“Bununla ABŞ-yə mesaj verilir ki...” Gündəm

“Bununla ABŞ-yə mesaj verilir ki...”

“Hazırda İranda həm hakimiyyət daxilində, həm də cəmiyyət arasında ciddi ruh yüksəkliyi müşahidə olunur. İranda könüllü dəstələrin yaradılması və yürüşlərin keçirilməsi təsadüfi deyil. Bununla ABŞ-yə mesaj verilir ki, İran istənilən hücuma qarşı hazırdır və müqavimət göstərmək əzmindədir. Eyni zamanda, əsas mesajlardan biri də İsrailə ünvanlanıb. Son günlər Netanyahu və Tramp tərəfindən İrana qarşı yeni hücum dalğasının başlaya biləcəyi, hərbi əməliyyatların bərpa olunacağı barədə fikirlər səslənir. Hətta Netanyahu İranın sıradan çıxarılacağını bəyan edir. Belə bir şəraitdə Tehranın öz hərbi və ictimai potensialını nümayiş etdirməsi qarşı tərəfə ciddi çəkindirmə mesajıdır”.

Bunu xalqcebhesi.az-a Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.

C.Abbaslı düşünür ki, bundan sonra da İran tərəfindən bu tipli mesajların verilməsi davam edəcək: “Regionda gərginliyin artacağı ehtimalı kifayət qədər yüksəkdir. İran hakimiyyəti də proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyini anlayır və buna görə öz müqavimət imkanlarını nümayiş etdirir. Bununla belə, noyabrın 3-dək hər hansı genişmiqyaslı müharibənin başlamasını gözləmirəm. Çünki həmin tarixdə ABŞ-də aralıq seçkiləri keçiriləcək. Tramp administrasiyasının seçkilərə qədər yeni müharibəyə başlamaqda maraqlı olduğunu düşünmürəm. ABŞ cəmiyyətində İranla müharibəyə qarşı ciddi narazılığın olduğu keçirilən sorğularda da özünü göstərir. Bu səbəbdən Vaşinqtonun seçkilərə qədər belə bir addımdan çəkinməsi daha real görünür. Noyabrın 3-dən sonra isə vəziyyət dəyişə bilər. Tramp administrasiyası seçkilərin nəticələrindən, regiondakı vəziyyətdən və İranın atacağı addımlardan asılı olaraq yeni qərarlar qəbul etməsi gözlənilir. İstənilən halda, İranın hazırkı dirəniş və səfərbərlik xəttini bundan sonra da davam etdirəcəyini düşünürəm”.

Röya İsrafilova