Vergilər Nazirliyi informasiya açıqlığında 1-ci olub İqtisadiyyat

Vergilər Nazirliyi informasiya açıqlığında 1-ci olub

Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının 2016-cı ildə informasiya açıqlığına dair internet resurslarının "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilmiş monitorinqinin nəticələrinə əsasən hesabat və reytinq cədvəli açıqlanıb. Mərkəzin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Qanununun tələblərinə və beynəlxalq normalara uyğun olaraq bu ilin iyun - oktyabr aylarında apardığı monitorinqlər zamanı ölkədə fəaliyyət göstərən 70 mərkəzi icra hakimiyyəti orqanı və 68 yerli icra hakimiyyəti orqanının rəsmi internet resursları təhlil edilib.
Saytların informasiya açıqlığı vəziyyəti 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla təhlil edilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlanıb. Cari ildə 70 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 61,5% təşkil edib. Bu qurumlar üzrə onlayn şəffaflığın vəziyyəti son 3 il müddətində 5,5% artıb. Bu il ilk 3 yer üzrə orta informasiya açıqlığı səviyyəsi təxminən 78,5%, ilk 10 yer üzrə isə 76,5% təşkil edib.
Mərkəzin bu ilin iyun-oktyabr ayılarında apardığı monitorinqlər nəticəsində Vergilər Nazirliyi internet resurslarının informasiya açıqlığı üzrə 79,1%-lə birinci yerdədir. İlk onluqda daha sona Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (78,5%), Dövlət Neft Fondu (78,2%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (77,4%), Hesablama Palatası (76,5%), Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (76,1%), Mədəniyyət və Turizm Nazirliyi (75,4%), Dövlət Neft Şirkəti (75%), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (74,8%) və "ASAN Xidmət" (74,2%) yer alıb.
Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, bu ilki monitorinq prosesinə əsasən Vergilər Nazirliyi onlayn şəffaflıq üzrə liderliyini yenidən qoruyub saxlayıb. Mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli müsbət irəliləyişlər qeydə alınıb, mərkəzi icra orqanları arasında informasiya açıqlığı üzrə rəqabət genişlənib. Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri iştirak edib. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.