“Daşkəsən Filizsaflaşdırma“ ASC-nin səhmləri satışa çıxarıldı İqtisadiyyat

“Daşkəsən Filizsaflaşdırma“ ASC-nin səhmləri satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Daşkəsən Filizsaflaşdırma" ASC-nin səhmlərinin 99,22 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. ƏMDK-dən bildiriblər ki, ASC "Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq müsabiqəyə çıxarılıb.
Müsabiqədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi tanınan yerli investorlarla yanaşı, xarici investorlar da iştirak edə bilərlər. Dəmir filizlərinin hasilatı və emalı müəssisəsi olan "Daşkəsən Filizsaflaşdırma" ASC-nin nizamnamə kapitalı 1 milyon 63 min 140 manatdır. Sənədsiz adlı səhmlərin sayı 531 min 570 ədəd, bir səhmin nominal dəyəri 2 manat, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 527 min 447 ədəd, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri 1 milyon 54 min 894 manatdır.
"Daşkəsən Filizsaflaşdırma" ASC-nin 304 işçisi, 18 milyon 857 min 261 manat öhdəliyi, o cümlədən 676 min 534 manat əməkhaqqı və ona bərabər tutulan borcu, 5 milyon 426 min 223 manat dövlət büdcəsinə olan borcu, 1 milyon 504 min 262 manat Dövlət Sosial Müdafiə Fonduna olan borcu, 1 milyon 808 min 354 manat dövlət xidmətlərinə görə dövlət müəssisələrinə (elektrik enerjisi, qaz, su, kanalizasiya, dəmir yolu daşımaları) olan borcu, 3 milyon 168 min 693 manat mal, iş və xidmətlərə görə qeyri-dövlət müəssisələrinə olan borcu, 3 milyon 684 min 73 manat alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borcu, 2 milyon 589 min 122 manat sair borcu, eləcə də 321 min 145 manat debitor borcu var.
ASC-nin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olmaq, investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək, ərizə və təklifləri təqdim etmək üçün dekabrın 10-dək, hər gün saat 10:00-dan 17:30-a qədər ƏMDK-ya müraciət etmək olar. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında dekabrın 11-də saat 15:00-dan başlayaraq həyata keçiriləcək.