“Qeyri-neft sektorunun payı artacaq” İqtisadiyyat

“Qeyri-neft sektorunun payı artacaq”

Vüqar Bayramov: "Gəlirlərin təmin edilməsi sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır"

Ruslan Atakişiyev: "İqtisadi inkişafa nail olunmasının başlıca atributlardan biri qeyri neft sektorunun inkişaf etdirilməsidir"


Prezident İlham Əliyevin ölkədə 2 il müddətinə bütün yoxlamaların dayandırılması ilə bağlı qərarı medianın gündəmini zəbt edib. Bir sıra ekspertlər bunun sahibkarlığın inkişafında ciddi nəticələr verəcəyi qənaətindədirlər. Prezidentin bu qərarı ölkədə nəyi dəyişdirəcək?
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı real və strateji addımlar atılmaqdadır: "...İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz cənab Prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Bu islahatlar Azərbaycan iqtisadiyyatında şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq. Qlobal və regional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhvələrini verməkdədir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İki rəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlığı isə birbaşa sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçiriləcək islahatlar ilə bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək. Qlobal iqtisadi durum çətinləşməkdədir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir. Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırılmaqdadır. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Elektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq".
Onun sözlərinə görə, dövlət başçısının tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir: "Bütövlükdə, son islahatların strateji təsirlərini aşağıdakı kimi qruplaşdırmaq olar; - Son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, Azərbaycanın makro-iqtisadi göstəricilərinə də birbaşa pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffav şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir; - Lisenziyaların verilməsinin "ASAN Xidmətə" həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi".
Ekspertt dyib ki, gələn büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək: "Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir. Bu baxımdan əslində yersiz yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına da gətirib çıxarırdı. Artıq bu neqativ hallara tamamilə aradan qaldırılacaq. Bu həm də sahibkarlıq sektorunda vergi intizamınnı güclənməsinə də səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi, dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət etməsinə səbəb olmaqla onların vergi ödənişlərinin həcmini də artaracaq. Nəticədə, dövlət büdcəsinin vergili daxilolmalarında artım müşahidə ediləcək; - Sahibkarlığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi eyni zamanda sosial əhəmiyyəy daşıyır. İnkişaf etmiş özəl sektor daha çox yeni iş yeri deməkdir. Bu ilin 9 ayında 30 min iş yeri bağlansa da 67 min yeni iş yeri yaradılıb. Təbii ki, dayanıqlı inkişafa malik olan ölkəmizdə iş yerlərinin bağlanması heç bir halda arzuolunan deyil. Aparılan tədqiqatlar göstərir ki, iş yerlərinin bağlanmasında sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin təsiri az deyildi. Belə müdaxilələr sahibkar üçün əlavə xərc və iş fəaliyyətində fasilələr ilə nəticələnirdi. Yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar eyni zamanda məşğulluğun tam təmin baxımdan böyük təsirlərə malik olacaq. Bu bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması imkanları deməkdir. Deməli, son islahatlar eyni zamanda yeni iş yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq; - Sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımdan da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asıllığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımdan, sahibkarlığın inkişafna dövlət dəstəyinin gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə stabiliyi baxımdan olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı milli valyutaya iqtisadi və psixoloji təzyiqin ciddi azaldılmasına gətirib çıxara bilər; - Son islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev isə bildirib ki, ölkədə iqtisadi dayanıqlığın təmin olunması, davamlı iqtisadi inkişafa nail olunmasının başlıca atributlardan biri də qeyri neft sektorunun inkişaf etdirilməsidir: "Azərbaycan müstəqillik qazanandan sonra bazar iqtisadiyyatının yolunu tutdu. Amma bununla yanaşı olaraq hələ də sahibkarlığın inkişafı gözlənilən səviyyədə deyildi. Bunun da bir sıra səbəbləri, problemləri mövcud idi. Onlardan birir də ölkə başçısının qeyd etdiyi kimi sahibkarlıq subyektlərinin yoxlanması, bu sahənin fəaliyyətinə müdaxilələrin olmasıdır"- deyə ekspert bildirib.
Onun sözlərinə görə, təbii ki, bu yoxlamaları 2 hissəyə ayırmaq olar: "Biri var zərurətdən yaranan yoxlamalar, biri də var ki heç bir zərurət olmadan həmin sahibkarın işini subyektiv amillərə əsasən yoxlamalar. Belə bir şəraitdə sahibkardan gözlənilən nəticəni əldə etmək çətindir. Sahibkarın fəaliyyəti ondan ibarətdir ki, sahibkar iş qurmalıdır, sərbəst fəaliyyət göstərməlidir, iqtisadiyyatda istənilən sahəni sərbəst seçməlidir, vəsait yatırmalıdır, qurduğu işin inkişafı ilə məşğul olmalıdır. Qanun çərçivəsində bu fəaliyyəti həyata keçirməklə dövlət qarşısında götürdüyü öhdəlikləri həyata keçirməlidir".
İqtisadçı ekspert vurğulayıb ki, bəzi hallarda sahibkarlıq fəaliyyətinə səlahiyyətindən sui-istifadə edənlər tərəfindən müdaxilələr olur: "Bu da sahibkarın işinə çətinliklər törədir. Xüsusən burada çətinlik çəkənlər kiçik və orta sahibkarlıq olur. Çünki ölkədə rəqabətlik iqtisadiyyatın inkişafının təməlində, əhalinin keyfiyyətli məhsullarla təmin olunması baxımında, həmçinin ucqar yerlərə əmtəələrin çatdırılması baxımından, yeni iş yerlərin açılması baxımından kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi mühüm məsələdir. Müdaxilələrə kiçik və orta sahibkarlıq subyektləri məruz qalır. Bu da sonda kiçik və orta sahibkarlıq subyektləri qarşısına qoyduğu həmin gəlirlərin əldə olunmasında çətinlik çəkirdilər. Ölkə başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsində, yəni ki 2 il müddətində sahibkarlığın fəaliyyətində yoxlamaların məhdudlaşdırılması, lisenziyaların azaldılması məsələsi sahibkarlar üçün gözlənilən məsələlərdən biri idi. Bu məsələlər həyata keçdiyi təqdirdə sahibkarlığın inkişafında müsbət təsir göstərəcək. Sahibkarlığın inkişafı son nəticədə ölkə əhalisinin rifahının artması deməkdir. Sahibkar iş yeri formalaşdırır, məhsul istehsal edir, yerli məhsul artmaqla da ÜDM artmış olur, sahibkar əldə etdiyi gəlirlə vergi ödəyir, bununla da büdcə daxil olmalarımız artmış olur. Sahibkarlığın fəaliyyəti bu günki gündə ən mühüm məsələdir".

Əli