Qafqaz Süd Sənayesi Konqresində azərbaycanlı fermerlərin təcrübəsindən danışılıb İqtisadiyyat

Qafqaz Süd Sənayesi Konqresində azərbaycanlı fermerlərin təcrübəsindən danışılıb

Martın 14-də Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ukraynanın Süd İstehsalçıları Birliyinin (USİB) birgə təşkilatçılığı ilə I Qafqaz Süd Sənayesi Konqresi keçirilib. Tədbirdə Gürcüstan, Ukrayna, Şərqi Avropa və Mərkəzi Asiyanın ölkələrindən dövlət və hökumət üzvləri, özəl süd təsərrüfatlarının, emal müəssisələrinin rəhbərləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
AYİB regional direktoru Bruno Balvanera, Gürcüstanın Kənd Təsərrüfatı naziri Levan Davitaşvili, BMT-nin FAO təşkilatının nümayəndəsi Reymund Yele və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, dünyada süd və ət məhsullarına olan tələbatın artmasından bəhs edib, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər və nəzərdə tutulan layihələr barədə danışıblar.
Konqresdə sağmal qara-malın yetişdirilməsinə dair müasir texnoloji və işgüzar yanaşmalar müzakirə olunub, regionun süd istehsalçıları və fermerlərin təcrübəsi öyrənilib. FAO və AYİB-nin "Müvafiq bazanın yaradılması yolu ilə Gürcüstanın süd sənayesində ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi" adlı birgə layihəsinin əsas nəticələri və özəl süd istehsalı müəssisələrinin gələcək inkişafına dair tövsiyələr təqdim olunub. Konqresin ikinci günündə, martın 15-də iştirakçılar Gürcüstanda qabaqcıl texnologiyaların artıq uğurla tətbiq edildiyi özəl süd fermalarına baş çəkəcəklər.
Çıxışlarda qeyd olunub ki, Qafqaz Beynəlxalq Süd Sənayesi konqresi regionda müasir süd sənayesinin inkişafında maraqlı olan fermerlər və süd sənayesinin digər subyektləri arasında bilik və texnologiya mübadiləsi üçün bir platforma yaradacaq. Gürcüstanın "Süd İstehsalçıları Assosiasiyası"nın rəhbəri Kaxaber Koniaşvili jurnalistlərə müsahibəsində deyib ki, bu gün Gürcüstanda süd və süd məhsullarına olan tələbatı ödəmək üçün mühüm işlər görülür. Heyvandarlıq və südçülük sənayesinin inkişaf ilə bağlı fermerlərə güzəştli kreditlər verilir. Gürcüstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı fermerlər və iş adamları ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində böyük işlər görürlər. Bu konqresdə də azərbaycanlı fermerlərin təcrübəsindən danışıldı. Çalışırıq ki, fermerlərin, eləcə də azərbaycanlı iş adamlarının qarşılaşdıqları problemləri vaxtında həll edək".
K.Koniaşvilinin sözlərinə görə, bəzi banklar və kredit təşkilatları ət və süd istehsalına sərmayə qoymağa ehtiyat edirlər. Bu sahə uzunmüddətli kreditləşmə tələb edir. Lakin biz çalışırıq ki, investisiya problemləri olmasın və süd məhsullarına olan tələbatımızı özümüz ödəyək.