Regionların sosial-iqtisadi inkişafı: yerinə yetirilən vədlər və yeni tendensiyalar İqtisadiyyat

Regionların sosial-iqtisadi inkişafı: yerinə yetirilən vədlər və yeni tendensiyalar

Hər bir uğurlu layihə və proqramın arxasında yüksək siyasi dəstək və iradə dayanır. Məhz Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyası bu siyasi dəstək və iradənin təcəssümüdür. Bu strategiyanın həyata keçirilməsinin nəticəsi olaraq bir çox sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də Azərbaycan modeli dünyaya təqdim edilib. Bu strategiya ölkəyə siyasi və makroiqtisadi sabitlik gətirib, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub.

Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki…

"Mən 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda söyləmişdi. Bu sözlər də əslində, Azərbaycanı hər gün yeni zirvələrə daşıyan iqtisadi layihələrin arxasında böyük siyasi iradə və dəstəyin olduğunu göstərirdi.
Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıq. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub.

Dövlət proqramları uğurla icra olunur

Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olub. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi də dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib. 2004-2018-ci illər ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Hazırda dördüncü proqramın qəbul edilməsinə hazırlıq görülür.
"Deməliyəm ki, birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Həyat bunu əyani şəkildə göstərir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş proqram demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Azərbaycan regionlarının sürətli inkişafı məhz birinci proqramın icrası ilə bağlı idi", - dövlət başçımız bu ilin əvvəlində bildirmişdi.
Regionların inkişafına dair uğurla icra edilən dövlət proqramları Azərbaycanın müxtəlif bölgələrində tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının hazırlanmasını şərtləndirən əsas məqsəd ölkədə iqtisadiyyatın diversifikasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi. Və sevindirici haldır ki, dövlət proqramlarında qarşıya qoyulan məsələlər tam yerinə yetirilib.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafına dövlət dəstəyi güclənib, yerli istehsal və emal müəssisələrinin fəaliyyəti genişləndirilib, iqtisadi və sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub. Paralel olaraq yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edib.

Regionların iqtisadi inkişafında yeni tendensiyalar

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının əsas məqsədi infrastrukturun yaradılmasına yardım etməkdir. Dövlət proqramlarının icrasından əvvəl rayonlarda praktik olaraq nəinki infrastruktur, həmçinin kommunal xidmətlərin verilməsi ilə bağlı problemlərin mövcud olduğunu deyən ekspert qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası regionlarda infrastrukturun formalaşdırılması, xüsusən regionlarla paytaxt arasındakı infrastruktur fərqinin aradan qaldırılmasına hesablanmışdı:
"Dövlət proqramlarının icrasının birinci mərhələsi infrastrukturun formalaşdırılması və bunun hesabına regionlara sərmayənin cəlb edilməsi əsas prioritet idi. İkinci mərhələdə formalaşmış infrastrukturun artıq dəyərə çevrilməsi çox vacibdir. Artıq dövlət proqramları keyfiyyət baxımından mövcud infrastrukturun dəyərə çevirməsini hədəfləyir.
Sektorlar üzrə baxsaq, regionlar əvvəllər daha çox aqrar sektorun inkişafı ilə xarakterizə olunurdu, amma artıq regionların sənayeləşməsi özünü göstərir. Regionların malik olduğu potensial artıq aqrar sektorla yanaşı, sənaye və emaledici sənayenin inkişafını tələb edir. İnfrastrukturun dəyərə çevrilməsi mərhələsində də innovasiya tələb edən sektorların dəstəklənməsi və inkişaf etdirilməsinə ehtiyac var. Bu baxımdan, potensial artıq aqrar sektordan sənaye və emaledici sektora transfer olunur. Həm sənaye parklarının yaradılması, həm də sənaye şəhərçiklərinin formalaşdırılmasından məqsəd məhz potensialın innovativ olaraq transferinə nail olmaqdan ibarətdir".
İqtisadiyyatda regionların payında artımın qeydə alındığını vurğulayan V.Bayramov qeyd edib ki, qeyri-neft ixracının yarıdan çoxu regionların payına düşür:
"Qeyri-neft ixracının artırılması ilə yanaşı, bütövlükdə büdcədə və biznesdə regionların payının artırılması prioritet olaraq qalır. Regionların inkişafı üzrə üç dövlət proqramının yerinə yetirilməsi sərmayənin cəlb olunmasına imkan verən infrastrukturun formalaşdırılması baxımından əhəmiyyətli idi. Növbəti mərhələdə, xüsusən biznes mühitinin formalaşdırılması hesabına regionların iqtisadiyyatına daha çox sərmayənin cəlb olunması prioritetdir".
Ekspertin sözlərinə görə, sərmayələrin cəlb olunmasında yerli hakimiyyət orqanlarının rolunu gücləndirmək vacibdir. O söyləyib ki, sərmayələrin cəlb edilməsi, əslində yerli hakimiyyət orqanlarının bir funksiyası kimi xarakterizə olunmalıdır. Yerlərdə investisiya mühitinin yaradılmasının yerli hakimiyyət orqanlarının fəaliyyətindən asılı olduğunu deyən V.Bayramov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev regionlara investisiyanın cəlb olunması üçün yerli hakimiyyət orqanlarının qarşısına konkret tapşırıqlar qoyub.

Mükəmməl iqtisadi təhlillərə söykənən iqtisadi proqram

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarını Prezident İlham Əliyevin çox mükəmməl iqtisadi təhlillərinə və elmi əsaslara söykənən iqtisadi proqram adlandırıb:
"Prezident bunu 2003-cü ildə öz seçki platformasında elan etmişdi. Sonrakı mərhələlərdə də göründüyü kimi, bu proqramlar Azərbaycan iqtisadiyyatında mühüm rol oynadı. Elektrik enerjisi və yol infrastrukturunun, eləcə də sosial infrastrukturların bərpası birinci proqramda öz həllini tapdı, sonrakı mərhələlərdə isə insanların daimi iş yerləri ilə təmin olunması, regionların potensialına uyğun olaraq orada aqrar və sənaye sahələrinin inkişaf etdiriləsi prioritet oldu".
Regionların inkişaf etdirilməsi ilə yanaşı, eyni zamanda qanunvericilik bazasında ciddi addımlar atıldı. Millət vəkili söyləyib ki, regionlarda sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar vergi sistemində mühüm dəyişikliklər oldu, torpaq vergisi istisna olmaqla, bütün vergilər ləğv olundu. Fermerlərə gübrələr və hər hektara görə subsidiyalar, güzəştli kreditlər verildi, bütün bunlar isə dövlət proqramlarının mərhələ-mərhələ həllini şərtləndirdi.
"Dövlət proqramları bütövlükdə bir-birinin davamıdır. Dövlət proqramlarının ən başlıca məqsədi hərbi regionun əmək ehtiyatları, təbii resursları və digər spesifik xüsusiyyətləri nəzərə alınaraq orada daimi iş yerlərinin yaradılması, vətəndaşlarımızın işlə təmin olunması, bütövlükdə şəhərin yükünün azaldılaraq regionların inkişafına nail olmaqdır. Dövlət proqramlarının başlıca hədəflərindən biri yerli xammala əsaslanan istehsal və emal sahələrinin yaradılması idi. Bununla əlaqədar olaraq yerlərdə çox böyük emal müəssisələri fəaliyyətə başlayıb. Rusiya və digər ölkələrə böyük həcmdə kənd təsərrüfatı məhsulları ixrac edirik. Bu isə ölkəyə böyük miqdarda valyutanın daxil olması deməkdir. Sahibkarların məhsullarını xarici bazarlara çıxarılması üçün gömrük rüsumlarının yumşaldılmasına dair proqram qəbul olundu, gömrük islahatları həyata keçirdi. Sahibkarların ixrac etdikləri məhsullara vergi güzəştlərinin tətbiqi və bəzi vergilərin geri qaytarılması kimi stimullaşdırıcı tədbirlər həyata keçirildi. Dövlət tərəfindən təşviqedici addımlar atıldı, bir çox ölkələrdə Azərbaycan ticarət evləri yaradıldı, məhsullarımızın xaricdə təbliğ olunması üçün "Made in Azerbaijan" brendi adı altında işlər görüldü. Bütün bu addımlar dövlət büdcəsi hesabına atıldı və sahibkarlarımızın xarici bazarlara çıxışını asanlaşdırdı. Hətta ölkədən kənarda sahibkarlıqla məşğul olan böyük şirkətlərimiz var", - iqtisadlçı millət vəkili vurğulayıb.
Qeyri-neft sektorunda regionların çəkisinin getdikcə artdığını deyən A.Hüseynov qeyd edib ki, artıq 34 rayonumuz özünü maliyyələşdirir, öz gəlirləri hesabına büdcələrini formalaşdırırlar:
"Əvvəllər mərkəzdən dotasiya alan rayonlarımız vergi ödəyən subyektlərin hesabına büdcəni formalaşdırırlar. Nəticədə, getdikcə ümumi daxili məhsulun payında sahibkarlığın, özəl sektorun iştirakı get-gedə artır", - o əlavə edib.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatında əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən islahatlara yüksək qiymət verib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb (2017). Forumun "İnklüziv inkişaf indeksi" adlı illik hesabatında (2017) Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib.

Ömər Əmirov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.