Əmək qanunvericiliyi pozulur İqtisadiyyat

Əmək qanunvericiliyi pozulur

Əmək Müfəttişliyi işəgötürənlərə xəbərdarlıq edib

Tərlan

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ölkədə əmək hüquqlarının təminatına çevik və səmərəli nəzarət mexanizminin yaradılması sahəsində cari ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirib. Hazirliyin məlumatına görə, F.Əlizadə vətəndaşların əmək hüquqlarına, o cümlədən işçi əməyinin mühafizəsinə, onun həyat və sağlamlığına, layiqli əməyinin təminatına münasibətdə işəgötürənlərin sosial məsuliyyətinin artırılmasının aparılan işlərdə əsas məqsəd olduğunu bildirib: "Bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 ədəd az, yəni 4465 müəssisədə dövlət nəzarəti həyata keçirilsə də, 14,6% çox, yəni 9269 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hüquq pozuntularının 89,6%-i məhz sahibkarlıq subyektlərində qeydə alınıb. Eyni zamanda təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında özünü göstərdiyi məlum olub".
Xidmət rəisi aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edildiyini diqqətə çatdırıb: "Bu ilin altı ayında tətbiq olunmuş 2 mln. 352 min manat cərimədən artıq işəgötürənlər tərəfindən dövlət büdcəsinə 894 min manatı ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur".
Qeyri-leqal formada əməyə cəlb olunma hallarının qarşısının alınmasının diqqətdə saxlanıldığını qeyd edən F.Əlizadə son 6 ayda əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırıldığını bildirib: "Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14% çoxdur. Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək və gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin və digər məcburi ödənişlərin də aparılmasına səbəb olub".
F.Əlizadə həmçinin qeyd olunan dövrdə ümumi məbləği 231,6 min manat təşkil edən ödənişi gecikdirilmiş əmək haqqı və sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini qeyd edib. O bildirib ki, həmin məbləğin 209,3 manatı əmək haqlarından, 16,2 min manatı zərərə görə ödənclərdən, 6,1 min manatı isə sosial müavinətlərdən ibarət olub. Bununla yanaşı, əmək müqavilələrinə əmək qanunvericiliyinin müddəaları pozulmaqla xitam verildiyi müəyyən olunan 8 nəfər əvvəlki işlərinə bərpa etdirilib.
Daha sonda xidmət rəisi prezidentin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli Fərmanının ölkədə əmək münasibətlərinin elektron qeydiyyatı mexanizminin yaradılmasına yönələn mühüm islahat tədbirinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb: "Fərman bağlanmış hər bir əmək müqaviləsinin artıq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsini nəzərdə tutur: "Artıq əmək müqaviləsi bildirişi üzrə EİS bu il iyulun 1-dən istifadəyə verilib. Yəni bundan sonra bağlanan hər bir əmək müqaviləsi, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyatdan keçməsindən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir".
Artıq işəgötürənlər tərəfindən EİS-ə əmək müqaviləsi bildirişlərinin daxil edilməkdə olduğunu qeyd edən F.Əlizadə bu prosesin daim nəzarətdə saxlanacağını və əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə biganə yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlərinin görüləcəyini vurğulayıb.