2021-ci illə bağlı nikbin proqnozlar və sosial-iqtisadi gözləntilər İqtisadiyyat

2021-ci illə bağlı nikbin proqnozlar və sosial-iqtisadi gözləntilər

Ölkə yeni ilin ilk ayını yaşayır. 2020-ci il qələbə ilə nəticələnmiş Vətən müharibəsi ilə yadda qalsa da, karonavirusun vurduğu ziyan və qapanmalar nəticəsində iqtisadiyyatın 4% geriləməsi müşahidə olundu. Bəs, 2021-ci ildə bizi hansı sosial-iqtisadi vəziyyət gözləyir, proqnozlar nə deyir?
Öncə onu qeyd edək ki, üzü yaya doğru karonavirus xəstəliyinin səngiyəcəyi və bütün dünya iqtisadiyyatının 2021-ci ilin ortalarından etibarən özünü bərpa prosesinə başlayacağı gözlənilir. Bu meyillər Azərbaycanda da müşahidə ediləcək, bu ilin 1 ci rübündə də iqtisadi geriləmə müşahidə oluna bilər, lakin ilin ikinci yarısında normal həyata dönüşlə iqtisadi aktivlik bərpa olunacaq. Beynəlxalq maliyyə institutları, o cümlədədn Dünya Bankı da 2021-ci ildə ölkəmizdə 2%, Azərbaycan hökuməti isə 3-4%-ə ÜDM-in artımını proqnozlaşdırır.
Bütövlükdə götürdükdə 2021-ci il Azərbaycanda sosial-iqtisadi inkişaf və işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılması ili olacaq. Bu il Qarabağda iri həcmdə bərpa və yenidənqurma işlərinə start veriləcək. Bu məqsədlə dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulur. Ola bilsin ki, neftin qiymətlərinin bahalaşacağı təqdirdə bu məbləğ bir qədər də artırılacaq, habelə regionun inkişafına "Qarabağ Dirçəliş Fondu" vasitəsilə maliyyə cəlb olunacaq. Ərazilərin minalardan tənmizlənməsi ilə yanaşı, böyük infrastruktur layihələri həyata keçiriləcək, xüsusən də kommunal infrastruktur yenidən qurulacaq. Hazırda Füzulidən Şuşaya yol çəkilir, Füzulidə beynəlxalq aeroportun tikintisi nəzərdə tutulur. Qarabağın iqtisadiyyatının bərpası ilə Azərbaycan iqtisadiyyatı da böyüyəcək. Burada ən perspektivli sahələr kənd təsərrüfatı, emal sənayesi, dağ-mədən sənayesi və turizm sahələridir. Artıq işğaldan azad olunmuş ərazilərdə taxıl əkini aparılır.
2021-ci ildə hökumətin dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərini yerinə yetirəcəyi gözlənilir. Əsas hədəf ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, məşgulluğun, iqtisadi aktivliyin, iqtisadi artımın və sosial rifahın təmin edilməsidir. 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Bu il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox nəzərdə tutulur.
Neftin qiymətləri ilə bağlı da nikbin proqnozlar var. 2020-ci ildə dünya bazarında neftin orta qiyməti 41 dollar olub, dövlət büdcəsində isə 40 dollar nəzərdə tutulduğu üçün büdcə öhdəlikləri tam yerinə yetirildi. Hətta müharibə ili olmasına və pandemiyaya baxmayaraq dövlət büdcəsinin gəlirləri və xərcləri icra edildi.
2021-ci ildə də neftin qiyməti 40 dollardan yüksək olacaq. Dünya Bankı bu il neft qiymətlərinin bir barel üçün 44 dollar ətrafında olacağını proqnozlaşdırır. Hazırda Azərbaycan nefti 55 dollardır. Bu sahədə əsas risklər hazırda davam edən pandemiya, sərt karantin tədbirləri və ölkələr arasında səfərlərin kəskin azalmasıdır. Bununla belə, vaksinlərlə bağlı yayılan müsbət xəbərlər həmin risklərin təsirini bir qədər yumşaldır. İlin ikinci yarısında da qiymət 50 dollardan da yüksək ola bilər. Bütün bunlar isə dövlət büdcəsində neftin qiymətini 40 dollar götürən Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir.
Əsas gəlirlərimizin neft-qaz sektorundan formalaşdığını nəzərə alaraq qeyd edək ki, bu il Azərbaycanda 38,2 milyon ton (keçən il 37,7 milyon ton) neft, 40 milyard kub metr qaz hasilatı proqnozlaşdırılır. Təkcə "Şahdəniz" qaz-kondensat yatağında hasilatın həcmi 21,3 milyard kubmetr səviyyəsində gözlənilir ki, nəticədə qaz ixracından gəlirlər artacaq.
İl ərzində devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı daha çox gözləniləndir. Buna əsas verən asas amillər – neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan baha olacağı ilə bağlı nikbin proqnozlar, ölkənin kifəyət qədər valyuta ehtiyatlarının (51 milyar dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s.
Mahir Həmzəoğlu