Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -  4-cü yazı Mədəniyyət

Muxtar Auezovun yaradıcılığında qazax milli düşüncəsinin  təsviri  -  4-cü yazı

M.Auezovun ictimai inkişaf qanunlarını yaxşı bilməsi onu bədii və elmi axtarışlarını daha dürüst mənbələr üzərində cəmləşdirməsinə səbəb olur, bədii təfəkkürünün zənginləşməsi və qidalanması üçün gərəkli materiallar əldə etməsi ilə nəticələnirdi. M.Auezov yaradıcılığı bizə həm də göstərir ki, bir insan eyni zamanda həm yüksək sənət nümunələri yarada bilir, həm də bədii təcrübəni nəzəri baxımdan ümumiləşdirməyə müvəffəq olur. Elə buna görə də onun bütün yaradıcılığı yazıçının gerçəkliyə praqmatik münasibətinin təzahürü kimi diqqət mərkəzindədir.
1920-1930-cu illər Muxtar Auezov nəsrinin aparıcı tendensiyaları: bədii konflikt, psixologizmlərdən istifadə, təhkiyə formaları M.Auezov yaradıcılığının başlıca spektrlərini müəyyənləşdirmək üçün ədibin 1920-30-cu illərdə yazılmış əsərlərinə müraciət etmək zəruridir ki, indiyə qədər onun yaradıcılığı ilə bağlı olan ziddiyyətli nəzər nöqtələrinin çeşidli tərəfləri burada öz əksini tapmış olsun. Digər tərəfdən, onun nəsrindəki psixologizm, konflikt və təhkiyə formalarının özünəməxsusluğunu araşdırmaq gərəklidir. M.Auezovun 1920-30-cu illər nəsrində yer almış psixologizm məsələləri M.Karatayev, Y.Lizunova, Z.Kedrina, R.Berdiba- yev, M.Bazarbayev, İ.Düsenbayev, ZXObduılov, A.Nurkatov, B.Şalabayev, X.Cüyünşəliyev, K.Kereyeva-Kanafiyeva, P.Nuırqaliyev, AJJaksılıkov və başqaları tərəfindən bu və ya digər mövqedən işıqlandırılıb.
Muxtar Auezovun 1920-30-cu illər nəsrinin konflikt və problematikasını əsərlərin təhkiyəsində müəllifin insan konsepsiyası ilə əlaqəli nəzərdən keçirdikdə onun erkən yaradıcılığının psixoloji təhlil xüsusiyyətləri və psixologizm hadisəsini, psixoloji təhkiyənin realizasiyasını iki aspektdə qarşılaşdırmaq olar. Muxtar Auezov yaradıcılığına belə yanaşma yazıçının yaradıcı bioqrafiyasında nəzərdən keçirdiyimiz mərhələnin qazax ədəbiyyatının inkişafında yerini müəyyən etməklə yanaşı, həm də M.Auezov qəhrəmanlarının psixoloji xarakteristikasındakı prinsiplərin və formaların özünəməxsusluğunu təyin edib 1920-30-cu illər nəsrində yer almış aparıcı ideya-estetik tendensiyaları üzə çıxarmaq olar. Həmçinin bunların nəticə etibarilə genişmiqyaslı təhkiyə və epik təcrübənin inkişafına nə dərəcədə pozitiv təsir etdiyini müəyyənləşdirmək mümkündür. MAuezov nəsrində psixoligizm emosional-ekspressiv səciyyəli olub, həm də əsas etibarilə söz sənətinin orqanik xassəsi kimi əsərin bədiiliyinin mühüm göstəricisitək meydana çıxır. Psixoloji təhlilə gəldikdə isə bu, inkişaf etmiş estetik sistem olmaqla bərabər, qəhrəmanın daxili mənəvi aləminin inikas prosesi kimi bu sistemin xüsusi vasitə və formalarla təşkilidir və müəllifin psixoloji materiala münasibətini, onun söz ustası, mütəfəkkir kimi yetkinliyini əks etdirir. M.Auezovun 1920-30-cu illər nəsrinin aparıcı xüsusiyyətlərinə nəzər saldıqda onun müxtəlifformalı psixoloji təhlillərində bədiiliyə təsirinin, yazıçının yaradıcılığında psixoloji təhlillərin müxtəlif mərhələlərdə dəyişilməsinin şahidi oluruq.
Ədəbiyyat tarixçiləri yaxşı bilirlər ki, 1920-ci illər qazax ədəbiyyatında olduğu kimi, sovetlərə daxil olan digər türk xalqları ədəbiyyatında da mürəkkəb dövrlərdəndir. Çünki imperiya buxovlarından azad olmuş xalqların ədəbiyyatı bu dövrdən başlayaraq bolşevik ideologiyasının təsiri altında inləyirdi. Milli ziyalıların və milli yazıçıların xalq və millət uğrunda fəaliyyəti, düşüncələri yasaq edilir, təqib altına alınırdı. MAuezov qazax milli şüurunun daşıyıcısı olduğundan onun yaradıcılığı, milli zəminə söykənən ideyaları daha çox təqiblərə məruz qalırdı. O, istedadlı nasir kimi, bir tərəfdən, inkişaf etmiş ədəbiyyatların estetik və mənəvi təcrübəsini əxz edib doğma ədəbiyyatın bədii təcrübəsi üzərində müşahidələr aparır, ədəbiyyat və folklor ənənələrini dərindən öyrənirdisə, digər tərəfdən, xalq həyatına, onun etnik məişətinə, tarixi keçmişinə, dövrün müasir durumuna, qazaxlara qarşı törədilən haqsızlıqlara qarşı çıxır və bütün bunları görümlü realist boylarla oxucuların diqqətinə təqdim edirdi. Bu isə məlum olduğu kimi, sovet siyasi və ideoloji dairələrini olduqca narahat edirdi. Elə buna görə də M.Auezovun əsərləri və özü daim təqib olunma qorxusu altında idi.
Sovet dövründə digər xalqların yazıçıları 1930-cu illərdə dərinləşmiş psixologizmə nəzər salsalar da, M.Auezov nəsrində bu özünü 1920-ci illərdən başlayaraq daha relyefli şəkildə ifadə etməkdə idi. M.Auezovun həmin illərdə yaratdığı hekayə və povestlərdə yazıçının olduqca məhsuldar və səmərəli bədii kəşflərini görmək mümkündür. "Aşırımda atəş", "Yasa bürünmüş gözəl", "Qəddar illər", "Müdafiəsizin günü", "Boz Qəddar" və s. kimi əsərlərin bütün məzmunu dərin psixologizmlərlə zəngindir ki, burada biz insanların çoxölçülü psixologizmləşdirilmiş təsvirlərini görə bilərik.
M.Auezovun 1920-ci illər nəsrində yer almış psixologizmlərin sosial-tarixi, estetik və fəlsəfi qaynaqları yazıçının gerçək İctimai-tarixi şəraitdə gedən prosesləri dərindən duyması, dünya ədəbiyyatı ilə yaxından tanışlığı, qazax ədəbiyyatının və folklorunun mənəvi təcrübəsinin yaradıcılıqda dərki və istifadə etməsi ilə bağlı idi. 1920-ci illər M.Auezov nəsrindəki psixologizmin xüsusiyyətlərindən biri folklor motiv və formalarından məqsədli şəkildə istifadə hesab oluna bilər. Bu zaman müəllif folklor qəhrəmanlarının, batırların idealizasiyasında, epik təhkiyənin intonasiyasında, metafora və müqayisələrdə hiperbolizasiya və digər bədii ifadə vasitələrindən istifadə edir. M.Auezovun əsərlərindəki belə formalar psixoloji mahiyyət daşıyır və qəhrəmanı onun düşmən olduğu sosial-tarixi mühitlə barışmaz konfliktlərə gətirib çıxarır. M.Auezov bu tipli kolliziyalardan "Aşıınmda atəş", "Qəddar illər" kimi əsərlərin süjet xəttində daha çox istifadə edir. Bu tipli ideya-bədii axtarışlar qəhrəmanın daxili aləmində psixoloji ziddiyyətlərin "təşkilinə", əsərlərin əsas personajlarında mürəkkəb psixoloji proseslərin sosial fəallığın artmasına kömək edir.
M.Auezovun 1920-ci illər nəsrində folklor bədii ifadə vasitələrindən istifadə təcrübəsi həm də bir cəhəti ilə maraqlıdır: belə təcrübəni nəzərdən keçirərkən biz yazıçının xeyli əsərlərində folklor-epik motivlərin dinamikasının, funksionallığının mürəkkəbləşməsini görürük. Məsələn, müəllif "Yetim", "Müdafiəsizin günü" hekayələrində folklor elementlərindən istifadə zamanı Kuşikbaybatırla bağlı əfsanədən istifadə edir ki, burada o, dağ obrazı ilə rəmzləşdirilir. Çünki dağ məhz Kuşikbayın adını daşıyır. Müəllif dağ obrazını personifikasiya etməklə onu aul sakinlərinin romantik təxəyyülü ilə canlandırır. Bundan başqa, batırın nəslinin düşüncəsində tayfa məğrurluğunun psixoloji motivi də maraq kəsb edir. "Boz Qəddar" hekayəsində əsərin personajı ovçu Həsənin obrazında folklor igidinin xüsusiyyətləri, əsərin nüvə situasiyasında isə (insanın canavarla mübarizəsində) qazax xalq nağılı "Sırtdanın nağılı" ilə əlaqədə olan kolliziya hiss olunur ki, əsərin finalında canavarın məşhur Akkaskaitlə olan mübarizəsi hiperbolizasiyanın köməyi ilə ortaya qoyulur. "Müdafiəsizin günü", "Yetim" hekayələrində Kuşikbay batır və Qəzizə qızın daxili qarşıdurması mühüm məna yükünə malikdir. "Boz Qəddaırda qarşıdurmaların ziddiyyəti qəhrəmanın davranışının onun əsil-nəslinin epik fəaliyyəti fonunda, qəddar sosial şəraitlə bağlı, mənəvi-əxlaqi baxımdan açılmasında, batır, yaxud İgidin ənənəvi çərçivələrdə ortaya qoyulmasındadır. M.Auezovun povestlərində isə epik, real, sosial şəraitlə bağlı qeyd etdiyimiz qarşıdurmalar fərqli bədii interpretasiya almaqla qəhrəmanın daxili qarşıdurması kimi dərk olunur. Burada o özünün batır keyfiyyətlərini yaxşı başa düşür. Onun daxilində xalqa müsbət münasibət tərbiyə olunmaqla, konkret sosial-tarixi şəraitdə bu keyfiyyətlərin realizə edilməsi prinsip etibarilə mümkünsüzdür. Epik sistemin belə mürəkkəbləşdirilmiş elementinə, qəhrəmanın düşüncəsinə psixoloji motivlərin qoşulması yazıçını qəhrəmanın şüurunda qarşıdurmanı inkişaf etdirməyə və bunun formalaşma yollarından birinə gətirib çıxarır. Biz M.Auezovun bu mövzunun "Aşırımda atəş" və "Qəddar illər" povestlərində yetərincə parlaq İşıqlandırdığını görürük. "Aşırımda atəş" povestinin təhkiyə strukturunda yer almış antiteza qəhrəman tərəfindən təbiətin (çünki burada təbiət qəhrəmanın qəlbində inkişaf edən dərin ziddiyyətlərin əksolunma vasitəsidir) ikili qavrayışı ortadadır. Öz gücsüzlüyünü bütün əzabları ilə dərk edən və onu incitdiyinə görə bəydən qisas almağı düşünən Bəxtigül təbiəti hər şeyə qadir vahid varlıq kimi qəbul etməklə onu həm də gah özünün düşməni, gah hamisi kimi hiss edir. Qisasını aldıqdan sonra isə qəhrəmanla təbiət arasında bütöv bir sintez, harmoniya yaranır ki, təbiətin belə qəbulunda (onun canlandırılmasında) epik motivin rolu daha da qabardılır.
M.Auezovun 1920-30-cu illər nəsrində insan konsepsiyasının inkişafı və dərinləşməsi, mübariz insanın təsvirinə can atma, onun daxili aləminə diqqət yetirmə və sosial-tarixi mühitlə çoxtərəfli əlaqələrinə nəzər salma və s. isə yazıçının yaradıcılığında psixologizmin başqa bir təzahürü və zənginləşmə yoludur ki, bu ədəbi qəhrəmanın psixoloji xarakteristikasının subyektivləşmiş formalarının təcəssümünə gətirib çıxarır. Bunların da sırasında monoloq, daxili nitq və s. mühüm əhəmiyyət kəsb edir. Məsələn, "Müdafiəsizin günü" hekayəsində qəhrəmanın inkişaf edən ziddiyyətli hisslərində qoca qarının monoloqu öz emosionallığı və çoxölçülüyü ilə seçilir. Psixoloji prosesin gərginliyi, fikir və hisslərin inkişaf assosiasiyası, xaotik qərarların axtarışı - bütün bunların hamısı Qəzizə qızın daxili nitqində yetərincə əks olunub. Qəzizənin daxili nitqi öz qeyri-xüsusi vasitəsiz nitqi ilə qarşılıqlı əlaqədə ortaya çıxır. Bu isə müəllif tərəfindən mürəkkəbləşdirilmiş psixoloji prosesə müxtəlif səslərin qoşulması ilə nəticələnir: bu səslərdə ananın, nənənin, küləyin və Kuşikpayın səsi əks olunaraq təhkiyədə polifoniklik yaradır.

Nizami Tağısoy

filologiya üzrə elmlər doktoru, professor