İranın TANAP-a qoşulması yeni ittifaqa səbəb ola bilərmi? İqtisadiyyat

İranın TANAP-a qoşulması yeni ittifaqa səbəb ola bilərmi?

"Ukrayna böhranından sonra Avropanın enerji təhlükəsizliyində yaranan problem fonunda İran enerjisi xüsusi çəkiyə malik ola bilər. Bunun Bakı və Ankaranın birgə layihəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilməsi ən real variantdır".
TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin professoru, politoloq Toğrul İsmayıl deyib.
Onun sözlərinə görə, hazırda Avropa enerji təhlükəsizliyinin təmini üçün alternativ yollar axtarır: "Bu məsələ Sofiyada keçirilən toplantıda, eləcə də Bakıdakı iclasda da dilə gətirilir. Bu nöqteyi-nəzərdən İran enerjisi Rusiya enerjisinə qarşı alternativlərdən biridir. Lakin hələlik konkret nəticələrdən danışmaq tezdir. Çünki tərəflər tam razılaşmayıb, anlaşma üzərində müzakirələr gedir. Ortada razılığın olması məsələlərin bir anda çözülməsi demək deyil. Bir qədər zamana ehtiyac var".
T. İsmayıl əlavə edib ki, İran təbii qazının Türkiyə üzərindən Avropaya çıxarılması məsələsi lap əvvəldən olub.
"Bu məsələdə Türkiyə çox maraqlıdır. Çünki bu ölkədə enerji qıtlığı yaşanır. Bu qıtlığı aradan qaldırmaq üçün hökumət bütün vasitələrdən istifadə edir. Bu baxımdan, İran qazının Türkiyədən keçməsində təkcə Avropa deyil, Ankara da maraqlıdır", - deyə o vurğulayıb.
Politoloq İran qazının Bakı və Ankaranın müəllifi olduğu layihəyə qoşulması ilə yeni ittifaqın yaranması ehtimallarını da şərh edib. Onun sözlərinə görə, belə ittifaqdan danışmaq bir qədər utopiyadır: "Bakı və Ankara onsuz da yeni geopolitik ittifaqın təməllərini atıb. İran isə bölgədə ayrıca güc olmağa çalışır. Xüsusilə Yaxın Şərqdə baş verənləri nəzərə alsaq, Tehranın müstəqil güc olmaq istəklərini aydın şəkildə görə bilərik. Bu baxımdan, Bakı və Ankaranın siyasi ittifaqına Tehranın da qoşulacağını demək çətindir. Sadəcə olaraq, ortada ölkələri birləşdirən enerji amili var və nə qədər siyasi anlaşılmazlıq olsa da, bu məqam xüsusi rol oynayır. Misal üçün, bu gün Rusiya və Türkiyə bir sıra siyasi amillərə görə fikir ayrılığı yaşayır.
Lakin hər iki ölkə ciddi işbirliyindədir. Hətta mətbuatda, siyasi çevrələrdə bunu strateji müttəfiqlik olaraq qiymətləndirənlər də var. İranla olan işbirliyi də yeni ittifaq yox, enerji əməkdaşlığı ola bilər. İqtisadi mənfəətlər burada ön plana çıxır. Buna rəğmən, siyasi qarşıdurmaların davam etməsi ehtimalı böyükdür. Çünki İranın siyasi sistemi fərqlidir. Tehran bölgədə güc olmaq və genişlənməyi hədəfləyir. Hazırda yalnız Türkiyə-Azərbaycan ittifaqı real görünür. İranla olan münasibətlər zamanla dəqiqləşəcək. Ola bilsin ki, gələcəkdə yeni situasiya yaransın. İllərlə rəqib olan dövlətlərin sonradan müttəfiq olması təcrübəsi geniş yayılıb. Siyasətdə daimi dost və düşmən yoxdur. Sadəcə, siyasi çıxarlar var".