“Türkiyə Azərbaycanın NATO proqramına qoşulmasını tələb edir” Gündəm

“Türkiyə Azərbaycanın NATO proqramına qoşulmasını tələb edir”

“NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlı olduğu və Azərbaycanla Ermənistanın “Sülh Naminə Tərəfdaşlıq” proqramına eyni vaxtda cəlb olunmasının mümkün olduğu bildirilir”.

Bu barədə politoloq Əli Mustafa “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, NATO-nun Ermənistan və Azərbaycanın “Sülh Naminə Tərəfdaşlıq” proqramına cəlb edilməsini istəməsi alyansın genişlənmək niyyətində olması anlamına gəlmir:

“Görünür ki, NATO-nun Cənubi Qafqaz ölkələrinə, yəni “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Ermənistan və Azərbaycanın bu proqrama cəlb edilməsini istəməsi, o demək deyil ki, NATO genişlənməkdə, davam etməkdə maraqlıdır. Avropa İttifaqı və NATO Cənubi Qafqaz ölkələrindən birinin prosesə cəlb edilərək digərinin kənarda saxlanılmasının doğru olmadığını anlayır. Avropa strukturları, istər Avropa İttifaqı olsun, istər NATO olsun, anlayırlar ki, Cənubi Qafqazın bir ölkəsini bura qəbul edib digərini kənarda saxlamaq doğru deyil. Onun üçün bir formada bu ölkələrin, hətta Gürcüstan, Ermənistan, Azərbaycanın üçünün birlikdə bura inteqrasiyası yəqin ki, arzulananıdır”.

Politoloq bildirib ki, Fransanın Azərbaycanın “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirakına maneçilik törətməsi Türkiyənin də Ermənistanla bağlı analoji mövqe sərgiləməsinə səbəb olub:

“Fransanın Azərbaycana qarşı sanksiya təşəbbüsü, yəni Azərbaycanın bu “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirakına maneçilik törətməsi, Türkiyənin də adekvat addım atmağa və Ermənistanı bloklamağa vadar etdi. Əslində Türkiyə burada növbəti dəfə birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, Azərbaycana qardaş dövlət olduğunu ortaya qoyub.Türkiyənin mövqeyi NATO-ya mühüm mesajdır. Türkiyə mesaj verib ki, əgər Ermənistanı burada görmək istəyirsinizsə, onda zəhmət çəkib Azərbaycanı da qəbul edin. Yox, Azərbaycana qarşı sanksiya tətbiq edəcəksinizsə, onda mən də Ermənistana bu şansı verməyəcəyəm”.

O vurğulayıb ki, NATO-da qərarlar konsensus əsasında qəbul edildiyindən alyans Türkiyənin mövqeyini nəzərə almalıdır:

“Zatən NATO-da qərarlar belə qəbul edilir, konsensus olması hər hansı bir qərarın qəbul edilə bilməsi üçün əsas şərtdir. Odur ki, onlar Türkiyəni eşitməyə, burada ayrı-seçkilik siyasətindən kənarlaşmağa məcburdurlar”.

Politoloqun sözlərinə görə, Azərbaycanla Fransa arasında münasibətlərin müəyyən qədər yumşalması da yeni imkanlar yarada bilər:

“Fransadan sonra Azərbaycanla Fransa arasında müəyyən qədər münasibətlər yumşalıb. Odur ki, mən düşünürəm ki, artıq bu ölkələrin, yəni eyni zamanda Azərbaycanın və Ermənistanın NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmasına əlverişli fürsət yaranıb, şans yaranıb”.

Ə.Mustafa xatırladıb ki, Türkiyə daha əvvəl Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsində də öz şərtlərini irəli sürüb və nəticədə buna nail olub:

“Biz onu xatırlayırıq ki, vaxtilə Finlandiyanın və İsveçin də NATO-ya daxil olması məsələsində Türkiyə öz şərtlərini irəli sürdü və sonunda buna nail oldu. Hər halda mən ümid edirəm ki, indi də yenə oxşar nəticələrin reallaşması şansı var”.

Politoloq hesab edir ki, Türkiyənin NATO-dakı mövqeyi Azərbaycanın da prosesə cəlb olunması üçün mühüm amildir:

“Türkiyə NATO üzvü olaraq və həm də NATO-da kifayət qədər böyük nüfuzu və çəkisi olan bir dövlət olaraq bildirir ki, Ermənistanı, xüsusilə Ermənistanı bura qatacaqsınızsa, onda Azərbaycan dövləti də ən azı bu “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmaq haqqına sahibdir”.

Ə.Mustafanın fikrincə, NATO Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıqda maraqlıdır və növbəti dəfə məsələ gündəmə gələcəyi təqdirdə Azərbaycanla Ermənistanın eyni vaxtda proqrama daxil edilməsi mümkün ola bilər:

“Hər halda mənə elə gəlir ki, NATO da Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq etməkdə maraqlıdır və yəqin ki, növbəti dəfə bu təşəbbüs məsələsi gündəmə gələcəksə, o halda yəqin ki, Azərbaycan və Ermənistan eyni zamanda bura daxil ediləcək”.

Günel Elxan