“Bu səfərbərlik genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir” Gündəm

“Bu səfərbərlik genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir”

“İrandakı bu səfərbərlik regionda gərginliyin artması riskini ciddi şəkildə yüksəldir. Qadınların da cəlb olunduğu könüllü dəstələrin yaradılması və Tehranda kütləvi yürüşlərin keçirilməsi hakimiyyətin cəmiyyətə “müharibəyə hazırlıq” mesajı verdiyini göstərir. Burada əsas məqsəd yalnız hərbi potensialı artırmaq deyil, həm də daxildə ictimai mobilizasiya yaratmaq və mümkün qarşıdurma şəraitində cəmiyyətin müqavimət iradəsini nümayiş etdirməkdir”.

Bunu xalqcebhesi.az-a politoloq Elman Telmanoğlu deyib.

O əlavə edib ki, bu addımlar İsrail və İran arasında onsuz da yüksək olan qarşılıqlı təhlükəsizlik təhdidlərini daha da kəskinləşdirə bilər: “Tehran belə səfərbərliklə rəqiblərinə uzunmüddətli qarşıdurmaya hazır olduğu mesajını verir. Lakin genişmiqyaslı könüllü səfərbərlik həm də yanlış hesablamalar riskini də artırır, tərəflərdən birinin müdafiə xarakterli addımı digər tərəf tərəfindən hücuma hazırlıq kimi qiymətləndirilə və nəticədə eskalasiya zənciri yarana bilər”.

E.Telmanoğlunun sözlərinə görə, siyasi baxımdan İranın hazırkı strategiyası həm çəkindirmə, həm də daxili konsolidasiyaya hesablanıb: “Tehran regional rəqiblərinə qarşı zəif görünmək istəmir və eyni zamanda mümkün müharibə şəraitində cəmiyyəti psixoloji baxımdan hazırlamağa çalışır. Buna görə də yaxın perspektivdə regionda gərginliyin azalmasından çox, qarşılıqlı hərbi hazırlığın və sərt ritorikanın artması ehtimalı yüksəkdir. Bununla belə, bu səfərbərlik avtomatik olaraq genişmiqyaslı müharibənin başlayacağı anlamına gəlmir, əsas təhlükə tərəflərin bir-birinin niyyətlərini yanlış qiymətləndirməsindən yaranan nəzarətsiz eskalasiyadır”.

Röya İsrafilova