Martın ilk hərracında 17 dövlət əmlakı özəlləşdirilib İqtisadiyyat

Martın ilk hərracında 17 dövlət əmlakı özəlləşdirilib

Martın 6-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir. Azərbaycanda özəl sektorun inkişafı ölkənin iqtisadi inkişafında başlıca amilə çevrilir. İqtisadiyyatda özəl sahənin xüsusi çəkisini artırmağa imkan verən, özəlləşdirilmə prosesinin sürətlənməsini təmin edən hərraclar isə davam etdirilir. Bu hərraclarda iştirak edən hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır.
Komitədən bildirilib ki, elektron hərracların tətbiqi özəlləşdirilmədə fəallığı yüksəldərək investor marağını daha da artırıb. Belə ki, bu hərracda rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Vətəndaşın onlayn qoşulduğu hərracda isə rəqabət müşahidə edilib. Başqa sözlə, Gəncə şəhərinin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında təkliflər ard-arda səsləndirilib. Belə ki, ümumi faydalı sahəsi 10 kvadratmetrə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat olmasına baxmayaraq, 8 min 500 manata sahibini tapıb. Bundan başqa Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da eyni tendensiya müşahidə edilib. İlkin start qiyməti 1750 manat olan əmlak 1920 manata özəlləşdirilib. Həmin əmlakın ümumi faydalı sahəsi isə 18 kvadratmetrə yaxındır.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri regionlarda müvafiq olaraq Gəncə, Yevlax, Şəmkir, Zərdab və Xaçmazda yerləşir. Həmin əmlaklar xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 226,5 kvadratmetr olan Yevlax şəhərində yerləşən 50 saylı mağaza və Gəncə şəhərində olan 282/45 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşdirilən "Şəmkir yay kinoteatrı" da sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kvadratmetrə yaxın, torpaq sahəsi isə 450 kvadratmetrdən çoxdur. Qeyd edilib ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 9-u paytaxtın Suraxanı, Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayonlarında, digərləri isə Gəncə, Göyçay, Ucarda yerləşir. Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 55 kvadratmetrə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanovda yerləşən ümumi faydalı sahəsi 200 kvadratmetrə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Hərracda müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri də özəlləşdirilir. Bununla yanaşı, prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşdirilən nəqliyyat vasitələri arasında Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara BMW, Fiat, Chevrolet, Kia, Nissan kimi avtomobilləri aid etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan "emdk.gov.az" və "privatization.az" portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri komitənin rəsmi səhifəsi olan "emdk.gov.az", eləcə də "privatization.az" saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edək ki, Özəlləşdirmə portalında hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də "facebook"dakı rəsmi səhifə və "Privatization.az" səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.