14:41
357
Son illərdə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla nəqliyyat-logistika infrastrukturuna yatırılan əhəmiyyətli investisiyalar dəhlizin imkanlarını artırıb.
"APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.
Nazir Azərbaycanın Orta Dəhliz üzrə Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşaqlarından biri olduğunu da vurğulayıb.
Pərviz Şahbazov rəqəmsal transformasiyanı da perspektivli əməkdaşlıq istiqamətlərindən biri adlandırıb. Onun sözlərinə görə, süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslər üçün böyük potensial mövcuddur. Bu istiqamətlər üzrə ayrıca yol xəritəsinin hazırlanması və Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə akademik proqramların həyata keçirilməsi nəzərdə tutulur.
Nazir əlavə edib ki, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlıq genişlənir.
Pərviz Şahbazov bildirib ki, iclas çərçivəsində yaşıl enerji və nəqliyyat bağlantısı, şəhər mobilliyi də daxil olmaqla müxtəlif sahələr üzrə 4 saziş və memorandumun imzalanması, siyasi dialoqun konkret layihələrə çevrildiyini göstərir.
Nazir bildirib ki, 2026–2027-ci illər üzrə Fəaliyyət Planı 10 istiqamətdə 60-dan çox tədbiri əhatə edir.
“Əsas vəzifəmiz razılaşmalarımızı konkret nəticələrə, ortaq potensialımızı isə yeni layihələrə çevirməkdir”, - Pərviz Şahbazov vurğulayıb.