İxracın 3 faizi Fransaya həyata keçirilib İqtisadiyyat

İxracın 3 faizi Fransaya həyata keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb. İİTKM-dən bildirilib ki, V.Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə məruzəçi kimi çıxış edib. "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda aylıq işgüzar görüş palatanın idarəedici direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Sonra idarə heyətinin sədri Teybə Quliyeva çıxış edərək iqtisadi islahatların uğurlu həyata keçirilməsində özəl sektor nümayəndələrinin məlumatlandırılması və dövlət sektoru ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor “Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda təqdimatda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların uğurları və 2020-ci il hədəfləri barədə məlumat verib: “Dünyada iqtisadi artım tempi yavaşıdığı halda, son 5 ildə Azərbaycanda iqtisadi artım tempi sürətlənir. Artımın sürətlənməsində həlledici amil iqtisadi, sosial, idarəetmə və kadr islahatlarıdır. İndi əsas məsələ daha yüksək artım tempinə və artımın dayanıqlılığına nail olmaqdır.
Bunun üçün biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökumətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb. 2019-cu ildə Azərbaycandan ixracın 3 faizi Fransaya həyata keçirilib. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2,1 faizini təşkil edir. Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa fındıq, meyvə, tərəvəz, xurma, şərab və sair məhsulların ixracını genişləndirmək mümkündür.” İşgüzar görüş sual-cavab sessiyası ilə davam edib. V.Qasımlı auditoriyanın suallarını cavablandırıb. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.