Könül Nurullayeva: Ermənistanın müharibə cinayətləri ifşa olunub Gündəm

Könül Nurullayeva: Ermənistanın müharibə cinayətləri ifşa olunub

“44 günlük Vətən müharibəsi Azərbaycanın illər ərzində apardığı diplomatik və informasiya siyasətinin yeni mərhələyə keçməsinə səbəb oldu”.

Bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva Xalq Cəbhəsinə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, müharibə dövründə Azərbaycanın əsas istiqamətlərindən biri baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, mülki əhalinin hədəfə alınması ilə bağlı faktların sənədləşdirilməsi və məsələlərin beynəlxalq hüquq müstəvisində gündəmə gətirilməsi olub:

“2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın illər ərzində apardığı diplomatik və informasiya siyasətinin yeni mərhələyə keçməsinə səbəb oldu. Bu mərhələnin mühüm istiqamətlərindən biri Azərbaycanın müharibə zamanı baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırması, mülki əhalinin hədəfə alınması ilə bağlı müharibə cinayətlərinə dair faktların sənədləşdirməsi və beynəlxalq hüquq müstəvisində məsələləri gündəmə gətirməsi idi”.

K.Nurullayevanın sözlərinə görə, müharibə günlərində Azərbaycanın diplomatik nümayəndəlikləri, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları tərəfindən mütəmadi məlumatlandırma aparılıb, beynəlxalq təşkilatlara müraciətlər göndərilib, xarici jurnalistlərin hadisə yerlərinə səfərləri təşkil edilib.

“BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya göndərilən rəsmi sənədlərdə mülki yaşayış məntəqələrinə hücumlar barədə məlumatlar təqdim edilirdi. 2020-ci il oktyabrın 13-də BMT-yə göndərilmiş məktubda Gəncəyə raket hücumları və digər yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat verilmişdi”, – deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın informasiya siyasətinin əsas xüsusiyyətlərindən biri faktların foto, video, dağıntı görüntüləri, şahid ifadələri və digər materiallarla təqdim olunması idi:

“Bunun beynəlxalq ictimaiyyətin hadisələri yerində görməsi baxımından xüsusi əhəmiyyəti vardı. Müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket atəşinə tutulması açıq şəkildə müharibə cinayəti idi”.

Deputat bildirib ki, Gəncə, Bərdə və digər yaşayış məntəqələri Ermənistan qüvvələri tərəfindən raket və artilleriya zərbələrinə məruz qalıb. Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında Bərdə şəhərinə endirilmiş zərbə nəticəsində azı 21 mülki şəxsin öldürülməsi, 70-dən çox insanın yaralanması barədə məlumatlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.

“BMT-yə təqdim edilmiş materiallarda da 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 101 azərbaycanlı mülki şəxsin, o cümlədən 12 uşağın öldüyü, 423 nəfərin yaralandığı, on minlərlə insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığı və çoxsaylı mülki obyektlərin dağıldığı barədə məlumatlar yer alırdı”, – deyə K.Nurullayeva bildirib.

Deputatın sözlərinə görə, sosial şəbəkələr, beynəlxalq media, xarici jurnalistlərin səfərləri, xarici dillərdə hazırlanmış materiallar və rəsmi diplomatik kanallar Azərbaycanın mövqeyinin müxtəlif auditoriyalara çatdırılmasında mühüm rol oynayıb.

O əlavə edib ki, müharibədən sonra xarici jurnalistlərin azad edilmiş ərazilərə səfərləri də Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərdə törətdiyi dağıntıların, mina təhlükəsinin və dini-mədəni irsə vurulmuş ziyanın beynəlxalq auditoriyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub.

“İşğal dövründə yaşayış məntəqələrinin dağıdılması, tarixi və dini abidələrin vəziyyəti, məcburi köçkünlərin hüquqları və mina təhlükəsi də sonrakı diplomatik gündəliyin mühüm istiqamətlərinə çevrildi”, – deputat vurğulayıb.

K.Nurullayeva qeyd edib ki, müharibədən sonrakı dövrdə informasiya və diplomatik fəaliyyətin mühüm istiqamətlərindən biri də hüquqi sənədləşdirmə olub:

“Azərbaycan dövlət qurumları müharibə zamanı törədilən cinayətlərlə bağlı araşdırmalar apararaq materialları beynəlxalq təşkilatların diqqətinə çatdırmağa başladı. Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə hücumlarla bağlı cinayət işlərinin araşdırılmasına başlanıldı. Eyni zamanda, Ermənistanın bu davranışları beynəlxalq qurumların hesabatlarında da beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilirdi”.

Deputat hesab edir ki, 44 günlük müharibənin nəticəsi Azərbaycan üçün həm də uzun illər formalaşmış diplomatik və informasiya gündəliyinin yeni reallıqlara uyğunlaşdırılması deməkdir.

“Bu gün əsas məsələ tarixi hadisələrin faktlar, sənədlər və beynəlxalq hüququn prinsipləri əsasında gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasıdır. Xüsusilə müharibə cinayətlərinin araşdırılması, mülki şəxslərin taleyi, itkinlərin müəyyənləşdirilməsi, mina təhlükəsi və dağıdılmış yaşayış məntəqələrinin vəziyyəti kimi məsələlər beynəlxalq diqqət tələb edir. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq səviyyədə ifşa olunub”, – deyə K.Nurullayeva bildirib.

Günel Elxan