Azərbaycanda biznes mühiti və iqtisadi islahatlar İqtisadiyyat

Azərbaycanda biznes mühiti və iqtisadi islahatlar

Son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qəbul edilmiş qərarlar, qanunlar, dövlət proqramları ölkədə azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. Burada başlıca məqsəd biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafıdır.

Sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri

Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində konkret iqtisadi islahatlar aparmaq üçün mühüm qərarlar qəbul olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Həmin Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır .
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkədə sahibkarlığın davamlı inkişafına şərait yaradacaq.
Beləliklə, Azərbaycanda sahibkarlığın davamlı inkişafı məqsədilə hüquqi tənzimləmə, qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə biznes mühitinin yaxşılaşdırılması əsas hədəflərdən biridir. Azərbaycanda son illər həyata keçirilən bu iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Dövlət biznes şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyə bundan sonra da davam edəcək. Bu Strateji Yol Xəritəsində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 11 sektoru əhatə edən konseptual məsələlərdə öz əksini tapıb.
2015-ci ilin sonlarından etibarən ölkə başçısı tərəfindən sahibkarlığın inkişafı ilə bağlı verilmiş mühüm qərarlar biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımlardır. Belə ki, bu müddətdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmış, sahibkarların təkrar şikayətlərinə baxılması üçün Apellyasiya Şuraları yaradılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı ciddi şəkildə azaldılmış, onların verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmiş, elektron gömrük xidmətləri genişləndirilmiş, ixracın və investisiyaların təşviqi, yerli istehsalın dəstəklənməsi, dövlət satınalmalarında yerli istehsala üstünlük verilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması mexanizmləri yaradılmış, sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün tələb edilən prosedurlar sadələşdirilmiş, ümumilikdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bir pəncərə sisteminin və elektron xidmətlərin genişləndirilməsi, inzibati prosedurlar üçün tələb edilən vaxtın qısaldıması, maliyyə əlçatanlığının genişləndirilməsi və s. sahələrdə sistemli islahatlar həyata keçirilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə" ölkə Prezidentinin 3 noyabr 2017-ci il tarixli fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Bütün bunlar ölkədə sahibkarların hüquqlarının qorunması, dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm qərarlardır.

Azərbaycan Dünya Bankının "Doing Business 2019" hesabatında

Dünya Bankının 31 oktyabr 2018-ci ildə açıqladığı "Doing Business 2019" hesabatına əsasən Azərbaycan həmin hesabatda 32 pillə irəliləyərək 25-ci yerə yüksəlib, "Doing Business 2018"də ölkəmiz 57-ci yerdə idi. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir. Belə ki, Qazaxstan 28-ci, Rusiya 31-ci, Belarus 37-ci yerdədir. Hətta əvvəlki illə müqayisədə Qazaxıstan 8, Rusiya 4, Belarus 1, Qırğızıstan 7, Ukrayna 5, Özbəkistan 2, Tacikistan isə 3 pillə geriləyib. Qonşu Gürcüstan reytinqdə 6-cı yerdədir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar "Doing Business 2019" hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin yaxşılaşmasına imkan verib. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabata əsasən ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, "Kiçik investorların maraqlarının qorunması" indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə başlama" (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə "Doing Business 2019" hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Həyata keçirilən islahatların nəticəsi olaraq ölkəmiz 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib. Ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı üzrə əhəmiyyətli irəliləyiş baş verib.
Qeyd etmək lazımdır ki, Dünya Bankının hər il hazırladığı "Doing Business" hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən etibarlı reytinq göstəricisi hesab olunur. "Doing Business" komandası ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir.

Azərbaycanda sahibkarlığın inkişafı meyilləri

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə aparılan iqtisadi islahatlar ölkədə sahibkarlığın inkişafına təkan vermişdir. Xüsusən də dövlət-sahibkar münasibətlərinin, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması, o cümlədən özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət qayğısının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi bu baxımdan əhəmiyyətlidir. Bunların nəticəsidir ki, ölkədə, xüsusən də qeyri-neft sektorunda özəl sektorun inkişafı meyilləri müşahidə olunur.
Belə ki, Azərbaycanda ÜDM-də iqtisadiyyatın bütün sahələri üzrə qeyri-dövlət bölməsinin payının artımı müşahidə olunur. Əgər 1995-ci ildə ÜDM-də özəl sektorun payı 30,3 faiz, 2000-ci ildə 70,8 faiz idisə, sonrakı illərdə də artaraq 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə yüksəlmiş, 2017-cı ildə 83,8% təşkil etmişdir. Müqayisə edilən 20 il ərzində iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi çoxalmışdır. 2000-2017-ci illərdə qeyri-dövlət bölməsinin payı sənayedə 48,4%-dən 87,9%-ə, tikintidə 63,5%-dən 84,6%-ə, kənd təsərrüfatında 99%-dən 99,9%-ə, ticarət və xidmət sahələrində 98,3%-dən 99,7%-ə, nəqliyyatda 62,6%-dən 82,4%-ə, rabitədə 57,8%-dən 81,2%-ə, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8%-dən 2015-ci ildə 56,1%-ə çatmışdır
Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitini tənzimləyən iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlıq fəaliyyəti inkişaf edir və ÜDM-də, iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi artır. Dövlət müxtəlif vasitələrlə özəl sektorun inkişafını təşviq edir. Bu məqsədlə qanunvericilik bazası daim təkmilləşdirilir, özəlləşdirmə aparılır, müxtəlif proqramlar qəbul edilib, vergi və kömrük sistemində islahatlar həyata keçirilib, özəl sektorun dəstəklənməsi üzrə müxtəlif maliyyə mənbələri formalaşdırılıb, infrastruktur problemləri həll olunur və s.
2017-2018-ci illlər də dərin iqtisadi islahatlar və sabitləşmə ili olmuş, ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikada biznes mühitinin əlverişliyinin artırılması istiqamətində kompleks tədbirlər davam etdirilmiş, sahibkarlığın inkişafı istiqamətində səylər gücləndirilmiş, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunda sahibkarlığın tərəqqisi istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu sahədə islahatların davam etdirilməsi və iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğundur. Çünki biznes mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi sahibkarlığın inkişafını stimullaşdırır, Dünya Bankının "Doing Business" kimi beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeləri bir qədər də yüksəlir. İslahatların davamlı olması növbəti illərdə də həmin reytinqlərin daha da yaxşılaşacağını proqnozlaşdırmağa zəmin yaradır.

Mahir Həmzəoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir