TÜRK PA komissiyasının iclası keçirilib İqtisadiyyat

TÜRK PA komissiyasının iclası keçirilib

TürkPA-nın baş katibi: "Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq"

Dünən Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclası keçirilib.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları iştirak edib. Komisssiyanın iclasında "İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu"na dair hesabat məruzəsi dinlənilib.
İclasda çıxış edən komissiyanın sədr müavini Sevinc Hüseynova bildirib ki, ötən ilin avqust ayında Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirilib: "Həmin görüşdə qəbul olunan qərarlar da iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu mövzusunda hesabat məruzəsi layihəsinə daxil olunub".
"TürkPA-nın gələcəyinə hər birimizdə böyük əminlik var". Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasda çıxışı zamanı deyib. O bildirib ki ki, bu qurum fəaliyyət qabiliyyətli təşkilata çevrilir: "İnanırıq ki, TürkPA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran bir təşkilata çevrilə biləcək. TürkPA hazırda bir sıra beynəlxalq təşkilatda müşahidəçi qismində iştirak edir.
Onun sözlərinə görə, bu ilin sonu və ya gələn ilin əvvəli Bakı-Tiflis-Qars dəmiryolunun fəaliyyətə başlayacaq. Bakı-Tiflis-Qars dəmiryolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir. Bundan əlavə, "Şahdəniz-2" layihəsinin imzalanması həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin neft-qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq. Bu o deməkdir ki, nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəllərində Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsdi. Buna baxmayaraq, bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkələri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq.
TürkPA-nın baş katibi Jandos Asanov bildirib ki, Türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq:
"Türkdilli ölkələr arasında iqtisadi, ticarət əlaqələrini daha da genişləndirmək və daha sıx etmək üçün ən əhəmiyyətli bir məsələdir. Ölkələr arasında nəqliyyat keçidlərini artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi bütün türkdilli ölkələr arasında əlaqələri yaxınlaşdıracaq".
Qırğızıstanın nümayəndə heyətinin üzvü Adbırahman Mamataliyev isə "İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu"na dair mövzuda məruzəçi kimi çıxış edərək bildirib ki, bu mövzunun müzakirəsi çox ciddi məsələdir.
O qeyd edib ki, Qırğızıstanda sərnişinlərin 95%-i avtomobillərlə daşınır və bunun qonşu ölkələrə heç bir maneəsi yoxdur.
Türk PA-nın Qazaxıstan nümayəndə heyətinin üzvü Sarsenbay Yensegenov isə bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin əsas önəm verdiyi məsələ türkdilli ölkələr arasında nəqliyyat və logistika infrastrukturunun genişlənməsidir.
Onun sözlərinə görə, Qazaxıstan türkdilli ölkələrin Avropaya qədər açılmasına xüsusi önəm verir: "Dəniz yolunun inkişaf etdirilməsi bizim ölkələrimiz üçün çox önəmlidir. Bu, ölkələrimizin ticarətinin və iqtisadiyyatının Avropaya qədər açılması olacaq. Qazaxstan TÜRK PA-nın bütün layihələrini dəstəkləyəcək".
TürkPA-nın Türkiyədən olan üzvü Mahmud Mücahid Fındıklı qeyd edib ki, son illər TürkPA ölkələri arasında iqtisadi əlaqələr daha da möhkəmlənib: "Türk iş adamları arasında iş birliyi artıb. Biz nəqliyya sektorunu inkişaf etdirmək üçün öz imkanlarımızdan və beynəlxalq qaynaqlardan istifadə etməliyik. Ölkələr arasında nəqliyyat vasitələrinin inkişafına addımlar atılmalı, investisiyaların həcmi artırılmalıdır. Nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək, sərhədlərdə olan ləngimələri və digər sahələrdə olan bürokratik əngəlləri də aradan qaldıracaq. Enerji sahəsində mövzusu olaraq müzakirəyə çıxarılmasını da ehtiyac duyulur".
Milli Məclisin üzvü Nizami Cəfərov isə bildirib ki, nəqliyyat məsələsi türk dünyasını birləşdirən ən mühüm məsələlərdən biridir: "Nəqliyyat kommunikasiya əlaqələri təkcə türk dünyasını iqtisadi cəhətdən birləşdirmir, eyni zamanda, bu, digər cəhətdən ciddi əhəmiyyət daşıyır. Həqliyyat sahəsindəki əlaqələr bu ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə bərabər, xalqların sosial inkişafına töhfəsini vermiş olur. Xüsusən də quru və dəmir yolları xalqların rifah halının və sosial durumun yaxşılaşmasında müstəsna rolu var. Belə ki, avtomobil və dəmiryolu ölkələrin ərazisində yaşayış mənətəqələri ərazisindən keçir və bu da paralel olaraq digər infrastrukturların inkişaf etdirilməsinə təkan verir. Bunun nəticəsində xalqların yaşayış vəziyyəti yaxşılaşır. Ona görə də avtomobil və dəmiryolunun inkişafına önəm vermək lazımdır".
İclasın sonunda TÜRK PA-nın plenar iclasına çıxarılması üçün tövsiyə sənədi qəbul edilib. O cümlədən komissiyanın 4-cü iclasının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsinə dair razılıq əldə edilib.
TURQUT