Suriyada türk dili və ədəbiyyatı təhsili başlayır Dünya

Suriyada türk dili və ədəbiyyatı təhsili başlayır

Suriyanın Dəməşq və Hələb universitetlərində türk dili və ədəbiyyatı bölmələri açılıb.

Xalqcebhesi.az-ın məlumatına görə, Suriya ali təhsil nazirinin müavini Əbdülhəmid əl-Haled Anadolu Agentliyinin (AA) müxbirinə bildirib ki, Türk Dili və Ədəbiyyatı Bölməsinin açılışı Türkiyə Ali Təhsil Şurasından olan nümayəndə heyətinin Dəməşqə səfəri zamanı imzaladığı razılaşmalara uyğun olaraq həyata keçirilib.

Sözügedən addımın sadəcə bir akademik bölmənin açılması olmadığına diqqət çəkən Haled, "Bu təşəbbüs iki ölkə arasındakı tarixi, mədəni və sosial əlaqələrin canlandırılması və təşkilati səviyyəyə daşınması baxımından əhəmiyyətlidir" deyib.

Haled, Türkiyənin Şamdakı səfirliyi və Yunus Əmrə İnstitutu ilə koordinasiya əsasında yeni kafedra üçün lazım olan tədris planı, müəllim heyəti və materialların təmin edildiyini, fakültələr üçün sinif otaqları və infrastruktur hazırlıqlarının da Suriya tərəfi tərəfindən tamamlandığını bildirib.

Müqavilələr çərçivəsində Türkiyə və Suriya universitetləri arasında tələbə mübadiləsi proqramlarının da həyata keçiriləcəyini vurğulayan Haled, "Türk dili Suriyada ikinci dil olaraq getdikcə əhəmiyyət qazanır. Bu addım iki ölkə arasında təhsil əməkdaşlığının təşkilati ölçüsünü gücləndirəcək" deyib.

Məryəm Quliyeva