Manatımızın 22 ili İqtisadiyyat

Manatımızın 22 ili

Əli Məsimli: "Milli valyutamız avroya nisbətən bahalaşacaq"

Dünən milli valyutamız olan manatın dövriyyəyə buraxılmasından 22 il ötdü. 22 il ərzində Azərbaycanın milli pul vahidi olan manat ciddi şəkildə inflyasiya ilə üz-üzə qalmayıb. Cənubi Qafqazda və dünyada dövriyyədə olan pulların inflyasiya təhlükəsi ilə üzləşdiyi bir vaxtda Azərbaycan manatı xüsusi çəkisini qoruyub saxlaya bilib.
Milli Məclisin deputatı, AXC hakimiyyəti zamanı baş nazirin səlahiyyətlərini icra edən Əli Məsimli "modern.az"a açıqlamasında milli valyutamızın keçdiyi dövrü belə şərh edib: "Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini elan etməsi, suveren dövlətin mühüm atributlarından biri sayılan milli valyutanın dövriyyəyə buraxılmasını şərtləndirdi. Çünki müstəqillik elan olunsa da, Azərbaycan rubl zonasının inteqral tərkib hissəsi kimi qalmaqda davam edirdi. Ona görə də ölkəmizdə Milli Bank yaradıldı və "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" 15 iyul 1992-ci il tarixli xüsusi prezident fərmanına müvafiq olaraq 1992-ci il avqustun 15-də milli valyuta-manat dövriyyəyə buraxdı. Müstəqil Azərbaycanın ilk pul əskinasları 1992-ci ildə Fransada çap edildi, sonra isə bu iş Almaniya və Böyük Britaniyada da davam etdirildi. 5, 10, 20 və 50 qəpiklik sikkələr isə Azərbaycanın özündə kəsilirdi. Azərbaycan manatı dövriyyəyə 1 manat = 10 rubl nisbətində buraxıldı və 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat rus rublu ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 11 dekabr 1993-cü il tarixli prezident fərmanı ilə Azərbaycan rubl zonasından çıxdı və 1994-cü ilin yanvarından manat dövriyyədə yeganə ödəniş vasitəsinə çevrildi. Manatın yeganə ödəniş vasitəsinə çevrilməsi, Azərbaycan iqtisadiyyatını rubl zonasının inhisarından çıxardı, ölkəmiz suveren dövlətə xas olan maliyyə-kredit-pul siyasəti həyata keçirməyə başladı.
Müstəqilliyimizin ilk illərində buraxılan əskinaslar 2006-cı ilə qədər dövriyyədə oldu. Azərbaycan prezidentinın 7 fevral 2005-ci il tarixli "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmanına uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutuldu. Köhnə manatlar yeni manatla birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əskinaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət oldu. Manat dövriyyəyə 1 manat- 10 rubl nisbətində buraxılsa da, qısa müddət ərzində sərhədyanı ticarətdə geniş istifadə olunan populyar bir valyutaya çevrilmişdi və mübadilə zamanı 1 manat 16-17 rubla dəyişdirilirdi. Amma manatın rublla paralel işləməsi bir müddətdən sonra onun məzənnəsinə mənfi təsir göstərməyə başladı. Bununla belə, Azərbaycan iqtisadiyyatı transformasiya böhranından çıxandan sonra bizim milli valyutamız - manat postsovet məkanının ən dayanıqlı valyutalarından biri kimi özünü göstərdi. Bu özünü 2008-2009-cu illlərdə qlobal maliyyə-iqtisadi böhran öz kulminasiya nöqtəsinə çatanda daha qabarıq göstərdi".
Əli Məsimlinin sözlərinə görə, Azərbaycan manatı öz sabitliyini qoruyub saxlaya bilib: "Belə ki, postsovet məkanının əsas neft ölkələri sayılan 3 ölkədən ikisində - Rusiyada rubl, Qazaxıstanda isə tenge maliyyə böhranının təsirinə tab gətirə bilməsələr də, Azərbaycanın milli valyutası - manat öz nisbi sabitliyini saxladı və bu amil ölkəmizin qlobal maliyyə böhranından az itki ilə çıxmasında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı milli valyutaya olan inamın artmasına, onun regional miqyasda cəlbedici valyutaya çevrilməsinə, bu isə öz növbəsində əmanət qoyuluşlarında manatın xüsusi çəkisinin artmasına gətirib çıxarıb. Əgər 10 il bundan əvvəl - 2005-ci ildə əhalidən cəlb edilən 496 milyon manat pulun 56 milyon manatı və ya 11 faizi milli valyuta ilə idisə, 2013-cü ildə əhalidən cəlb edilən 6, 4 milyard manat vəsaitin 3,9 milyarda manata yaxını və ya 61 faizi milli valyuta ilə qoyulmuşdur".
Əli Məsimli yaxın bir neçə il ərzində manatın avroya nisbətdə bahalaşacağını da qeyd edib: "Mərkəzi Bankın rəsmi proqnozlarına görə, manatın dollar nisbətdə məzənnəsi 2014-cü ildə 1 ABŞ dolları = 0,7845 manat nisbətində olacaq və bu nisbi sabitlik qarşıdakı 3 il ərzində də davam edəcək. Manatın avroya nisbəti isə bu il 1 avro =1,0344 manat nisbətində gözlənilir, 2015-ci ildə 1 avro = 1,271 manat, 2016-cı ildə 1 avro = 1,0194 manat, 1017-ci ildə 1 avro =1,0121 manat nisbətində olacağı gözlənilir. Göründüyü kimi, yaxın illərdə Azərbaycanın milli valyutasının ABŞ dollarına nisbətdə nisbi sabit olacağı, avroya münasibətdə isə bir qədər bahalaşa biləcəyi gözlənilir. Amma bütün hallarda manat qarşıdakı orta perspektivdə nisbi sabitliyini qoruyub saxlayacaqdı".