Vergi ödəyicilərinin fərdi elektron-qutusu... İqtisadiyyat

Vergi ödəyicilərinin fərdi elektron-qutusu...

Vergi sistemində Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiq edilməsi daxili sənəd dövriyyəsinin, hesabat-məlumat sisteminin tam elektronlaşdırılmasına, elektron xidmətlərin, xüsusilə də e-kargüzarlığın inkişafına təkan verib. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, elektron vergi-hesab fakturalarının, e-bəyannamə və "onlayn kargüzarlıq" sistemlərinin və digər xidmətlərin tətbiqi vergiödəyicisinə bəyannaməni internet vasitəsilə təqdim etmək, onun tərtibinə və düzgünlüyünə nəzarət etmək, öz şəxsi vərəqəsinə "real vaxt" rejimində baxmaq imkanları verib. Bütün bu elektron xidmətlərin mahiyyətini qıcasa olaraq belə ifadə etmək olar: Vergiödəyicisi öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmalıdır.
Vergi orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması yeni rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini tələb edir. Vergi inzibatçılığının rəqəmsallaşdırılması kumulyativ effektə malikdir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin yüksəltməyinin əsasıdır. Bu cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı artırmağa, vətəndaş məmnunluğunu yüksəltməyə, bütün tərəflər üçün şəffaflığı təmin etməyə xidmət edir. Vergiödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında birbaşa fiziki təmasların minimumlaşdırılması bu siyasətin mühüm tərkib hissəsidir. Vergilər Nazirliyinin "onlayn kargüzarlıq" sistemi vergi orqanı ilə sahibkar arasında məsafədən ünsiyyəti qurmaq baxımından xüsusilə əhəmiyyətlidir. Məlum olduğu kimi, hər bir vergiödəyicisinə bu sistemdən yararlanmaq imkanı yaradılıb. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan hər bir vergiödəyicisinə İnternet Vergi İdarəsində fərdi elektron qutu (e-qutu) yaradılır və ona qapalı zərfdə müvafiq istifadəçi kodu, parol və şifrə təqdim olunur.
Fərdi elektron qutu vergiödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır. Fərdi elektron qutuya malik vergiödəyicisi nə əldə edir: Birincisi, vergi orqanı ilə elektron yazışmalara keçən ödəyici üçün ənənəvi üsulla kağız daşiyıcılarında sənədlərin göndərilməsinə zərurət olmur, sahibkar vaxt və resurs itkilərinə məruz qalmır. İkincisi, e-qutunun tətbiqi sayəsində vergiödəyiciləri vergi sisteminə aid istənilən məlumat tipli sənədi tez bir zamanda əldə edə bilmək imkanı qazanır.
Üçüncüsü, vergiödəyicilərinə göndəriləcək sənədlər (uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir. Dördüncüsü, bu sistem üzərindən edilən bütün müraciətlər rəsmi sənəd statusuna malik olur. Vergi orqanından vergiödəyicilərinə, eləcə də vergiödəyicilərindən vergi orqanına ünvanlanan müraciətlər və verilən cavablar arxivləşdirilərək vergiödəyicisinin fərdi e-qutusunda toplanır. Sahibkar istənilən vaxt bu cavablardan rəsmi statuslu sənəd olaraq istifadə edə bilər. Beşincisi, vergiödəyiciləri onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Altıncısı, vergiödəyiciləri öz aralarındakı yazışmalarda da e-qutudan istifadə edə bilərlər. Vergi orqanlarının istifadəçilərə və vergiödəyicilərinin bir-birinə ünvanladıqları məktublar və cavablar həmin anda ünvana çatır, istifadəçilərə məxsus olan qutuya toplanır və məktublara internet vasitəsilə istənilən yerdə baxmaq mümkün olur.
Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin əməkdaşı Şahin Musabəyov vergiödəyicilərinə mütəmadi olaraq "onlayn kargüzarlıq" sistemi vasitəsilə elektron qutularını yoxlamalarını tövsiyə edir: "Vergiödəyicisinin İnternet Vergi İdarəsinin "Onlayn Kargüzarlıq" bölməsinə vergi orqanı tərəfindən göndərilən sənədin göndərilmə tarixindən 5 təqvim günü keçdikdə və sənəd oxunulmamış qalarsa, növbəti gün ona məktubun oxunulması barədə SMS göndərililir. Beləliklə, vergiödəyicisi fərdi e-qutuda oxunulmamış məktubun olması barədə məlumatlandırılır. Vergilər Nazirliyi ilə e-sənəd mübadiləsinə qoşulan şəxslərlə yanaşı, gücləndirilmiş elektron imza, o cümlədən ASAN imza sahibləri də onlayn karguzarlıq sistemindəki fərdi e-qutularından yararlana bilərlər".
Şahin Musabəyov elektron qutudan istifadənin vacibliyini belə izah edir: "Məsələn, vergi borcu barədə ödəyiciyə adi poçt vasitəsilə göndərilən bildiriş onun ünvanına vaxtında yetişməyə və bununla da vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsində müəyyən ləngimələr yarana bilər. Həmin bildirişin e-qutuya göndərilməsi və vergiödəyicisinin onu oxuması üçün isə cəmi bir neçə saniyə lazımdır. Bundan əlavə, bu sistemə müraciət edən bütün vətəndaşlar Vergilər Nazirliyinə göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini "real vaxt" rejimində izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa əlaqə yarada bilərlər. Həmin sistem vasitəsilə vergi orqanına göndərilən bütün müraciətlər rəsmi status alır".
Bəs vergiödəyicilərinin elektron qutulardan istifadə fəallığı necədir? Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamentinin Vergiödəyicilərinin qəbulu və xidmət şöbəsinin rəhbəri Məmməd Quliyev son dövrlərdə fərdi elektron qutulardan istifadənin artdığını bildirir. Bununla belə, vergiödəyicilərinin ümumi sayına münasibətdə proses qaneedici səviyyədə deyil. Onun sözlərinə görə, təcrübədə, bəzən, elə vergiödəyicilərinə rast gəlmək olur ki, onlar elektron qutudan istifadəni mürəkkəb bir proses hesab etdiklərinə görə bu xidmətdən istifadə etmirlər. Halbuki, elektron qutudan istifadənin əsas prinsiplərini izah etdikdən sonra onların böyük əksəriyyəti bu xidməti artıq özlərinin vərdiş etdikləri elektron məktublarla müqayisə edərək bu sistemin sadəliyini başa düşürlər. Fərdi elektron qutular müasir zamanda hər kəsin istifadə etdiyi məktublaşma servisləri qədər sadədir.
M.Quliyev bildirir ki, internetə çıxışı məhdud olan ödəyicilər Vergilər Nazirliyinin müxtəlif bölgələrdə yaratdığı vergiödəyicilərinə xidmət terminallarından e-qutuya məlumat göndərə bilərlər: "Biz, həmçinin müxtəlif üsullarla vergi ödəyicisinin e-qutusunda oxunmamış məktubların olması ilə bağlı məlumatın ona ötürülməsinə çalışırıq. Məsələn, vergiödəyicisinin mobil telefonuna bu barədə mesajın göndərilməsi, yaxud onun elektron ünvanında xəbərdaredici işarənin yerləşdirilməsi və s. Başlıcası odur ki, vergiödəyicilərinin artıq böyük bir qismi e-qutunun üstünlüklərindən xəbərdardırlar və biz bu istiqamətdə məlumatlandırma və izahat işlərini hər gün davam etdiririk".