Ölkədəki əlverişli biznes mühiti sahibkarlığın inkişafına şərait yaradır İqtisadiyyat

Ölkədəki əlverişli biznes mühiti sahibkarlığın inkişafına şərait yaradır

Azərbaycanda son onilliklərdlə aparılan səmərəli və uğurlu iqtisadi islahatlar ölkəmizdə sahibkarlığın formalaşmasına, inkişafına, onun iqtisadiyyatdakı rolunun daha da artmasına geniş imkanlar açmışdır. Sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılmış, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin səmərəli dövlət tənzimlənməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən müvafiq normativ hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: milli iqtisadiyyatın perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.
Göründüyü kimi, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndən biri də ölkədə sahibkarlığın davamlı inkişaf etdirilməsidir. Müsbət haldır ki, Azərbaycanda ÜDM-də iqtisadiyyatın bütün sahələri üzrə qeyri-dövlət bölməsinin payının artımı müşahidə olunur. Əgər 2000-ci ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə yüksəlmiş, 2015-ci ildə 81,2% təşkil etmişdir. Müqayisə edilən 15 il ərzində iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi çoxalmışdır. 2000-2015-ci illərdə qeyri-dövlət bölməsinin payı sənayedə 48,4%-dən 83%-ə, tikintidə 63,5%-dən 84,5%-ə, kənd təsərrüfatında 99%-dən 99,8%-ə, ticarət və xidmət sahələrində 98,3%-dən 99,6%-ə, nəqliyyatda 62,6%-dən 81,7%-ə, rabitədə 57,8%-dən 81%-ə, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8%-dən 2015-ci ildə 57,8%-ə çatmışdır
Azərbaycanda aparılmış köklü islahatlar və toplanmış təcrübə bir daha sübut edir ki, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi müasir bazar iqtisadiyyatının prinsiplərinə əsaslandığı halda daha yaxşı nəticələrə nail olunur, sahibkarlıq fəaliyyəti isə ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan hər şeydən əvvəl ölkədə sahibkarlığın inkişafı üçün daha əlverişli sahibkarlıq mühitinin olması mühüm amildir. Məhz ölkəmizdə formalaşmış əlverşli biznes mühitinin nəticəsidir ki, özəl sektor dinamik inkişaf edir. Müstəqil Azərbaycan Respublikasında ötən dövrdə dövlətin həyata keçirdiyi ardıcıl və uğurlu iqtisadi islahatlar biznes mühitinin formalaşmasında və azad rəqabətin inkişafında mühüm rol oynamışdır. Nəticədə respublikamızda 1995-ci ildən etibarən sahibkarlığın, biznes sektorunun dinamik inkişafı təmin edilmişdir.
Ölkə iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin inkişaf səviyyəsi onun üçün yaradılmış əlverişli biznes mühiti ilə birbaşa bağlıdır. Sahibkarlıq fəaliyyətinə, biznes mühitinə isə müxtəlif çoxsaylı amillər təsir edir. Həmin amillər sahibkarlıq fəaliyyəti üçün nə qədər əlverşli olarsa, özəl sektor da bir o qədər yüksək templərlə inkişaf edir, iqtisadiyyatda xüsusi çəkisi və rolu artır. Sahibkarlıq fəaliyyətinə iqtisadi, siyasi, sosial-demoqrafik, texnoloji, ekoloji, mədəni, hüquqi, beynəlxalq faktorlar mühüm və həlledici dərəcədə təsir göstərir.
Bu faktorları daxili və xarici olmaqla da iki qrupa bölmək olar. Daxili faktorlara sahibkarın məqsədi, vəzifələri, müəssisənin strukturu, kadrlar və texnoloji məsələlər daxildir. Sahibkar nəyə nail olmaq istədiyini, məqsəd və vəzifələrini aydın bilməlidir ki, uğurlu nəticəyə nail ola bilsin. Habelə müəssisənin strukturu, idarə olunması optimal, müasir olmalıdır. Müəssisələr rəqabət qabiliyyətli olmaq üçün ən müasir texnologiyalardan, peşəkar kadrlardan istifadə etməlidir.
Sahibkarlıq fəaliyyətinə xarici faktorlar, müəssisə xaricindəki mühit mühüm təsir göstərir. Sahibkar firmanın, müəssisənin bu mühitə münasibətdə zəif və güclü cəhətlərini, imkanları və təhlükələri dəqiq hesablaya bilməlidir. Sahibkar öz fəaliyyətini qurarkən konkret olaraq ölkədəki iqtisadi, siyasi, sosial, texnoloji, mədəni, hüquqi mühiti, fiziki-coğrafi (iqlim) amilləri, demoqrafik vəziyyəti, institusional və təşkilati-texniki durumu nəzərə almalıdır. Bu faktorlara iqtisadi azadlıq, şəxsi maraq, bazar, rəqabət, dövlətin məhdud rolu da daxildir. Əlverişli sahibkarlıq mühiti baxımından iqtisadi azadlıqların olması mühüm amidir. İqtisadi azadlıqlar sahibkara imkan verir ki, istədiyi işlə müstəqil şəkildə məşğul olsun, bazara və resurslara sərbəst çıxış imkanları əldə etsin, fəaliyyətini genişləndirsin və s.
Qanunlar, dövlət orqanlarının tənzimləmə siyasəti də müəssisələrin fəaliyyətinə təsir edir. Hər bir müəssisə müəyyən olunmuş hüquqi statusa malikdir ki, onun əsasında öz işlərini qura bilər. Bazar iqtisadiyyatı şəraitində dövlət müəssisələrin fəaliyyətinə birbaşa (qanunlar vasitəsilə) və dolayı yolla (vergilərin tədbiqi, dövlət büdcəsi vasitəsilə) təsir göstərir. Müəssisələr dövlətin qanunlarına və hökumət strukturlarının qərarlarına əməl etməlidirlər. Əks halda onları cəza tədbirləri gözləyir. Dövlət orqanları öz fəaliyyət sferalarına aid sahələri qanunvericilik çərçivəsində tənzimləyirlər. Ölkə vətəndaşlarının azad sahibkarlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. 1992-ci ilin dekabrında "Sahibkarlıq fəaliyyəti haqqında" qanunun qəbul olunması ilə sahibkarlıq fəaliyyətinin hüquqi əsasları yaradılmışdır. Qanunda sahibkarlığın subyektləri, sahibkarlığın formaları, sahibkarlıq hüdudlarının hüquqi nizamlanması, sahibkarın hüquq və vəzifələri, sahibkarın əmlak məsuliyyəti müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi, sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergi tutulması məsələləri öz əksini tapıb.
Dövlətin roluna gəldikdə isə o, sahibkarlığın dəstəklənməsində mühüm rol oynamalı, sahibkarlıq mühitinə müdaxilənin forma və üsullarının tədbiqi zamanı balanslaşdırılmış siyasət yeritməli, sahibkarlığın inkişafını stimullaşdırmalıdır. Sahibkarlıq fəaliyyətinə təsir göstərən belə faktorlar mürəkkəb, çoxcəhətli, dəyişkəndir. Bu faktorlar özləri də çoxsaylı amillərin təsiri nəticəsində dəyişirlər. Müəssisənin effektiv fəaliyyət göstərməsi üçün yüksək ixtisaslı, peşəkar işçi qüvvəsi tələb olunur. Məsələn, Azərbaycanda müasir İKT, rabitə, nəqliyyat xidməti kimi sahələrin inkişafı artıq elə bir səviyyəyə gəlib çıtıb ki, burada yüksək ixtisaslı kadrlar tələb olunur. Habelə müasir istehlakçıların tələbləri, xidmətlərin texnologiyaları o qədər yüksəkdir ki, kadrların xüsusi hazırlıqlı olması vacibdir.
Rəqabət də sahibkarlıq fəaliyyətinə təsir göstərən əsas faktorlardandır. Rəqabət iqtisadi alət olmaqla yanaşı iqtisadi azadlıqların və şəxsi marağın sərhədlərini müəyyən edir. Bazarda uğur qazanmağın əsas faktorlarından biri də istehlakçıların rəğbətinin qazanılması və onların təlabatının hansı səviyyədə ödənilməsi ilə bağlıdır. Rəqiblər təkcə istehlakçılar uğrunda deyil, əmək resursları, material, kapital və texniki yeniliklərin əldə olunması sahəsində də mübarizə aparırlar. Müasir elmi-texniki inkişaf rəqabəti gücləndirib. Sahibkarlıq fəaliyyətinə sosial-mədəni faktorlar – əhalinin əmək haqqısı, gəlirləri, əmək şəraiti, əmək münasibətləri, hətta xalqın adət-ənənələri də tələbin formalaşmasına təsir edir.
Beynəlxalq bazardakı vəziyyətlə bağlı faktorlar da sahibkarlıq fəaliyyətinə təsirsiz ötüşmür. Hər bir ölkənin iqtisadi durumu, maddi resursları, siyasi vəziyyəti, qanunları, mədəniyyəti, inkişaf səviyyəsi bir-birindən fərqləndiyindən həmin faktorlar da çox mürəkkəbdir. Ona görə də, dünya bazarına çıxmaq istəyən Azərbaycan sahibkarları, müəssisələri bütün xarici amilləri nəzərə almalıdılar. Həmin amilləri ümumiləşdirməklə 4 qrupa bölmək olar: mədəniyyət, iqtisadiyyat, qanunvericilik və dövlət tənzimlənməsi, siyasi vəziyyət. Mədəniyyətə hər bir ölkənin milli-mənəvi dəyərləri, dini amillər, adət-ənənələr daxildir. Hər bir cəmiyyət öz mədəniyyətinə malikdir ki, bu da onun həyatında özünü göstərir. Buna uyğun olaraq da cəmiyyətdə məhsul və xidmətlərə tələbat formalaşır. Ona görə də sahibkarlar belə amilləri nəzərə almalıdılar. Xarici bazara çıxmaq istəyən şirkətlər fəaliyyət göstərmək istədiyi ölkədəki real iqtisadi vəziyyəti öyrənməli və təhlil etməlidir. Sahibkar həmin ölkənin vergi xüsusiyyətlərini, iqtisadi qanunvericilik bazasını, əmək münasibətlərini, standartlarını da nəzərə almalıdır.
Siyasi faktorlar da sahibkarlıq mühitinə təsir edən mühüm amllərdən biridir. Bu baxımdan Azərbaycanda mövcud siyasi stabillik biznesin, sahibkarlığın sabit, davamlı inkişafına imkan verir. Sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmaqla, ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab olunur. Azərbaycanda siyasi və makroiqtisadi sabitlik sahibkarlığın inkişafı üçün əlverişli mühit yaratmışdır.
Müsbət haldır ki, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər artıq öz müsbət nəticələrini vermişdir. Aparılan islahatlar daha geniş vüsət almış və sahibkarlığın inkişafı sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsidir.

Mahir Həmzəoğlu
"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"