Şəhriyarın vəfatından 26 il ötür Mədəniyyət

Şəhriyarın vəfatından 26 il ötür

Məlihə Əzizpur: "Fars dili və ədəbiyyatı qarşısında Türkcə illər boyunca susarkən çağdaş türk ədəbiyyatının böyük şairi Şəhriyar yetişdi"

Dünən məşhur "Heydərbabaya salam" poemasının müəllifi,
Bütöv Azərbaycan həsrətlisi Məhəmmədhüseyn Şəhriyarın vəfatından 26 il ötdü. Onun haqqında çox yazılıb, bundan sonra da yazılacaq. Bu gün gənc güneyli yazarların qələm nümunələrində istər-istəməz Şəhriyarın təsiri duyulmaqdadır.
Güneyli şairə-publisist Məlihə Əzizpur yazır ki, "XX yüzilin başlarından etibarən rus istilaları nəticəsində Azərbaycan ədəbiyyatı iki qola ayrıldı. Bunlardan Quzey Azərbaycan ədəbiyyatı rus etgisi altında formalaşarkən, Güney Azərbaycan ədəbiyyatı da klassik çərçivə içində sönükləşib, bir təqlid ədəbiyyatı halını aldı. Bunun yanı sıra xalq ədəbiyyatı çox canlı formada təkamülünü sürdürməkdə olub. Aşıq şeirinin yanında xalq dastanları, nağıllar, lətifələr, tapmacalar və bayatı kimi sözlü ədəbiyyat türləri irəli səviyyədə olub. Klassik ədəbiyyat getdikcə zəifləməklə yanaşı özəlliklə Güney Azərbaycanda davam edib.
...Bizim şeirimiz Məşrutə dönəmindən bu yana toplumsallaşmaqla yanaşı, çağdaşlaşıb, ancaq bütövlüklə modernləşə bilməyib. Güney Azərbaycanın yeni şeiri Həbib Sahir ilə başlayıb. Yəni Həbib Sahir yeni şeirin ortaya çıxmasında ilk addımlar atıb, cəsarətli şeirlər yazıb. O, keçmişə tənqidlə baxan şairlərimizdən oldu. Bu son 60 il sürəsində İranın çoxlu şairləri həmfikir və düşüncə baxımından, həm də forma baxımından Sahirdən etgiləniblər. Yəni XX yüzildə Güney Azərbaycan ədəbiyyatının böyük simalarından biri Həbib Sahir olub ki, Türk dünyasında da önəmli şairlərdən birisi sayılır. İranda fars dili və ədəbiyyatı qarşısında, Türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyarın yaradıcılıq dönəmlərindən ən son və önəmli mərhələ 1950-72-ci illərdir. O, bu illər arasında Türk dilində olan şeirlərini və bir sözlə, onu dünya şairi kimi tanıtdıran əsərlərini yaratdı: "Heydər Babaya salam" (1954), "Türkün dili" (1969), "Məmməd Rahimə məktub" (1967), "Səhəndiyyə" (1967-70). Şəhriyar romantik və gerçəkçi bir şairdir. O, şeirlərinin qonusunu gerçək həyatdan alıb, xalqın anlaya biləcəyi sadə və doğal bir dildə ifadə etmişdi. Onun söz xəzinəsi geniş olduğu üçün deyimlərə də geniş yer ayırıb və xalq ədəbiyyatındakı axıcı və sadə üslubu baharı ilə qullanıb. Şəhriyar İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini, "Heydər Babaya salam" əsəri ilə əbədi olaraq ayağa qaldırıb, başını göylərə çatdırdı".
Rəssam Fəxrəddin Əlinin Şəhriyarın əsərlərinə, həmçinin məşhur "Heydər babaya salam" poemasına çəkdiyi çoxsaylı miniatürləri diqqəti xüsusilə cəlb edir. 1979-cu ildə "Yazıçı" nəşriyyatı tərəfindən buraxılmış "Aman, ayrılıq" adlı şerlər və poemadan ibarət kitab oxucular arasında böyük rəğbət doğurdu. Şəhriyarın nisgilli, milli ruhu ifadə edən əsərləri Fəxrəddin Əlinin gözəl və məzmunlu miniatürlərilə müşayiət olunurdu. Ümumən rəssamın yaradıcılığında Güney Azərbaycan mövzusu xüsusi yer tutur: "1979-cu il idi. Əslən Güneydən olan Qulamhüseyn Beqdeli İrana getməyə hazırlaşırdı. Bunlar Güney Azərbaycanda tanınmış, həm də imkanlı bir nəsildirlər. O, axır ki, İrana getməyə müvəffəq oldu. Gedərkən ona Şəhriyarın yağlı boya ilə çəkdiyim portretini verdim ki, ona çatdırsın. Hələ Beqdeli yola düşməmişdən əvvəl belə bir təklif irəli sürdü ki, mən Şəhriyarın "Heydər babaya salam" poemasına miniatürlər çəkim. Həmin miniatürləri çəkdim, 25 miniatürün altından Beqdeli ərəb qrafikası ilə müəyyən parçaları ora yazdı. Bu kitabı çap etdirmək üçün çox çalışdıq. Amma bir səmərəsi olmadı. Hara gedirdiksə, deyirdilər ki, yox, belə olmaz, bizə inqilabi ruhlu şeirlər lazımdır. Yadımdadır, bizim söhbətimizə qulaq asan bir nəfər heç gözləmədiyimiz halda dedi ki, sabah o materialları "Yazıçı" nəşriyyatına gətirərsiniz. Sonra bildim ki, bu, mərhum Əjdər Xanbabayev imiş. Əjdər Xanbabayev materiallarla tanış oldu, söz verdi ki, bunu mütləq çap etdirəcək. Kitabı əski əlifbada çap etdirməyi qərara almışdıq ki, İrana göndərək, ancaq kiril əlifbası ilə buraxdılar. "Aman, ayrılıq" belə yarandı. O dövrdə bu kitabın çıxması böyük səs-soraq saldı. Artıq o zaman İranda şah devrilmiş, Xomeyni hakimiyyətə gəlmişdi. Bu zaman İrana getmək üçün məqam yaranmış, Qulamhüseyn Beqdeliyə Şəhriyara çatası miniatürlərin surətlərini, eləcə də portreti o tərəfə keçirməkdə mane olmuşdular. Axırda çarəsiz qalan Beqdeli deyib ki, mən birdəfəlik İrana gedirəm, bu, atamın portretidir. Həhayət, bu yolla Şəhriyarın portretini aparmaq ona müyəssər olub. Çoxlu əziyyətlərdən sonra gedib İrana çıxıb, Şəhriyarla görüşür. Mənə məktub yazdı. Orada bütün təfərrüatı ilə Şəhriyarla olan görüşünü təsvir etmişdi. Yazırdı ki, mən Şəhriyarla görüşə gedən vaxtı payız fəsli idi. Onun həyətindəki heyva ağacı başını hovuza əymişdi. Şəhriyar ikinci mərtəbədə ayaq üstə durmuşdu. Mən çıxdım yuxarı, ustadın əlindən öpdüm, qardaş kimi qucaqlaşdıq. Heçə ilin həsrətliləri sayaq hər ikimiz ağladıq, sonra içəri keçdik. Uzun söhbətdən sonra Şəhriyara dedim ki, Bakıdan Fəxrəddin Əli adlı bir rəssamın çəkdiyi portreti hədiyyə olaraq gətirmişəm. Şəhriyar əsərə böyük heyranlıqla baxdı. Dedi ki, əllərindən öpürəm. Mən indiyə qədər belə bir hədiyyə almamışdım. Bir gün Beqdeli ilə telefon danışığı zamanı xahiş etdim ki, Şəhriyarın telefon nömrəsini mənə versin. O zaman İranla danışmaq üçün gərək əvvəlcə Moskvaya zəng edəydin, xüsusi razılıqdan sonra İranla danışmağa icazə verilirdi. Moskvadan Tehranı, Tehrandan da Təbrizi aldılar, nəhayət, Şəhriyarla danışmaq mənə qismət oldu. O, adımı eşitcək çox mütəəssir oldu. Bakını görmək həsrətilə yaşadığını dilə gətirdi. Soruşdum ki, ustad, necəsiniz? Hiss etdim ki, əhvalı rəvan deyil. Dedim ki, sizin "Heydər babaya salam" poemanıza çoxlu miniatürlər işləmişəm. Halı barədə bunları dedi ki, quşum uçub, ağlım çaşıbdı. Uşaqlar xəstədir, kaş onların əvəzinə mən öləydim. O zaman Şəhriyarın həyat yoldaşı Əzizə xanım bərk xəstə idi. Mən ona cansağlığı dilədim. Şəhriyar 1989-cu il sentyabrın 17-də vəfat etdi. Dəfələrlə əlaqədar təşkilatlara Şəhriyarın dəfninə getmək məqsədilə icazə üçün müraciət etdim. Lakin zəhmətim boşa getdi. Bu məqsədlə Beqdeliyə müraciət etdim, o da mənə kömək edə bilmədi".
Güneyli yazar Səid Muğanlının fikrincə, Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni tənqid edirlər), ancaq Şəhriyar və Səhəndə bir rəğbət var: "Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması
onun xidmətidir".
Yazıçı-publisist Esmira Fuad bildirir ki, şair, dilçi alim-türkoloq Həmid Nitqi "Dildə, fikirdə, əməldə birlik" şüarını gerçəkləşdirmək uğruna çabalar göstərmiş, bütün dünya boyu sakinləşmiş böyük Türk millətinin bir-birini ortaq bir dildə danışıb anlaması naminə ömrünü fəda etmiş İsmayıl bəy Qaspıralının hələ XIX əsrin ikinci yarısında irəli sürdüyü "Vahid ədəbi dil sistemi"ni yaratmağın vacibliyini dərk edirdi: "Hətta bu məqsədlə 80-ci illərdə "İmla qaydaları" adlı məqalə yazaraq "Varlıq" dərgisinin əlavəsi kimi nəşr də etdirmişdi. Şəhriyarın Azərbaycan türkcəsində qələmə aldığı "Heydərbabaya salam" əsərinin xalq danışıq dilinə son dərəcə yaxınlığını xüsusi vurğulayan dilçi-alim Quzey Azərbaycanda illərdən bəri müvcud olan və geniş şəkildə tətbiq edilən imla prinsiplərini gözləməklə ərəb əlifbası əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir ədəbi dil sistemi, yazı üsulu da yaratmışdı. Həmin yazı üsulu - "İmla qaydaları" bu gün Güneydə və onun dışında yayımlanan "Varlıq", "Xudafərin", "Yaşmaq", "Güneyin səsi", "Ban" və s. kimi mətbu orqanlarda işlənməkdədir".
Araşdırmaçı daha sonra yazır: "Sərbəst şeirin ən gözəl nümunələrini yaradan bir şairin ...böyük Şəhriyarı nə üçün sevdiyini, qarşısında baş əydiyini həmin şairin məktubundan bir parça ilə sunuram: Mən Şəhriyarın türkcə şeirlərini zəif olduğu için sevməm (Təbii, bu, həmin şairin yanaşmasıdır, zatən mən ona yüz dəfə desəm ki, - "Heydərbabaya salam" poeması təkcə Güney, bütövlükdə Turan ellərinin ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında şah əsərlərdəndir, o, öz mövqeyində duracaq. Amma Şəhriyar irsini araşdıran bir elm adamı kimi bu əqidədəyəm ki, "Heydərbabaya salam", hələ üstəlik "Səhəndiyyə" poeması da dünya ədəbiyyatının şah əsərlərindəndir-E.F.), amma o adama baş əyərəm, çünki xalqına döndü və "gəldim öz şəhərimin Şəhriyarı (padşahı) olam, Tehran məni anlamadı, dedi. "Türkün dili tək sevgili, istəkli dil olmaz" deyə ana dilinə pasport verdi. O yabancı ölkəyə gedib oradan vətən sevmədi, Təbrizdə və Ulu Xaqaninin yanı-başında uyudu, hər gün yüzlərlə soydaşının türkcə düşünməsinə səbəb oldu."
Bu, örnək olası bir faktdır, deyilmi? Elə bu məqamda qeyd etmək yerinə düşər ki, böyük Şəhriyarın, Səhənd, Sahir, S.Behrəngi, Sönməz, Savalan, H.Nitqi, Ə.N.Oxtay və digər klassik söz ustadlarımızın, Ə.Alov, C.Bozorgəmin, N.Əzhəri, Ə.Səlami, H.Qaraçay, H.Şahbazi, Səhər xanım, M.Əzizpur və b. çağdaş şair və araşdırmaçıların səylərinə, bu yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu gün vahid ədəbi dil tam şəkildə formalaşa bilməyib. Əslində Güneydə də ziyalıların bir araya gələrək tutaq ki, Şəhriyarın "Heydərbabaya salam" adlı şah əsərini yaratdığı xalq danışıq dilini - Təbriz şivəsini əsas götürərək vahid sistemli ədəbi bir dilin formalaşdırılmasına nail olması mümkündür. Lakin bu məsələ hələ ki, açıq qalır və artıq vahid sistemli ədəbi dilin formalaşdırılması günün ən aktual tələblərindən biri olaraq sənət adamlarının daimi dartışma mövzusuna çevrilib".
Şəhriyarın məşhur "Azərbaycan" qəzəlini Azərbaycan türkcəsinə şair Fikrət Sadıq gözəl tərcümə edib.
Professor Qulamrza Təbrizi yazır ki, Şəhriyar insani eşqin ən sədaqətli xaliqidir: "Bu, bizim əsrimizdə ulu Füzulinin əbədiyaşar nəfəsinin dilə gəlməsi idi. Bir insan, söz sərkərdəsi kimi elə bir cazibə qüvvəsinə malik idi ki, ona sonsuz məhəbbət bəsləmək, ürəkdən sevmək üçün bircə görüş belə bəs idi".

Uğur