Fransa-Azərbaycan əlaqələri: Paris reallığı qəbul edir
22 Oktyabr 23:43

Ötən həftə Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını qeyd edib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
Söhbət zamanı bir çox sahədə münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
“Xalq Cəbhəsi” iki ölkə arasında münasibətlərin irəliləyən zaman kəsiyində necə olacağını millət vəkilləri, politoloqlarla müzakirə edib.
Yeni reallıq
Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib ki, son dövrlərdə Fransa-Azərbaycan münasibətlərində gərginliyin aradan qaldırılması Azərbaycanın ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi və Fransa Prezidentinin yeni reallığı qəbul etməsi ilə əlaqədardır: “Bu, çox vacibdir, çünki Azərbaycan heç vaxt beynəlxalq hüquqdan, əməkdaşlıq ruhundan kənar heç bir ölkə ilə münasibətlər qurmayıb. Çox təəssüf ki, bəzən başqa ölkələrdən bu mövqeyə adekvat mövqe olmur”.
Deputat qeyd edib ki, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə görüşündən sonra Fransa və Azərbaycan prezidentləri arasında dialoqun baş tutması, daha sonra Misirdə Yaxın Şərq Sülh Sammitində təmasların olması Fransa-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qalxmasına yol açıb: “Ən nəyahət, Fransanın Azərbaycana təyin olunan yeni səfiri düşünürəm ki, məhz bu mövqedən çıxış edərək Fransa-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına töhfələr verəcək. Bu, nəticə etibarı ilə Fransanın və Azərbaycanın lehinə inkişaf proseslərin başlanğıcı olacaq”.
Yaxın tariximin baş verən prosesləri
Politoloq Samir Hümbətov deyib ki, II Qarabağ savaşından sonra və elə həmin savaş müddətində də Fransanın Azərbaycana qarşı mövqeyində birdən-birə U dönüşü oldu və çox ciddi şəkildə Fransa anti-Azərbaycan siyasətinə keçməyə başladı: “2020-ci ilin oktyabr ayında Fransa Parlamentində Azərbaycanın Qarabağ bölgəsini “arsax respublikası” kimi tanımaqla bağlı qərar çıxarmağa çalışdılar, eyni qayda olaraq Fransa həm də BMT-də Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı, yəni II Qarabağ müharibəsi ilə bağlı Azərbaycana qarşı təcrid siyasəti tutmaq istəyirdi və s. Sonrakı mərhələlərdə Fransanın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş separatçı rejimə dəstək göstərməsi, beynəlxalq miqyasda Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini tutması, Ermənistan haqsız olduğu halda onu haqlı kimi göstərmək cəhdləri və s. bütün bunlar yaxın tariximizin baş verən prosesləridir”.
“Prezidentlər arasında görüş yaranmış soyuqluğu aradan qaldırdı”
S.Hümbətov əlavə edib ki, bunların hər biri tərəflər arasında gərginliyə səbəb oldu: “Təbii ki, Azərbaycan da Fransanın layiqli cavabını verirdi, lakin bunlar xoş hal deyildi. Düşünürəm ki, Fransa və Azərbaycan prezidentləri arasında baş tutan son iki görüş yaranmış soyuqluğu aradan qaldırdı. Xüsusən də Kopenhagen görüşündə bu məsələnin yoluna düşməsi, qurulan münasibətlər hər biri düşünürəm ki, bundan sonra Fransa-Azərbaycan əlaqələrinin düzəlməsinə və normal məcraya qayıtmasına şərait yarada bilər”.
“Münasibətlər artan xətt üzrə davam edə bilər”
S.Hümbətov bildirib ki, Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri Sofi Laqut Azərbaycan üçün yeni şəxsdir, amma bəzi mesajlar və verdiyi açıqlamalardan görünür ki, ikili münasibətləri düzəltməkdə maraqlıdır: “Onun fəaliyyətinin başlamasından sonra tutacağı mövqedən bizim üçün bəlli olacaq ki, Fransanın Azərbaycanla bağlı mövqeyi nədir. Düşünürəm ki, bu münasibətlərin düzəlməsinə dəstək veriləcək və artıq münasibətlərin normallaşması liderlər səviyyəsində başlayıbsa, artan xətt üzrə davam edə bilər…”.
Röya İsrafilova