Ozanlar saysız-hesabsız oğuznamələr qoşublar Mədəniyyət

Ozanlar saysız-hesabsız oğuznamələr qoşublar

XVI əsrdən aşıq ozanı əvəz edib

Özünə qədər müxtəlif adlar, titullar (şaman, varsaq, ozan, yanşaq və s.) daşımış ozan-aşıq xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoyub. Qədim Şərq dünyasında ozan sənəti geniş yayılıb, ozanlar saysız-hesabsız oğuznamələr qoşub, nəhayət, "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm abidə yaradıblar. Bu abidənin ilk müəllifi, şübhəsiz, VI-VII əsrlərin böyük mütəfəkkir bilicisi Dədə Qorqud olub. O, Oğuz xanlığının bir neçə əsrlik ədəbi salnaməsini bu dastanlarda əbədiləşdirib. "Dədə Qorqud" boylarının zəngin bədii mündəricəsi sonrakı ozan-aşıq yaradıcılığı üçün tükənməz qida mənbəyi olub.
Dədə Qorqud ənənələrini davam etdirən Kərəm, Qasım (Şirvanlı), Novruz, Əmrah, Qərib, Tahir Mirzə, Yediyar və Qurbani kimi ozan-aşıqlar XIII-XV əsrlərdə dastan və epik qopuz-saz havalarının ("Əsli-Kərəm", "Novruz-Qəndab, "Aşıq Qərib", "Tahir-Zöhrə", "Əmrah", "Qurbani") kamil nümunələrini yaradıblar. Bu dastanlardan "Əsli-Kərəm", "Novruz-Qəndab" və "Aşıq Qərib" "Dədə Qorqud" boylarının motivləri əsasında yaranıb. Orta əsrlərdə bütün Şərqdə geniş yayılmış bu dastanların yeni-yeni variantları və versiyaları əmələ gəlib. Onları yaradan müəlliflər – Dədə Qorqud, onun xələfləri Kərəm, Novruz, Qasım, Əmrah, Qərib, Tahir Mirzə, Yediyar, Qurbani, Koroğlu, Cünun və başqa saz-söz sənətkarları tarixi şəxsiyyət kimi tədricən unudulub, yaratdıqları dastanların ədəbi qəhrəmanı kimi əbədiləşiblər.
Aşıq ad-titulu XII əsrdən meydana çıxıb, XVI əsrə qədər Aşıq Əli, Aşıq Paşa, Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq İbrahim, Aşıq Qərib və başqaları aşıq titulunu daşıyıblar. XVI əsrdən etibarən isə aşıq ozanı əvəz edib və çoxşaxəli bir sənət sahəsi kimi böyük şöhrət qazanıb, Şərqdə geniş yayılıb.
Sələflərinin zəngin qaynaqlarında pərvəriş tapan aşıq sənəti incəsənət və ədəbiyyatın bir neçə növünü vahid sənət vadisində çarpazlaşdırıb bütövləşdirib. Söz qoşmaq, qoşduqlarına musiqi bəstələmək, dastan yaratmaq, onları sazın müşayiəti ilə ifa etmək, şirin-şirin xallar vurub oxumaq, çalınan havanın ahənginə münasib hərəkət etmək – oynamaq, bütün bunlarla yanaşı özündən əvvəlki sərvəti yaddaşına həkk edib saxlamaq və bir ənənə olaraq bildiklərini şəyirdlərinə öyrətmək və s. aşıq sənətinin başlıca şərti, əsas amilidir. Orta əsrlərin ilkin çağlarından (XIII-XIV əsrlər nəzərdə tutulur) təşəkkül tapan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və varisidir.
Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbiləbirləşmələrinin geniş yayılmış incəsənəti olub. Öz rişələri ilə çox qədim köklərə, zəngin mifik və əsatiri təsəvvürlərə malik olan ozanlar orta əsrlərin mühafizəkar dini ideologiyası qarşısında uzun müddət müqavimət göstərsələr də, Dədə Qorqud ənənələrini qoruya bilmədilər və tədricən öz meydanlarını aşığa verdilər.
Tarixin müxtəlif mərhələlərində aşıq sənətini təmsil edən saz-söz ustadları yazılı ədəbiyyatın klassikləri ilə eyni səviyyədə dayanan sənətkarlar olublar. XIV-XVII əsrlərdə Qurbani, Miskin Abdal, Vanlı Göyçək, Qul Mahmud, Koroğlu, Aşıq Cünun, Sarı Aşıq, Qaracaoğlan, Abdulla kimi ustad aşıqlar aşıq şeirin şəkillərini zənginləşdirib, bu şəkillərdə nadir söz inciləri düzüb, yüzlərlə yeni havalar bəstələyib, dövrünün ictimai-siyasi mənzərəsini canlandıran onlarla cəngavərlik və bəşəri məhəbbət dastanları yaradıblar. Dövrünün qəhrəmanlıq salnaməsi olan "Koroğlu" dastanı məhz bu dövrdə yaranıb yayılıb.
Müxtəlif qatlardan süzülüb bir çeşmədə durulan bu bulaqda Vaqif və müasirləri Tikmədaşlı Xəstə Qasım, Tiflisli Sayat-Nova, Şirvanlı Aşıq Dostu, Aşıq Valeh, onun ustadı Aşıq Səməd, Aşıq Mahmud, Ululu Kərim, Aşıq Ovalar, Aşıq Allahverdi, Aşıq Məhəmməd Varxiyanlı, Aşıq Əli, Dağıstanlı Aşıq Fətəli, Miran və b. kimi saz və söz ustaları yetişib. Onların poetik söz axını XVIII əsrin yazılı ədəbiyyatını da üstələyib, onu öz sənət qəlibinə alıb. Həmin əsrin aşıq məktəbləri həm də dövrün ədəbi salnaməsini tamamlayıb.
Aşıq şeiri keçən əsrlərdə şifahi və yazılı ədəbiyyatın yeni zirvəyə qalxmasına güclü təkan verib. Qədim Ağqoyunlular nəsli olan Göyçə diyarında böyük bir aşıq nəsli – aşıq məktəbi şöhrətlənib. Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Musa, Mirzə Bəylər, Şair Hacı Əliş ağa, Aşıq Əziz, Aşıq Əhməd, Aşıq Məhərrəm, Şişqayalı Aydın və onlarca bu kimi sənətkarların timsalında böyük saz-söz sərrafı Aşıq Ələsgər kamala çatıb.
XIX əsrin aşıq məktəblərini təkcə Göyçə diyarı təmsil etmirdi. Şəmkir mahalında Aşıq Hüseyn, Aşıq Qasım, Yəhya bəy Dilqəm, Qaradağda Aşıq Mahmud və Aşıq Camal, Şirvanda Cəfərqulu, Kəlbəcərdə Aşıq Qurban, Qazaxda Aşıq Səməd, Masazırda Aşıq Həsən, Bakıda Aşıq Cavad, Samurda Aşıq Rəcəb, Cəbrayılda Bağban, Şəkidə Molla Cümə, Borçalıda Şenlik, İbrahim kimi ustad sənətkarlar məşhur olublar. Bu sənətkarların yaradıcılığında həm qədim aşıq sənəti ənənələri inkişaf etdirilib, həm də əsrin, yeni ictimai-siyasi mühitin mühüm hadisələri, həyati faktlar öz əksini tapıb, gerçəklik realist boyalarla canlandırılıb.
Belə yeni məziyyətlərə malik aşıq sənəti XX əsrin yollarında da xalqla birlikdə addımladı. Qocaman ustad sənətkarlardan Bozalqanlı Hüseyn, Şirvanlı Mirzə Bilal, Aşıq Əsəd, Aşıq Mirzə, Telli Məhəmməd, Aşıq Avak, Növrəs İman, Çoban Əfqan və başqaları öz fəaliyyətlərini davam etdirdilər. Aşıqlar tarixdə ilk dəfə olaraq öz qurultaylarına toplaşdılar. Bu gün aşıqların ədəbi-bədii yaradıcılığı hərtərəfli araşdırılıb öyrənilir, aşıqların saz yaradıcılığı, musiqi irsi və ifaçılıq sənəti təqdiq olunur, bu sahədə axtarışlar aparılır, elmi işlər yazılır.
Aşıq ozana məxsus qopuz çalmaq, söz qoşub avazla oxumaq, dastan yaratmaq, elin toy və bayram mərasimlərini şənləndirmək, oğuz igidlərinin hünərini vəsf etmək və s. keyfiyyətini mənimsəyib, ozanın üçtelli, sadə görkəmli qopuzunu doqquz telli ağ sədəfli saza çevirib.
Şah İsmayıl Xətayinin hamiliyi və mütərəqqi tədbirləri nəticəsində aşıq sənəti yeni məzmun və mündəricə kəsb etdi. Aşıqlar incəsənətə düşmən olan ruhanilərdən öz nüfuzlarını qorumaq üçün dinin özünə pənah aparır, peyğəmbərə və Hz. Əliyə sığınır, nadir istedadlı aşıqların qabiliyyətini Hz. Əli tərəfindən veriliş "haqq vergisi" kimi təbliğ edirdilər. Əslində ozana buta verən, ona hamilik edən Xızırın yerini Hz. Əli tuturdu. Hz. Əli aşığı həm yuxuda buta verdiyi qızla görüşdürür, həm də ona bədahətən saz çalıb, söz qoşub, gizli mətləbləri açmaq, adamların qəlbini oxumaq, keçmiş və gələcəkdən agah olmaq qüdrəti verirdi. Belə fövqəladə qüdrətə malik olan aşıqlar "haqq aşığı" kimi tanınır, onun haqqında dastanlar yaradılır, xalq arasında geniş təbliğ olunurdu. Orta əsrlərin mahir saz-söz ustalarından Dədə Kərəm, Sarı Aşıq, Qərib, Qurbani, Abbas Tufarqanlı, Məsum, Əmrah, Xəstə Qasım, Valeh, hətta də aşıq sənətini yeni mərhələyə qaldıran Aşıq Ələsgər xalq arasında "haqq aşığı" kimi tanındılar. Onlar orta əsrlərin sufi ideyalarına yiyələndilər, bu da ozandan aşığa çevrilmənin ən mühüm parametri oldu. Ozan məktəbindən aşıq məktəbinə keçmiş "dədə" titulu da sufi mərtəbəsindəki ən uca zirvəni təşkil etdi. "Dədə" titulunu ozanların ən yaxşıları daşıyırdı. Onlardan bizə hələlik tarixi qaynaqlarda adı çox çəkilən Dədə Qorqud bəllidir. Xalq arasında Dədə Kərəm, Dədə Qasım (Xəstə Qasım), Dədə Yediyar, yazılı ədəbiyyatda isə Dədə Füzuli bu adı qazanıb.
"Haqq vergisi" qazanmış aşıqların "möcüzələri də Dədə Qorquddan gəlmədir. Qorqud da gələcəkdən xəbər verən, adamların qəlbini oxuyan, onlara kömək edən imam fövqünə ucalıb, onun qopuzu da müqəddəs sayılıb. Aşıqlar sazda çalıb oxumaqla yanaşı, həm də zəngin mündəricəli, rəngarəng formalı şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar. Ustadın yaratdıqlarını da hər bir aşıq əzbərləməli, hafizəsində yaşatmalı, yeni nəsilə ötürməli idi. Bütün bunlar aşıq sənətində həm təbəqələşməyə, həm də "ixtisaslaşmaya" meyl yaratdı: "haqq aşığı", ustad aşıq, ifaçı aşıq. "Haqq aşığı çox az hallarda peyda olurdu. Onun yaratdığı "möcüzələri" ifaçı aşıqlar danışır, məclislərdə, xalq arasında yayırdılar. Məqsəd – xalq arasında aşığın nüfuzunu qaldırmaq idi. Onların yaratdıqları çox mürəkkəb şeir şəkillərini – təcnislər, dodaqdəyməzlər, qıfılbəndlər, bağlamalar və məhəbbət dastanlarını ifaçı aşıqlar təbliğ edirdilər. Bu şeir şəkillərinin məzmununda bəzən dini əsatiri təsəvvürlərə yer verilsə də, əxlaqa, mərifət və mədəniyyətə çağırış, bəşəri məhəbbət, nəcib istək və arzular, insanlıq mərtəbəsinə çağırış başlıca yer tuturdu. Bütün bunların təbliği isə ustad və ifaçı aşıqların öhdəsinə düşürdü. Beləliklə, aşıqlar şərti olaraq "ustad" və "ifaçı" aşıqlar olaraq "ixtisaslaşırdılar". Ustad aşıqlar daha çox saz havaları bəstələmək, çətin və mürəkkəb ölçülərdə şeirlər qoşmaq, dastanlar yaratmaqla məşğul olur, sənətdə aparıcı mövqe tuturdular. Onlar aşıq sənətinə məxsus bütün məziyyətlərə malik olmaqla yanaşı, həm də yaratdıqları havaları, şeir və dastanları el arasında yaymaq üçün bu sənətə qabiliyyəti və həvəsi olan gəncləri şəyird götürüb aşıq sənətinin sirlərini onlara öyrədirdilər. Beləliklə, ustad sənətkarlar həm öz yaradıcılıqlarını yaşadıb, həm də şəyirdlər yetişdirmişdilər. Bunun əvəzində şəyirdlər ustadlarının bədii irsini el arasında yayıb şöhrətləndirmişdilər. Ustad aşıqlar daha çox bədii yaradıcılıqla məşğul olduqlarından xalq arasında "el şairi", "saz şairi" kimi də tanınıblar.

Qara Namazov,
professor