“Milli hüzn və əzm gününün tarixi dərsləri” Mədəniyyət

“Milli hüzn və əzm gününün tarixi dərsləri”

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tədbir keçirildi

Tərlan

Yanvarın 16-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Milli hüzn və əzm gününün tarixi dərsləri" mövzusunda elmi sessiya keçirilib. AMEA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov elmi sessiyanın Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən təşkil edildiyini bildirdi. O, 25 il əvvəl Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən birinə, eyni zamanda qəhrəmanlıq salnaməsinə çevrilən Ümumxalq Hüzn Günündən söz açdı. Qeyd etdi ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz 20 Yanvar hadisələri xalqımızın milli azadlığına qovuşmasına təkan verib. Akademik bildirdi ki, 20 Yanvar hadisələri faktiki olaraq SSRİ-nin süqutunun təməlini qoymuşdur.
R.Hüseynov vurğuladı ki, bu hadisələrin baş verməsindən sonra insanların dünyaya çıxışını, informasiya almaq imkanlarını mümkünsüz etmək üçün Azərbaycan Televiziyası və Radiosunun enerji bloku partladılıb. Diqqətə çatdırıldı ki, yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir.
R. Hüseynov 20 Yanvar hadisələrinin xalqımıza və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı olması, xalqımızın başına gətirilən bu dəhşətli faciənin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən kəskin pislənilməsini və dünya ictimaiyyətinə çatdırılmasını xüsusi qeyd etdi. Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan akademik ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı ümummilli lider Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pislədiyini diqqətə çatdırdı. Tədbirdə çıxış edən filologiya üzrə elmlər doktorları Xatirə Bəşirli, Şəfəq Əlibəyli və başqaları 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən söz açdılar. Qeyd etdilər ki, bu hadisə nəinki xalqımızın azadlıq mübarizəsini zəiflətmədi, onu bir qədər də sürətləndirdi.