İnflyasiya birrəqəmli səviyyədə qalacaq İqtisadiyyat

İnflyasiya birrəqəmli səviyyədə qalacaq

Elman Rüstəmov: "Dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib"


Dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.
Bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib.
Baş bankir bildirib ki, qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq: "2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq".
Elman Rüstəmov deyib ki, yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb.
Onun sözlərinə görə, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".
Hazırda AMB-nin valyuta ehtiyatlarının 7 mlrd. dollar olduğunu deyən Elman Rüstəmov bu göstəricinin beynəlxalq normalara uyğun olduğunu bildirib.
Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir.
Elman Rüstəmov bildirib ki, cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub: "8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır".
Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb: "İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək".
Elman Rüstəmov hazırda Azərbaycanın bank sektorunun qlobal və daxili iqtisadi situasiyaya adaptasiya olunduğunu xatırladıb.
Onun sözlərinə görə, AMB-nin maliyyə sabitliyi siyasəti bankların dayanıqlığı və kredit aktivliyi arasında düzgün balansın təmin olunmasına yönəlib: "Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. manatdan çox biznes krediti verilib".
AMB rəhbəri əlavə edib ki, bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir: "Vaxtı keçmiş kreditlərinin xüsusi çəkisi cəmi 6,5%-dir. Sektorun maliyyə dayanıqlığını əsas göstəricisi olan kapital adekvatlığı 17%-dir. Bu göstərici beynəlxalq standartlara görə, 8% olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4,2 milyard manata çatıb. Bankların likvidliyi 60-70% olmaqla, minimum tələbləri iki dəfədən çox üstələyir. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə ödəniş qabiliyyətini qoruyub saxlaya bilir".
AMB İdarə Heyətinin sədri qeyd edib ki, Mərkəzi Bank kreditlərin keyfiyyətinin qorunması, həm də borcalanların maliyyə yükünün tənzimlənməsi üçün səlahiyyətləri çərçivəsində tədbirlər görür".
Elman Rüstəmovun sözlərinə görə, AMB-nin tövsiyəsi ilə banklar ilin əvvəlindən ümumi məbləği 600 mln. manat həcmində 110 minə yaxın krediti yenidən strukturlaşdırıb: "Restrukturizasiya əhalinin borc yükünün yumşaldılmasına xidmət edir. Banklar uzanma müddətində faiz dərəcələrini azaldır. Hətta bəzi uzanma dövründə bəzi banklar faiz almırlar".
Elman Rüstəmov bankları bu prosesdə daha fəal olmağa çağırıb. AMB rəhbəri vurğulayıb ki, belə maliyyə konsensusu həm əhalinin, həm də bankların maraqları arasında optimal bir balansı tapmalıdır.
AMB İdarə Heyətinin sədri Beynəlxalq Bankla bağlı yaranmış vəziyyətə də aydınıq gətirib: "Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərmanın icrası ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür".
Baş bankirin sözlərinə görə, sağlamlaşdırma çərçivəsində ABB-nin alacağı vəsaitlər kreditləşmənin həcmini artırmağa, faiz dərəcələrini azaltmağa, bankın müxtəlif sosial-iqtisadi proqramlara, o cümlədən də ipoteka proqramına qoşulmasına imkan verəcək.
Elman Rüstəmov əlavə edib ki, AMB hökumətlə birlikdə özəl bank sektorunun sabitlik çərçivəsinin möhkəmləndirilməsi və dəstək alətlərinin təkmilləşdirilməsi istiqamətində də çalışır.