“Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-NATO savaşıdır” Dünya

“Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-NATO savaşıdır”

“Almaniyanın Ukraynaya hərbi dəstək göstərməsi yeni məsələ deyil. Ümumiyyətlə, Ukrayna-Rusiya savaşında Ukraynanın ən böyük dəstəkçilərindən biri Almaniyadır. Almaniya demək olar ki, ilk gündən Ukraynaya kifayət qədər ciddi məbləğlərdə maliyyə yardımı göstərir, hərbi silah-sursat alınmasında iştirak edir. Hətta bu məsələdə Avropa ölkələrinin içində Almaniya liderdir”.

Bunu xalqcebhesi.az-a politoloq Əli Mustafa söyləyib.

Ə.Mustafa əlavə edib ki, indiki məqamda isə bunun bir qədər fərqli anlamı var: “Çünki son vaxtlar artıq Rusiya-Ukrayna savaşı daha çox bir növ Rusiya-Avropa gərginliyinə yönəlməyə başlayıb. Yəni savaş da gedir, amma paralel olaraq Rusiyanın artıq Avropa ölkələri ilə sanki birbaşa qarşıdurması dərinləşir və burada da Almaniyanın xüsusi yeri var. Ruslar almanların, almanlar rusların ünvanına kifayət qədər sərt ifadələr işlədirlər”.

Politoloqun fikirlərinə görə, hər iki tərəf Ukrayna üzərindən bu savaşda iştirak etdiklərini qeyd edirlər: “Yəni bu gün Rusiya-Ukrayna savaşı, əslində, Rusiya-NATO savaşıdır. Burada da Almaniyanın xüsusi rolu var. Xüsusilə maliyyə dəstəyi məsələsində Almaniya olduqca böyük işlər görür. Hazırda 1 milyon avro yardımın birbaşa hərbi ehtiyaclara, silah-sursat alınmasına yönləndirilməsi onu deyir ki, Almaniya Ukraynanın arxasında durub və onu Rusiya ilə savaşda dəstəkləyir. Bu, həm də onu deməyə əsas verir ki, artıq Avropa ölkələri Rusiya ilə qarşıdurmadan çəkinmirlər və Ukraynaya göstərdikləri dəstəyi Ukraynanın azadlığı, demokratiya uğrunda gedişinə, avrointeqrasiyasına dəstək kimi, hətta ölkələrarası əməkdaşlıq məsələləri kimi qeyd edirlər. Ancaq əsas odur ki, onlar bu köməklə Rusiyadan qorxmadıqları mesajını verirlər və Ukraynaya nə lazımdırsa, etməyə hazırdırlar. Dolayısı ilə bu, o deməkdir ki, savaş davam edəcək”.

Röya İsrafilova