Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələrinə 10 milyard avro ayıracaq İqtisadiyyat

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələrinə 10 milyard avro ayıracaq

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) postsovet məkanına daxil olan altı ölkəsi (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) ilə yaxınlaşma təşəbbüsü – "Şərq tərəfdaşlığı" proqramına yeni impuls verməyi qərara alıb. Bu məqsədlə müxtəlif sahələri əhatə edən təxminən 20 layihə işlənib hazırlanıb. Onlardan daha qlobal əhəmiyyət daşıyanı 12,8 milyard avro dəyərində "Şərq tərəfdaşlığı" ölkələrində nəqliyyat sisteminin inkişafı üzrə sərmayə planıdır. Bu planın hazırlanmasında Avropa Komissiyası ilə yanaşı, həmçinin Dünya Bankı da iştirak edib.
Bu yaxınlarda Brüsseldə təqdimatı olmuş irimiqyaslı plan 100-ə yaxın ayır-ayrı layihələri ehtiva edir. Onların ümumi hədəfi "Şərq tərəfdaşlığı" proqramına daxil olan altı ölkənin Trans-Avropa nəqliyyat şəbəkəsinə (TEN-T) – nəqliyyat dəhlizləri sisteminə qoşulmasıdır. Bunun sayəsində Avropa İttifaqının daxilində və hüdudlarından kənarda nəqliyyat xətlərində olan nöqsanlar aradan qaldırılacaq.
"Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrdə yolların avropasayağı modernləşdirilməsi planı yeni avtomobil yollarının və təxminən 5 min kilometr uzunluğunda dəmir yolu xəttinin tikintisini nəzərdə tutur. Təşkilatçılar layihənin bu hissəsinə 9,5 milyard avro ayırmağı planlaşdırırlar. Qalan vəsait dəniz və çay limanlarının, aeroportların, logistika mərkəzlərinin tikintisinə xərclənəcək. Layihələrin yarısının 2020-ci ilədək reallaşdırılması, ən uzunmüddətlilərin isə 2030-cu ildə başa çatdırılması nəzərdə tutulur. 12,8 milyard avro vəsaitin daha 4,5 milyardı Ukraynaya, 3,5 milyardı Gürcüstana, 1,2 milyardı isə Belarusa ayrılacaq.
Bundan başqa, Ukrayna ilə Polşa, Macarıstan və Slovakiyanı birləşdirən dəmir yolu xəttinin modernləşdirilməsi üçün həyata keçiriləcək iki layihəyə də 50 milyon avro vəsait ayrılacaq. Layihənin təşkilatçıları beynəlxalq maliyyə institutlarının, ilk növbədə Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının 9 milyard avrodan çox vəsait ayıracağını nəzərdə tutublar. "Şərq tərəfdaşlığı" proqramına daxil olan dövlətlərin isə 700 milyon avro sərmayə qoyacaqları gözlənilir. Daha 3 milyard avro "dövlət-özəl tərəfdaşlıq" sxeminin köməyi ilə qarşılıqlı faydalı əsaslarda ictimai əhəmiyyət daşıyan vəzifələrin yerinə yetirilməsi üçün dövlət və özəl şirkətlərin birgə fəaliyyəti nəticəsində ayrılacaq.