülünü təşkil edən qəzəlləri ilə daha çox tanınsa da, şair klassik ədəbiyyatın təsiri ilə şeirlər yazan bəzi dövrdaş qələm əhlindən fərqli olaraq, yalnız məhəbbət mövzusu ilə kifayətlənməyib, ictimai-fəlsəfi, ümumbəşəri məzmunlu qəzəllər də qələmə alaraq dövrünün aktual problemlərini yaradıcılığında güzgü kimi əks etdirməyə müvəffəq olub.
Azər Buzovnalı klassik şeir örnəkləri ilə yanaşı heca vəznli şeirlərdə də öz bədii təxəyyülünü əks etdirib. Klassik üslubda rəvan və axıcı şeirlər müəllifi olan Azər heca vəznində yazdığı şeirlərdə həm təbiət gözəlliklərini, saf məhəbbəti, həm də dövrünün ictimai-siyasi mənzərəsini tərənnüm edib. Həyatının müxtəlif dövrlərində, istər erkən gənclik çağlarında, istərsə də ömrünün ahıl yaşlarında şifahi xalq ədəbiyyatının nümunələrindən, zəngin folklor irsimizdən təsirlənərək yazdığı heca vəznli şeirləri, qoşmaları mövzu və ideya baxımından müxtəlifdir, rəngarəngdir. Belə ki, şair klassik poeziya nümunələri ilə öz şairanə məharətini nümayiş etdirməklə kifayətlənməyib, həm də xalq ədəbiyyatı əsasında formalaşan janrlarda da qələmini sınayaraq şeirlər yazıb. Onun yaradıcılığının müəyyən dövrlərini tədqiq edən alimlərdən biri olan M.Sultanov bu haqda yazır: "Şair əsərlərini əsasən əruz vəznində yazıb, lakin onun heca vəznində də əsərləri yox deyil. Xüsusən şairin vaqifanə qoşmaları öz səlisliyi və lirikliyi ilə nəzəri cəlb edir". Şairin heca vəznli lirik yaradıcılığına toxunan A.Zeynalzadə, erkən yaşlarından şeir yazmağa həvəs göstərən Azərin bir müddət xalq ədəbiyyatı səpkisində də qoşmalar yazdığını qeyd edir.
Ümumiyyətlə, müxtəlif dövrlərdə şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətinin müxtəlif istiqamətlərini araşdıran alimlər Azərin əsasən yaradıcılığının ilkin dövrlərində heca vəznli şeirlərə müraciət etdiyini qeyd edirlər. Lakin şairin əlyazmalarını araşdırdığımız zaman ömrününün ahıl çağlarında da bu növ şeirlər qələmə aldığının şahidi oluruq.
A.Buzovnalının AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi fondunda qorunan avtoqraf şeir dəftərlərinin əksəriyyətində şair hər bir şeir nümunəsinin altında qələmə aldığı tarixi qeyd edib ki, bu da onun təkcə gənc yaşlarında deyil, qocalıq dövründə də heca vəznli şeirlər yazdığını göstərir. Məsələn, fond 12, s.v. 9 şifrəsi altında qorunan "Könlüm istər danışasan, güləsən" misralı, "Gözəl qız", "Yox-yox", "Olsam da bir, olmasam da bir", "Qocalıq" rədifli şeirlərin sonundakı tarixlər yuxarıda qeyd edilən fikirləri sübuta yetirir.
Onun əlyazmaları, nəşr edilən müxtəlif məzmunlu şeirləri ədəbiyyatımızın müxtəlif janrlarına məxsus ənənələri əsərlərində vəhdət halında yaşadan, həm klassik, həm də şifahi xalq ədəbiyyatını əhatə edən bədii nümunələrdir. Şairin ideyalarının, təfəkkür tərzinin incə təcəssümü olan bu əsərləri XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında Azərbaycan ədəbi mühitinin əksidir. A.Buzovnalı heca vəznli şeirlərə müraciət etməklə çevrəsində cərəyan edən hadisələri, o cümlədən, cəmiyyətdəki müxtəlif ictimai-siyasi prosesləri, mənəvi hisslərini, aşiqin hicran və vüsal dəmindəki duyğularını, dövrə və zəmanənin insanlarına qarşı içərisində tüğyan edən üsyanlarını dolğun şəkildə, xalqın anlaya biləcəyi dildə və qavrayacağı tərzdə canlandıra bilib.
A.Buzovnalının qoşmalarında cəmiyyəti narahat edən məsələlər, ictimai fikirlər qüvvətli və aktualdır. Sadə dildə yazılmış qoşmalarda şair həm dövrünün insanlarını, həm də müxtəlif ictimai-siyasi dəyişikliklər, mədəni inqilablar xaosunda yaşayan xalqın təmsilçisi olaraq öz arzularını, hisslərini də təsvir edib. Bu baxımdan şairin xalq ədəbiyyatının ən mükəmməl və praktik növü olan qoşma janrına müraciət etməsi və bu janrda qələmini sınaması təsadüfi deyil. Şair bu şeir növündən istifadə edərək yaşadığı mühitin daha real mənzərəsini yaratmağa çalışırdı. Ədəbiyyatşünaslıqda qoşmanın lirik yaradıcılıq sferasında bədii üslub cəhətdən mövqeyi haqqında olan fikirləri ümumiləşdirərək P.Kərimov lirik poeziyanın yeni, realist istiqamətdə inkişaf etməsində klassik ədəbiyyatın kanonlarının, ənənəvi obraz-üslub sisteminin pozulmasında, fərdi üslub konsepsiyasının bərqərar olmasında həyat hadisələrini, insan hisslərini hərtərəfli əks etdirməyə imkan verən, aşıq şeirinin ən universal və çevik janrı qoşmanın rolunun böyük olduğunu qeyd edir.
A.Buzovnalı heca vəzninin bütün meyarlarına, ölçülərinə riayət etməyə çalışıb. Bu baxımdan onun fond 12, s.v.9 şifrəsi altında saxlanılan qoşmalarından örnəkləri nəzərdən keçirək:

Eşqü qismətim ruzi-əzəldən,
Dilşad olsam da bir, olmasam da bir.
Çəkdiyim cəfadır hər bir gözəldən,
Mütad olsam da bir, olmasam da bir.

Gözümün yaşilə bəslənən şəcər,
Verməyir hasili-kamına səmər,
Çəkdiyim zəhmətlər həp olur hədər,
Bu yolda hasilim tək əzab olur.

Məhəbbət mövzusunda yazan şair cananın ona verdiyi əzablardan, düşdüyü durumlardan, əhatəsindəki insanların onun sevgi yolundakı çəkdiyi əziyyətlərinə biganə qalmasından dərin təəssüf, həzin bir duyğu ilə bəhs edir. Ümumiyyətlə, onun məhəbbət hissləri ilə yoğrulan qoşmalarının əsas lirik qəhrəmanı dərdli, lakin eşqinə, sevdasına sadiq, bəzən bədbin, bəzən də eşq oduna yanmasından usanmayan, bununla fəxr edən bir aşiqdir. Azər o aşiqin timsalında həm də özünün daxili aləmini, mənəviyyatını və nəhayət, qəlbinin incə tellərini riqqətə gətirən ümidlərini, arzu və istəklərini oxucuya çatdırıb, onu düşünməyə sövq edib.
Şairin qələmə aldığı müxtəlif məzmunlu qoşmalar həm qafiyə quruluşu, həm də hecalarının, bəndlərinin müəyyən sayda olması, möhürbəndlərin yazılması kimi şifahi xalq ədəbiyyatının bu növünün ənənəvi xüsusiyyətlərini əks etdirmək baxımından da diqqəti cəlb edir. Şairin qoşmalarının mühüm hissəsi gözəlliyin təsvirinə həsr olunub. O, həm özündən əvvəl, həm də dövrünün söz sənətkarlarının tez-tez müraciət etdikləri təşbehləri, simvolik obrazları, orijinal ibarələri, xarici və batini gözəlliyi əks etdirən epitetləri öz fərdi poetik dil üslubuna uyğunlaşdıraraq şeirlərində ən yüksək zövqlə ifadə edib. Şairin istifadə etdiyi "sərv boylu", "şirin dəhən", "simintən", "ahu gözlü", "kirpiyi ox", "qaşı kaman" və s. ifadələr onun qoşmalarının əsas bədii təyinləri kimi şairin ruhunu oxşayan gözəlin daha qabarıq şəkildə insan təxəyyülündə canlanmasına rəvac verir:

Dedim qaşın kaman, kirpiyin oxdur,
Dedi, batil güman, öylə şey yoxdur.
Dedim sənin kimi gözəllər çoxdur,
Həpsi böylə şeymi, söylədi yox, yox.

A.Buzovnalı gözəlin daxili və xarici gözəlliyini daha dolğun təsvir etmək üçün onu təbiətin bənzərsiz varlıqlarının gözəlliyi ilə müqayisə edir, qələmə aldığı ifadələrlə hər bir varlığın öz incəlik və gözəlliyini qurban verməsi, hər bir yaradılışın yenidən təbiətə dönməsi ilə qarşılaşdıraraq, sanki sevgilisinə həyatın fəlsəfəsini anladır, bir növ ibrət dərsi verməyə çalışır.

Yolunda başıma yağsa da daşlar,
Fərəhimdəndir axan gözümdən yaşlar,
Anlamaz bu zövqü sevdasız başlar,
Bu sevdadan xali olmasın başım.

Şairin heca vəznli şeirlərində cinas sözlərdən ibarət təcnislərə də rast gəlinir. Məlum olduğu kimi qafiyə təşkil edən sözlərin müxtəlif mənalar daşıması təcnisin əsas şərtlərindəndir və şeirdə belə qafiyyələri yaratmaq şairdən xüsusi istedad və yüksək sənətkarlıq tələb edir.

Könlüm istər danışasan, güləsən,
Bənzəyirsən iki açmış gülə sən...

Bu misralarda forma cəhətdən eyni olan, lakin intonasiyasına görə fərqlənən "güləsən" və "gülə sən" sözləri cinas qafiyə təşkil edib. Şair Azərbaycan ədəbiyyatı tarixində heca vəzninin sənətkarlıq xüsusiyyətlərindən bəhrələnib, lakin yaradıcılığında əsasən 11 hecalı şeir nümunələri yaradıb.

Açılsa naz ilə dərci-dəhəni,
Dür saçar ləbləri gəlincə sözə,
Axdırar qaməti sərvü çəməni,
Soldurar gülləri gəlsə yüz-yüzə.

Göründüyü kimi 11 hecadan ibarət müxtəlif məzmunlu şeirlərdə sevgili cananın məftunedici gözəlliyinin tərənnümü əks olunub. "Mən qaldım" rədifli şeirdə şair yaşadığı dövrü, ömrünün son günlərini, dost-tanışlarının onu və fani dünyanı tərk etməsini, pərişan halını, məyusluğunu təsvir edir, digər tərəfdən vaxtilə səmimi münasibətdə olduğu qələm dostu, sirdaşı Səməd Mənsurun ölümünü dərin hüznlə yad edərək yazır:

Az qalmış altmışa yetişsin yaşım,
Qocaman dağlar tək ağarmış başım,
Köçüb getdi bir-bir hamı sirdaşım,
Bu dar fənada tənha mən qaldım.

Azər Buzovnalı nikbin ruhlu bir şair olub. Yaradıcılığında ruh yüksəkliyi, həyata bağlılıq, hər bir qaranlıq gecənin sonunda sübh şəfəqlərinin varlığına ümid və inam əsas motivlərdəndir. Azər Buzovnalı milli ədəbi ənənələri və Azərbaycan dilinin zənginliklərini əsərlərində qabarıq şəkildə tərənnüm edib.

Könül Bağırova,
Araşdırmaçı