

Azad edilmiş ərazilərdə müasir ictimai nəqliyyat sistemi qurulur və bu istiqamətdə işlərin ilk mərhələsi artıq başa çatmaq üzrədir.
“APA-Economics” xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən AYNA-nın Nəqliyyatın planlama departamentinin rəhbəri Fuad Cəfərli bildirib.
O deyib ki, 2025-2026-cı illərdə regionda ictimai nəqliyyat sisteminin işə düşəcəyi gözlənilir. Artıq layihənin birinci mərhələsi demək olar ki, tamamlanıb.
F.Cəfərlinin sözlərinə görə, Bakı şəhəri üçün hər il yüzlərlə yeni avtobus alınır, lakin yerli istehsalın qurulması prioritet istiqamət kimi müəyyən edilib: “Yaxın illərdə Bakıda 2 800-3 000 avtobusun istismarı planlaşdırılır. Buna görə yerli avtobus istehsalı çox vacibdir”.
O əlavə edib ki, azad edilmiş ərazilərdə də avtobus parkları və dayanacaq infrastrukturunun yaradılması planlaşdırılır: “Hazırda 14 yeni avtobusun istehsalı və bölgəyə göndərilməsi nəzərdə tutulur. Dövlət bu nəqliyyat sistemini subsidiyalaşdıracaq ki, regionda mobillik tam bərpa olunsun”.
F.Cəfərli həmçinin Laçın rayonunda yeni yol layihəsinin başladığını vurğulayıb: “Laçın dağlıq ərazidə yerləşdiyinə görə, əlçatanlıq məhduddur. Yeni yol layihəsi bu çətinliyi aradan qaldıracaq və nəqliyyat əlaqələrini gücləndirəcək”, – deyə o, əlavə edib.