“Dönməm geri…” Mədəniyyət

“Dönməm geri…”

Hüseyn Cavidin anadan olmasından 132 il ötür

Oktyabrın 24-ü Türk Dünyasının böyük şairi, bəşər mədəniyyətinin nadir simalarından olan Hüseyn Cavidin anadan olmasından 132 il ötür. Hüseyn Cavidin idealı insanlıqdır. O, ömrünü, yaradıcılığını, idrakını aşkarlaya bildiyi dərəcədə İnsanlığlı car çəkdi. Cavid haqqında danışmaq, yazmaq azdır, onun insanlıq idealı əsasında yaşamaq gərək. Bu, Cavidin də ömür verdiyi, inandığı həqiqətin vazkeçilməz tələbidir. Cavidin əsərlərində göyə yüksəlmək, insaniliyə yetmək çağırışı səslənir – inamlı, inadlı, ilahi… Cavidin aqibəti repressiya xofundan, mifindən üstün idi. O, aqibətini özü yaratdı əslində. Bu, gerçəkliyə sığmamaqdan irəli gəlirdi. Cavid insanlıq əqidəsinə sadiq qaldı. Bu, onun zamanın həşirçiliyindən, həqiqətsizliyindən yüksəkdə durmasının sübutu idi. Cavidin əsərlərinin yaşarılığını yaradan onun ləyaqətli yaşamıdır. Cavidin ömrünü Məna ölçüsündə yazan, öyən gərək, onun ağrılarını canlı, dərindən yaşayan gərək! Belə yaradıcıların obrazı ona görə gərəkdir ki, ulus, bəşər ölməsin, yaşamaq üçün özündə güc tapa bilsin. Ədəbiyyatımız Nəsimi-Füzuli-Cavid ənənəsindən yararlanmalı, özümlüyünü yaratmalı, hər cür özgəliklərdən imtina etməlidir.
"Şeyx Sənan" faciəsi insanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını ifadə edir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı başlıca yer tutur:
"Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur".
Şeyx Sənanı həqiqətə yetmək istəyi yandırıb-yaxır. O, eşqini qarşıda gözləyən fəlakətlərdən xəbərdardır.Zəhra ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın hüsnünün gözəlliyi, elmi-kamalının ucalığı ruhunun qeyri-adiliyindəndir.
"Şeyx, gəl-gəl!
Sevimli Sənan, gəl-gəl!
Sənə layiq deyil o yer, yüksəl!"
Bu, artıq Sənanın Xumarın örnəyində həqiqətin səsini eşitməsidir. Sənan bu halını kimsəyə anlada bilmir.
"Ər kişidə olur bir söz, bir məram,
Əzm eylədim məhv olsa aləm tamam
Dönməm geri, hər yana yol açıq".
Əslində Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan – "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir... Əslində Şeyx Sənan ucalığını Hüseyn Cavid özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini göstərdi. Şeyx Sənan – göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək – insanın öz daxili-mənəvi dünyasına baş vurmasıdır. Mütləq ədalətə, həqiqətə, ülviyyətə çatmasıdır. Cavid "Şeyx Sənan"da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə açıb göstərir. İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir. Ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir.
Cavid "Peyğəmbər" əsərində peyğəmbərliyin mahiyyətini dərindən duyub, ifadə edib. Peyğəmbərin peyğəmbərliyinin ilk illəri peyğəmbər halı kimi təhlil, təqdir olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib, amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir. Göy hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə kitabı qılıncla əvəz edən peyğəmbərin halı Cavid qələmində ruhani duyum ustalığıyla açılır.
Cavidin Səyavuşu ülvi, müqəddəs duyğular yiyəsidir. Göy hökmü, Göy çağırışı düşür göy İnamlı Səyavuşun aqibətinə. Səyavuş da göy idrakına yüksəlir, yetir, göy inamına layiq bilinir. Həsrət göyünə yüksəlir Səyavuş: dərd çəkir, dərdə calanır. Oxu daşa dəyir göyinamlıların – göy həsrətilə yana-yana qalırlar. Göysüzlər yazırlar göylülərin aqibətini: hərcayilik, insansızlıq törədirlər. "Uçurum"da insan faciəsi bütün çılpaqlığı ilə açılır.
Cavidin "İblis"indəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır.
Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər. Cavid haray çəkir: İblisləşən Yerdə xurafat göysüzlüyü yaranıb. İblislik – İnsansızlıqdan yaranır. Cavidin qəhrəmanları ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa, öz iradi imkanlarına inanmayanlara qarşı vuruşurlar. Cavid "Topal Teymur"unda fatehliyin faciəsini dahiyanə şəkildə açıb göstərir. Şair demək istəyir ki, Teymurlar həqiqət, ədalət, ülviyyət dağını fəth edə bilmirlər; zorla ürəklərə yiyələnmək istəyirlər, ancaq bacarmırlar.
Hüseyn Cavidin ev muzeyi Bakı şəhərində daimi olaraq yaşadığı ünvanda – 1920-1937-ci illər arası ömür sürdüyü İstiqlaliyyət küçəsi 8 saylı binanın 3-cü qatında yerləşir. Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən 3 muzeydən biridir. Muzeyin yerləşdiyi bina milyonçu Hacı Zeynalabdin Tağıyevin şəxsi təşəbbüsü və himayəsilə memar İ.Qoslavskinin layihəsi əsasında 1898-1901-ci illərdə tikilib, müsəlman qadın məktəbi üçün nəzərdə tutulub. Məktəb 1918-ci ilədək fəaliyyət göstərib. 1920-30-cu illərdə burada Darülmüəllimin (pedaqoji məktəb), 1930-cu ildən sonra Mərkəzi İcraiyyə Komitəsi, hazırda isə MEA Füzuli adına Əlyazmalar İnstitutu yerləşir. Muzeydəki bir məqam diqqəti məkir: lövhədə tanınmış sənətkar Seyfəddin Məmmədvəliyev tərəfindən Cavidin əsərlərinin qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb. Səhnə bu sözlərlə başlayır: "Dünya qoca bir səhnə demək". Bu adların aşağısında divar boyu fotolar var. Bunlar onillər ərzində Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında səhnələrimizdə görünmüş Cavid qəhrəmanlarını əks etdirən şəkillərdir. Elə bu lövhədə 20-30-cu illərdə Bakı teatrlarında oynanmış Cavid tamaşalarına çağıran afişaların orijinalları asılıb.
Eləcə də burada Hüseyn Cavidin sağlığında ərəb və latın qrafikası ilə nəşr edilmiş əsərləri, H.Cavidin bəraətdən sonra işıq üzü görmüş müxtəlif dillərdə olan kitabları, Cavidin həyatı və yaradıcılığı ilə əlaqədar həm Azərbaycanlı, həmdə əcnəbi müəlliflərin əsərləri, muzeyin yeni nəşrləri, Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid çoxcildliyi, Hüseyn Cavidin Naxçıvanda məqbərədə olan mərmərdən
büstünün gipsdən variantı, Turan Cavidin mərmərdən büstü, Ərtoğrol Cavidin mərmərdən büstü və s. diqəti çəkir. "Cavidin faciəsi" otağında Hüseyn Cavidin cənazəsinin Sibirdən Bakıya, buradan isə Naxçıvana aparılmasını əks etdirən fotolar; H.Cavid tutulan zaman çəkilmiş fasdan və profildən fotoları və əl izlərini əks etdirən sənəd, H.Cavidin şəxsi əşyalarının qorunduğu vitrində Cavidə məxsus 2 pensne, H.Cavidin cib saatı və Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq, H.Cavidin yazı masası, üzərində yarımçıq əlyazmaları, mürəkkəbqabı, qələmi, Cavidin bu otaqdan, bu evdən ayrıldığı son günün son işarələri; "Azər düşünərkən". Hüseyn Cavidin ən son üzərində işlədiyi "Azər" poemasından bir parka, Cavidin iki pensnesi və cib saatı, etajerdə Şəmsəddin Saminin "Qamusi – Türkü"sü, H.Cavidin şəxsi kitabxanasında bəzi kitablar, H.Cavid həbs edilən saatda dayandırılmış ailəyə məxsus divar saatı, "Zordan üstün" tablosu (müəllif-Vaqif Ucatay), Ərtoğrolun çəkdiyi A.M.Şərifzadənin İblis obrazında təsviri, Ərtoğrolun ailəsinə, müəllimləri Üzeyir bəyə, Bülbülə göndərdiyi məktublardan parçalar və "İblis" pyesindən misralar, Hüseyn Cavidin cinayət işi, Cavidin evində axtarış aparılması haqqında protokol, Cavidin Sibirdən göndərdiyi məktublar – onun axırıncı yadigarları, 59 yaşında ölümü haqqında şəhadətnamə, 1937-ci ildə Cavidə iftiralarla dolu yazılardan imzalı-imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə və s. də eksponatlar sırasındadır.

Uğur