
Elməddin Əlibəyzadə sözün gerçək anlamında insanlıq, türklük aşiqi idi…
Azərbaycanın dəyərli aydını, görkəmli türkoloq Elməddin Əlibəyzadə yaşamdan getdi. İmzası Azərbaycan ictimai mühitinə yaxşı tanış olan professor Elməddin Əlibəyzadə sözün gerçək anlamında insanlıq, türklük aşiqi idi. Türklüyün aşiqi olmaq – İnsanlığın aşiqi olmaq deməkdir. Türklük aşiqi olmaq – türkə xas cəhətlərin yaşadılması, ömürləşdirilməsidir. Elməddin Əlibəyzadə onillərdir ki, bu yoldaydı, bir an da olsun, "usandım" demirdi. Başına çox çətinliklər gəlmişdi, ancaq türklük sevgisindən əl çəkməmişdi...
Türklüyümüz qədimliyimizin mahiyyətini özündə yaşadan, bugünü aşan, sabaha boy verən, onu yaradan ruhani-milli gücümüz, bənzərsizliyimizdir. Elməddin Əlibəyzadə anadangəlmə türklük sevdalısı, bu sevgisində özünəməxsus idi. O, Türklük sevgisini həmişə uca tuturdu. Elməddin Əlibəyzadəyə uca münasibətim onun Azərbaycanın əzəli dəyərlərinə olan böyük sayğısı, sevgisi ilə bağlıdır. Bu, onun ulusal mənəviyyata uca münasibətindən irəli gəlirdi.
Elməddin Əlibəyzadə zəngin irs yaradıb. Təəssüf ki, türk böyük tarix, yaşam yaratdığı halda demək olar, tarix kitabları yazmayıb, türklüklə bağlı soraqları da türkü sevməyənlər yox ediblər. Bu anlamda Elməddin Əlibəyzadənin qədimliyimizlə bağlı araşdırmalarının necə çətinliklə başa gəlməsini yaxşı anlayıram: ruhunun gücüylə tarixin qaranlıq, dərin qatlarından, habelə çox az çağdaşının yazdıqlarından faktlar toplayasan, fəhminlə onları əsaslandırıb kitablar ortaya qoyasan və qınaqlara tuş gələsən. Ancaq Elməddin müəllim qətiyyən belə şeylərdən sarsılmadı, çətinliklərdən güc aldı...
Onun əsərlərinin ruhu milli olduğu kimi, dili də aydındır, çünki özümlüyə əsaslanır, xalq ruhundan güc alır. Elməddin Əlibəyzadənin milli ruha vurğunluğu başqaları üçün örnəkdir, həm də bəşəriliyinin uca təsdiqidir. Türk ruhunun əzəli qaydasına uyğun olaraq xeyirçiliyində ardıcıl idi. Türk xeyirçiliyi – etdiyi işə görə mükafat ummamaqdır. "Avesta Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir", "Azərbaycan dilinin tarixi" (I,II cildlər), "Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (islamaqədərki dövr)", "Qədim dünyamızın ulu kitabı" və b. kitabları onun alim sanbalını təsdiq edir. Onun ulusal ünvanlı əsərləri sabaha qovuşacaq, yaradıcısına tükənməz sevginin ünvanı olacaq.
Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub. İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusilə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olub.
"Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları" əsərində Şumer-türk bədii düşüncəsinin doğuluşu və inkişafı məsələlərini tədqiqata cəlb edib. Əsərdə türk-Azərbaycan ağı, atalar sözləri və məsəllər, müdrik kəlamlar, təmsil, hekayə və dastan janrlarının yaranması, inkişaf yolları izlənilib...
Zaman-zaman türk tarix yaratdığı dərəcədə əməllərini kitablaşdıra bilməyib. Başqa tərəfdən də türk türklə döyüşüb, bu isə türkün tarixin bütün dönəmlərində daim ayaqda qalmasına, onu sevməyənlərə qarşı mütəşəkkil mübarizə aparmasına mane olub. Professor Elməddin Əlibəyzadənin "Avesta" yönündə araşdarmaları bu baxımdan diqqətəlayiqdir. O, uzun illər ərzində "Avesta"nı Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində köklü, təməlli bir hadisə səviyyəsində təhlil edərək tarixi taleyimizdə əhəmiyyətli rol oynayan bu fikir məbədinin türkə məxsusluğunu böyük bir inadla sübut edib. E.Əlibəyzadə deyirdi: "Ömrümün 5 ilini sırf "Avesta" üzərində işləmişəm. Bu gün də "Avesta"nın milli mənsubiyyəti barədə mübahisələr baş alıb gedir, kəsilmək bilmir ki, bilmir. Məşhur alimlər belə bu kitabədən ancaq qədim İran ədəbiyyatı və mədəniyyətinin abidəsi kimi danışır, bəhs edir, onu belə də təqdim edirlər. Bu meylə o qədər də toxunmadan, onu tənqid etmədən məhz kitabın öz mətnləri və tarixi gedişatını əsas götürmüşəm. Yəni daha konkret desək, cəsarət edib onlardan fərqli söz deməyə, fikir söyləməyə, kitabənin Azərbaycan-türk xalqına mənsub olduğunun sübutuna çalışmışam".
E.Əlibəyzadə bu fikirdə idi ki, "Avesta" türk zəkasının məhsuludur. "Avesta" barədə tədqiqat əsərləri və yazılar var. Bunları araşdırdıqda xeyli qaranlıq səhifələrə, qeyri-elmi müddəalara, qərəzli fikir və mülazihəzələrə rast gəlmək olar: "Ancaq imkan daxilində həqiqəti üzə çıxarmaq bu müqəddəs kitabın ilkin qaynaqlarını, ilkin mifoloji köklərini aşkar edib müəyyən qənaətlərə gəlmək məsələsində özümdə haqq tapdım".
E.Əlibəyzadə tarixi gedişatda olan iki fikri diqqətə çatdırırdı. Deyirdi ki, yunanlar Zərdüşt və onun dininin çox qədim tarixə malik olduğunu Zərdüşt etiqadlı kiçik Asiya xalqlarından öyrənmişlər. İngilis alimi Meri Boysun tədqiqatına görə, farslar kiçik Asiyada ilk dəfə yunanlarla toqquşan vaxt artıq Zərdüşt etiqadlı idilər: "Təbii, Zərdüştü peyğəmbər və ulu maq saymışdılar. Onlar bilmişdilər ki, o, çox qədimlərdə yaşayıb. Smirinli Hermodor və Hermipp Zərdüştün yaşadığı dövrü Troya müharibələrindən 5 min il əvvələ aid ediblər. Lidiyalı Ksanf Zərdüştün Kserksin Yunanıstana basqınından 6 min il əvvəl, Aristotel isə müəllimi Platonun ölümündən 6 min il əvvəl yaşadığını qeyd edir".
E.Əlibəyzadə bir maraqlı məqamı xatırladır ki, Zərdüştün yaşadığı və "Avesta"nın yarandığı dövr haqqında yunan mənbələrinin fikirlərini fars mənbələri, alimləri də qeyd edir, xatırladır, amma buna əhəmiyyət verməyib üstündən keçirlər. O, bu qənaətdə idi ki, "Avesta"nın məzmunu, dini- mifoloji əsasları, habelə orada xatırlanan və Azərbaycan torpağında mövcud olan dağ, dəniz, çay adları çox-çox qədimlərdən soraq verir. Kitabədəki hadisələr, tanrı ilə görüşlər, qurbanvermələr, vəsf himnləri bu yerlərdə, habelə Savalan dağının zirvə və ətəklərində, indiki Muğan, Mil düzənliklərində baş verib. "Avesta" Azərbaycan torpağının ürəyi sayılan bu yerlərin coğrafi şöhrətini bütün dünyaya yayıb, bu günə gətirib çıxarıb. Miladdan öncə son minillikdə artıq bir sıra dağlar, çay və dəniz Qafqaz, Araz, Kaspi adlanırdı.E.Əlibəyzadə belə bir məntiqi fikri əsas gətirir ki, "Avesta" miladdan öncə son minilliyin məhsulu olsaydı, orada məhz bu adlar xatırlanardı. Deməli, yunan alimlərinin "Avesta"nın yaşını hesablamaları daha ağlabatandır. Bütövlükdə ümumtürk, eləcə də Azərbaycan mənəvi fikir tarixi qədimlərə doğru getdikcə vahid bir kökə calanır. E.Əlibəyzadə deyir ki, əgər Zərdüştün həqiqətən miladdan əvvəl VII-VI minilliklərdə yaşadığını və "Avesta"nın da o vaxtlar yarandığı fikrilə razılaşsaq, o zaman "Avesta"nın Şumer mədəniyyəti və "Bilqamıs"dan da qabaq mövcudluğu dünya mədəniyyəti və din tarixi üçün hələlik ilkin mənəvi qaynaq olduğu anlaşılır: "Qədim dünyamızın bu iki nəhəng kitabəsi insanlığın ali istəkləri, onun tərənnümü, təbliği baxımından biri-birinə çox yaxındır, əslində biri digərini tamamlayır. Bunlarda ruhi bağlılıq, biri-birini təsdiqetmə o qədər güclüdür ki, hansının daha əvvəl, hansının isə daha sonra yaranmasının fərqinə varılmaya bilər. Bir sıra pozulmalar, silinmələr istisna edilərsə, müasir dövrümüzə çatıb başqa dillərə edilən tərcümələr belə, onun ruhunu qıra bilməyib. Dastan öz məzmununu, mühüm milli xəlqi keyfiyyətlərini əsasən saxlayıb".
E.Əlibəyzadə "Bilqamıs"dan fərqli olaraq "Avesta"nın keçib gəldiyi yolun daha mürəkkəb, daha keşməkeşli olduğunu bildirirdi: "Avesta" əldən-ələ düşüb, çox xalqlara təsir edib, onların həyatına, məişətinə keçib. Nəticədə hər xalq onu öz istəyinə uyğun mənimsəyib, yozub, dəyişdirib. Buna görə də "Avesta" əsl ruhunu, ilkinliyini, qədimliyini, xəlqi milli mənsubiyyətini çətinliklə mühafizə edə bilib. Nizaminin tarixi taleyi də "Bilqamıs" və "Avesta"nın taleyinə bənzəyir. Bu gün belə bəzi tədqiqatçılar fars dilində yazdığı üçün Nizamini fars şairi sayır, İran ədəbiyyatına daxil edirlər. Ancaq ağlımızın və ruhumuzun məntiqi başqa şey deyir: Nizaminin yazı dili fars dili olsa da, ana dili türk dilidir. Yəni Nizami əsərlərini farsca yazsa da, ruhu türk ruhudur, mənəvi dünyası türk dünyasıdır. Bu həqiqət heç cür inkar edilə bilmir, tədqiqatçılar Nizamini nə qədər farsa tərəf çəksələr də, inam yaranmır".
E.Əlibəyzadə bu fikri eynilə "Avesta" haqqında da deməyin mümkün olduğunu bildirirdi: "Nizami farsofil Azərbaycan hökmdarlarının arzusuna "qulluq göstərməyə", fars dilində yazmağa məcbur olmuşdu. Zamanla, şəraitlə bağlı Zərdüşt ideyaları və ümumən maqlar da fars imperiyasına xidmət göstərmək məcburiyyətində qalmışdılar".
E.Əlibəyzadə bu qənaətdədir ki, "Avesta"da bəşər həyatının mühüm və əsas problemləri az və ya çox dərəcədə qoyulub, həllini tapıb: "Miladdan öncə VI əsrin ortalarında Kirin hakimiyyətə gəlməsi və fars imperiyasının genişlənməsi ilə "Avesta" dövlətin dini ideologiyası olur, tamam mənimsənilir. Onun yaradıcıları farslara qulluq etmək məcburiyyətində qalırlar. "Avesta" öz inkişafının fars mərhələsinə daxil olur. "Avesta" əslində Midiya dövlətinin qanun kitabı olub. Farslar Midiyanı süquta uğratdılar, Zərdüştlüyü zəbt etdilər, özlərinə din kimi qəbul etdilər". E.Əlibəyzadə burada bir məqama diqqəti çəkirdi ki, Zərdüştlük fars ruhuna doğma olmadığından onlar sonradan demək olar ki, müqavimətsiz islam dininə keçdilər, Zərdüştlükdən ayrıldılar. Zərdüşt "Avesta"nı dərin biliyi, zəkası, tanrının ona verdiyi vəhylə, ilhamla yaratmışdı. Bu səbəbdən "Avesta" sabah da yaşacayacaq".
Uğur