Əhmədağa Muğanlının “Şəhriyar əfsanəsi” povesti... Mədəniyyət

Əhmədağa Muğanlının “Şəhriyar əfsanəsi” povesti...

Əsərdə qədim qəhrəmanlıq səhifələrindən söhbət açılır

Orta yüzilliklərin Şəhriyar qalasından söz düşəndə Əhmədağa Muğanlını xatırlayıram. Mərhum yazıçı "Muğanlı" təxəllüsünü təsadüfən götürməmişdi. Həm də o, Şəhriyar qalası ilə bağlı maraqlı bir povest yazmışdı. "Yazmışdı" ona görə deyirəm ki, mən bu əsəri təkrar oxumaq üçün axtaranda çətinliklə əldə etdim. Belə bir əsərin mövcudluğundan çox adam xəbərsizdir. Hətta Əhmədağa Muğanlının doğulub boya-başa çatdığı, doğma vətəni Biləsuvarda onun "Şəhriyar əfsanəsi" povestini olduqca az adam oxuyub. Samir Qurbanovdan xahiş etmişdim ki, həmin povesti axtarıb tapsın. Samir uzun axtarışdan sonra mənə zəng edib dedi ki, kitabın yeganə nüsxəsi Biləsuvar rayon tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır. O, muzeyin işçiləri ilə danışıb kitabı mütaliə məqsədilə bir neçə günlüyə götürdü. Halbuki bu povest ötən yüzilliyin 70-ci illərində ədəbi mühitdə şöhrət qazanmış əsərlərdən biridir. Bu povesti 14 yaşımda "Ulduz" jurnalından oxumuşam. Atam ədəbi orqanlara abunə idi və burada işıq üzü görən əsərləri həvəslə mütaliə edirdi. Köhnə evimizin divarındakı rəfdə üst-üstə qalaqlanmış "Azərbaycan" və "Ulduz" jurnallarını mən də götürüb varaqlayırdım… Amma o zaman bu povestin müəllifini tanımırdım və onun haqqında məlumatım belə yox idi. Sonralar öyrəndim ki, Əhmədağa Muğanlı imzası nəinki ədəbiyyat tariximiz, həm də kinomateqrafiya tariximiz üçün dəyərli irsi ilə yadda qalıb.
Qurbanov Əhmədağa Əkbər oğlu - Əhmədağa Muğanlı 1926-cı il mayın 10-da Əliabad kəndində anadan olub. Xırmandalı kənd orta məktəbini bitirib. Onun yeniyetməlik illəri İkinci Dünya Müharibəsi illərinə düşüb. Buna görə də 10-cu sinifdə oxuyarkən hərbi xidmətə çağırılıb, 1944-1946-cı illərdə ordu sıralarında xidmət edib. Vətən qarşısında müqəddəs hərbi borcunu verəndən sonra orta məktəbə qayıdıb və buranı gümüş müdalla qurtarıb. 1946-1952-ci illərdə təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirib. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalının 1951-ci ilin onuncu sayında çap olunmuş "Biz qol çəkirik ki…" hekayəsi ilə başlayıb. Bundan sonra dövrü mətbuatda müntəzəm çıxış edən Əhmədağa Muğanlı 1962-ci ildə eyni vaxtda Azərbaycan Yazıçılar Birliyinə və Azərbaycan Kinomatoqrafçılar Birliyinə üzv qəbul edilib. Doğma Biləsuvarda əmək fəaliyyətinə müəllim kimi başlayan Əhmədağa Muğanlı bir müddət sonra "Bakı kommunisti" qəzetində ədəbi işçi kimi çalışıb. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. 20-yə yaxın sənədli filmin müəllifidir. Onun "Azərbaycan… Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və başqa sənədli filmləri zamanına görə çox baxılan filmlərdən sayılır. Əhmədağa Muğanlının ssenarisi əsasında 1968-ci ildə "Dağlarda döyüş", 1982-ci ildə "Od içində vahə", "Qocalar… qocalar", 1988-ci ildə "Doğma sahillər" bədii filmləri çəkilib. Ə.Muğanlının Süleyman Rüstəmlə birlikdə ssenarisini yazdığı "Atları yəhərləyin" bədii filmi 1983-cü ildə Azərbaycanın bütün bölgələrindəki kinoteatrlarda nümayiş olundu.
Əhmədağa Muğanlının nəsr əsərlərindən ibarət "Vicdan" (1959), "Tikanlı məftillər" (1962), "Çobanbayatı" (1977), "Şikəstə" (1979), "Ömürdən yeddi yarpaq" (1984), "Gecikmiş yarpaq" (1991) və "Dağ dağa söykənər" (1996) kitabları çap olunub. Haqqında söhbət açdığım "Şəhriyar əfsanəsi" kitabı 1973-cü ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilib.
Nasir və ssenarist Əhmədağa Muğanlı 2001-ci avqustun 4-də Bakıda vəfat edib. Qara qalın bığları olan, gicgahları ağarmış bu yaraşıqlı kişi həmişə səliqəli geyinər və həmsöhbətlərində mənalı baxışları ilə xoş təəssürat oyadarmış. Təəssüf edirəm, onu ömrümdə bircə dəfə də olsun görməmişəm. Amma ötən yüzilliyin 90-cı illərində Əhmədağa Muğanlının oğlu Arazla "Azərbaycan" nəşriyyatında tez-tez rastlaşırdım. Bir neçə dəfə dostlarla buradakı çayxanada oturub söhbət eləmişik.
Yaxşı əməl unudulmur. Yaxşı insan da unudulmur. Əhmədağa Muğanlının qədim Şəhriyar qalasının tarixinə işıq salan "Şəhriyar əfsanəsi" povesti bəs edir ki, bu unudulmaz yazıçı dönə-dönə yada düşsün və onun öz xalqı qarşısındakı xidmətləri yüksək qiymətləndirilsin. Kitabın annotasiyasında qeyd olunur ki, "Şəhriyar əfsanəsi" povestində əfsanəyə dönmüş qədim qəhrəmanlıq səhifələrindən söhbət açılır. Əsərin qəhrəmanları doğma elini, vətənini sevən, onun yolunda həyatını, canını əsirgəməyən igid gənclər, cəsur qızlardır. Povest müəllifin qədim Şəhriyar qalasının qalıqları üzərində sənədli film çəkilişi zamanı eşitdiyi əfsanələrə olan marağı və bu istiqamətdə araşdırması əsasında yazılmışdır. Müəmmalı şəkildə yer üzündən silinmiş Şəhriyar qalası özündə çox sirli tarixlər yaşadır. Əhmədağa Muğanlının fikrinə görə, Şəhriyarın bir mənası baş şəhər, paytaxt deməkdir: "Deyirəm, bəlkə tarixçilərin neçə vaxtdan bəri arayıb-axtardığı qədim Muğan şəhəridir buradır? Muğan elinin baş şəhəri, paytaxtı…" Maraqlı mühakimədir. Bəs Şəhriyar qalası hansı səbəblərdən dağılıb? Müəllifə bu barədə iki əfsanə danışırlar. Birinci əfsanəyə görə, Şəhriyarda yaşayanlar oda sitayiş edirmişlər və Əmir-əl-Möminin bəd duasına görə atəşpərəstlər yurdu yerlə yeksan olub. İkinci əfsanədə deyilir ki, Muğanda min ildə bir dəfə güclü daşqın olur. Min il bundan qabaq buralarda elə dəhşətli sel olub ki, Muğanın bir çox şəhəri suyun altında qalıb. Əhmədağa Muğanlı bu iki əfsanəni birləşdirir. İşğalçılara təslim olmayan Şəhriyar qalası ərəb sərkərdəsinin qarğışından sonra su altında qalır.
Povestdə hadisələrin bir hissəsi Muğanın qədim yaşayış məntəqələrindən biri sayılan Xırmanlıda baş verir. Bu yerin Xırmanlı adlanması ilə bağlı rəvayətdə deyilir ki, Muğanda ilk xırman burada saldığına görə oba belə adlanır. Xırmanlı Muğan şəhərinin yaxınlığında ən böyük oba idi. Xırmanlının üç igidi – Bəbir, Qədir və Gözəl vətənin, elin-obanın qeyrətini çəkir, işğalçılara qarşı mübarizəyə qalxır. Əsər təkcə qəhrəmanlıq motivləri üzərində qurulmayıb, bu povest həm də məhəbbət dastanıdır. İki igid bir gözəli sevir, lakin qəhrəmanlıq yarışında bir-birini yenə bilmirlər. Xırmanlı obası Gözəli atəşgaha qurban vermək qərarına gəlir. Gözəli Yanardağa, əbədi atəşgaha aparmaq üçün Muğandan baş kahin gəlir. Yanardağ Əfşaran (Apşeron) elində idi.
Yeri gəlmişkən, povestdə kahin mənfi obraz, el bilicisi, el atası müsbət obraz kimi verilib. Gözəli Yanardağa aparmaq mümkün olmadıqda o, dostlarından birinə – Qədirə ərə gedir. Toya xeyir-dua vermək üçün Dədə Qorqud gəlir, yanında da elin igid oğlu Bəbir. Bəbir Savalanda Babəkin yanında olduğunu deyir.
Əhmədağa Muğanlı povestdə baş verən hadisələri Dədə Qorqud dastanlarının süjetləri ilə eyniləşdirir, toy və yas adətlərini bu dastanda təsvir olunduğu şəkildə təqdim edir. Dədə Qorqud dövrü ilə Babək hərəkatının qarşılıqlı şəkildə verilməsi, bu müxtəlif tarixi dövrlərə aid hadisələrin eyniləşdirilməsi müəllifin qəhrəmanlıq tariximizə komleks halda yanaşmasından irəli gəlir. Əsərdə el birliyi ana xətti üzərində qurulub. Xalqın qəhrəmanlıq tarixləri arasındakı sədd bilərəkdən aradan götürülür. Buna görə də xürrəmilərin inancları atəşpərəstliklə tən tutulur. "Avesta" adətləri, oğuz ənənələri və xürrəmi inancları xalqın yüzilliklər boyu formalaşmış dünyagörüşünün təzahürü kimi meydana çıxır. Povestə görə, Dədə Qorqud Babəkin dövründə yaşayıb və onun el təəssübünü öyür. Babəkin sığınacağı Savalandır, Bəzz qalası da buradaddır.
Xırmanlı obası, Muğan, Savalan əhli atəşpərəstdir, həyat və varlığın Hörmüzd və Əhrimənin mübarizəsi üzərində qurulduğuna inanır, Zərdüştün, "Avesta"nın qanunları ilə yaşayır. Elin ən yaxşı bayramı bahar bayramı sayılır, lakin onun Novruz adlanması xatırlanmır. Fəlakət də baharda gəlir, xeyir işlər də baharda baş tutur.
Xırmanlı Dədə Qorqud adətləri və ənənləri ilə yaşayır. Bu özünü daha çox xeyir və şər mərasimlərində göstərir. Povestdə təsvir olunan toy adətlərindən birinə diqqət yetirək: "El atası Qədirin kəmərini belindən açıb Gözəlin belinə bağladı. Dedi: "Qızım səni bu igidə arxa verir, kömək ol, dayaq ol dar gündə, çətin ayaqda, ağır zamanda". Digər bir el adəti belə qələmə alınır: El atası Gözəlin örpəyini açıb Qədirin sol qoluna bağladı, ürəyinə yaxın. Dedi: "El gözəlinin namusunu sənə tapşırıram, igid, gözəllərin namusu elin namusudur"".
Povest quruluşuna görə də Dədə Qorqud dastanlarına bənzəyir, ayrı-ayrı fəsillər boy adlanır. Povestin dili də dastanın dilinə yaxındır. Ümumiyyətlə, müəllif əsər üzərində işləyərkən folklordan hərtərəfli şəkildə bəhrələnmişdir. Demək olar, hər səhifədə atalar sözü və məsəllər nümunə gətirilir. Vətən təhlükədə olanda bütün el ayağa qalxır. İgidlər Muğan şəhərinə üz tutur, burada çadır qururlar. "Şəhərin hakimi, sərvətdarlar qala qapılarını açmağa qoymadılar. Onları vahiməyə salırdı el gücü, el birliyi. Onlar qorxurdular xürrəmilərin məramından: "Elin sərvəti, neməti elindir, hamınındır; hamı birdir, bir olmalıdır". Onlar yad ellərdən gələn düşməndən də qorxurdular, Babəkdən də. Babəkin məğlub olmasını da istəmirdilər, güclənməsini də". Baş kahinlə ədavəti olan atəşgaha qurbanlıq yığan kahin Hörmüzdən, Zərdüştdən üz döndərir, yadellilərə satqınlığa gecə – "şər allahı şər işlərə qarışanda" gedir. "Gözəl… at belinə qalxdı. Elə bil, qaya üzərində sərv ucaldı". Gözəlin ardınca elin bütün qadınları vətənin müdafiəsinə qalxır. Gözəl Qaraxət pəhləvanı məğlub edir. Lakin sərvət sahibləri xalqa xəyanət edirlər. Qoca bilici Gözələ məsləhət verir: "Sərvətin əsiri olan elini də əsir etdirə bilər… Sərvəti sevənlər elin də, biliyin də qənimidirlər". Qoca bilici sonra kitabları gələcək nəsillərə çatsın deyə yerə basdırır. Barada maraqlı bir məqam var, işğalçı dövlət öz dominantlığını saxlamaq üçün vassal dövlətin mənəvi sərvətlərini məhv edir. Tarix boyu həmişə belə olub.
Muğan eli, Xırmanlı obası qılınca, elin şərəfinə, üzü görklü Günəşə and içir. Ərəblər bu yurdu məcus eli – atəşpərəstlər eli adlandırırlar. Povestdə Azərbaycanın ayrı-ayrı bölgələrinin (Əfşaran, Təbriz, Şirvan, Naxçıvan ellərinin) ərəb istilaçıları tərəfindən işğalı dövrü təsvir olunur.


Bilal Alarlı,
filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü