Hesab.az platforması “ASAN ödəniş” sisteminə qoşulub İqtisadiyyat

Hesab.az platforması “ASAN ödəniş” sisteminə qoşulub

Azərbaycanda ən böyük onlayn xidmətlər platforması Hesab.az və "ASAN xidmət" əhaliyə daha bir yenilik təqdim edib. Dövlət ödənişlərinin Hesab.az vasitəsilə həyata keçirilməsi məqsədi ilə Hesab.az platforması ödəniş xidməti təçhizatçısı kimi "ASAN ödəniş" sisteminə inteqrasiya edilib. Pilot olaraq Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkündür. "ASAN xidmət" ilə birgə tətbiq edilən bu xidmət gələcəkdə digər dövlət ödənişlərini də Hesab.az vasitəsilə onlayn həyata keçirməyə imkan verəcək.
Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310 000-dən çox mövcud istifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Yaxın zamanda bu onlayn ödənişlər üzrə müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulub. "Dövlət ödənişlərinin Hesab.az platformasına əlavə edilməsi imkanlarını yaradan və zəruri dəstəyi göstərən "ASAN xidmət"ə təşəkkür edirik. Hesab.az vasitəsilə dövlət ödənişlərinin onlayn həyata keçirilməsi müştərilərin rahatlığını artırmağa imkan verəcək. İnanıram ki, yeni xidmət ölkədə nağdsız hesablaşmaların artımına da kömək edəcək", - GoldenPay şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva bildirib.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, "Visa" və "MasterCard" beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı və ödənişi mümkündür. Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını və mobil tətbiqini təqdim etməyi nəzərdə tutur.