“PKK Qərb dövlətlərinin Türkiyəyə qarşı əllərində saxladığı oyuncaq bir qüvvə, onlara lazımlı bir kartdır” Müsahibə

“PKK Qərb dövlətlərinin Türkiyəyə qarşı əllərində saxladığı oyuncaq bir qüvvə, onlara lazımlı bir kartdır”

Vaqif Abışov: "Bu dövlətlər ermənilərdən, ərəblərdən və separatizmi dəstəkləyən kürdlərdən də istifadə ediblər"


Bu gün qardaş ölkəyə-Türkiyəyə qarşı çirkin oyun oynanlılır. PKK yenidən fəallaşdırılıb. Bir müddət sakitlikdən sonra bu terror təşkilatı yenidən fəallaşdı və iyrənc, insanlığa sığmayan qanlı hadisələr, terror aktları törətməyə başladı. PKK-nın birdən-birə fəallaşması maraq doğurur. Bunun pərdəarxası məqamları nədən ibarətdir? Bu və digər məsələlərə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışov qəzetimizə müsahibəsində aydınlıq gətirdi.
-PKK məsələsi bu günün, dünənin məsələsi deyil. Bunu uzun illər əvvəl Türkiyənin içərisinə atıblar. PKK Qərb dövlətlərinin Türkiyəyə qarşı əllərində saxladığı oyuncaq bir qüvvə, onlara lazımlı bir kartdır. Bu dövlətlər ermənilərdən, ərəblərdən və separatizmi dəstəkləyən kürdlərdən də istifadə ediblər.
Atatürk 1919-cu ildə Ərzurum və Sivas Konqreslərində deyirdi ki "biz, Türkiyədə yaşayan milli azlıqların təhlükəsizliyini qorumağa hazırıq və borcluyuq. Amma bizdən torpaq istəməsinlər". Bunu özü də hansı zamanda deyib? Türkiyənin İstanbul da daxil olmaqla qərb hissəsi Antanta üzv dövlətlərin işğalı altında idi. Belə bir çətin zamanda Atatürk çəkinmədən konkret olaraq belə bir mövqe ortaya qoydu. Yəni onu demək istəyirəm ki, bu gün heç bir qüvvə Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edə və Türkiyəni parçalaya bilməz. Çox təəssüf ki, qərb dövlətlərinin belə bir planı var...
Vaxtilıə Osmanlı imperiyası böyük bir ərazini əhatə edirdi, xəlifə də sultan idi, sonradan bu imperiyanın ərazisində dövlətlər yarandı. Amma Osmanlı imperiyasının himayəsində olan ərazilərdə terrorçular, öz dövlətinə, xalqına qarşı bölücülüklə məşğul olanlar, xarici qüvvələrin alətinə çevrilən qüvvələr, demək olar ki, (ermənilərdən başqa) yox idi. 1918-ci ildə birinci dünya müharibəsində qalib gəlmiş Qərb dövlətləri Osmanlı imperiyasını parçalayaraq, özlərindən asılı olan xırda dövlətlər yaratdılar.
O zamanlar kürdlər, ərəblər və digər millətlər də Osmanlı dövlətində əmin amanlıq şəraitində yaşayırdılar. Əminliklə deyə bilərəm ki, xarici dövlətlərin maddi, siyasi və hərbi dəstəyi olmasaydı kürdlər separatizmə meyllənməz və ərazi iddiası ilə çıxış etməzdi. Söhbət PKK-dan gedir.
-PKK-nın birdən-birə fəallaşmasının pərdəarxası məqamları nədən ibarətdir, bunun arxasında nə dayanır?
-Son günlərə qədər Türkiyədə əminamanlıq şəraiti var idi. Amerika Türkiyəni İŞİD-ə, İraqda gedən proseslərə cəlb edə bilməmişdi. PKK-nın birdən- birə fallaşması düşünürəm ki, burada Türkiyəni İŞİD-ə qarşı mübarizəyə qoşmaq, Türkiyənin içərisində xaos yaradaraq, onu içəridən parçalamaq və b. məqsədlər var. Çalışırlar ki, Türkiyənin başı qarışsın.
-Sizcə bombardmanların bir nəticəsi olacaqmı?
-İlk öncə nəzərinizə çatdırım ki, PKK ilə masa arxasında oturmaq, "atəşkəs" kəlməsinin işlədilməsi yanlış addım idi. Hansısa quldur dəstəsinin başında duranlarla razılığa gəlinmir. Bu quldurbaşı Abdulla Ocalan o insandır ki, 30 mindən çox insanın şəhid olmasına, bununla da 30 min ananın gözüyaşlı qalmasına səbəb olub.
Yaxın günlərin tarixini yada salaq. Türkiyə hökuməti terrorçu Abdulla Ocalanla danışığa gedir, o isə həbsdə ola-ola PKK-çılara çağırış edir ki, "silahı yerə qoyun". İkinci tərəfdən Türkiyə antiterror əməliyyatlarına ara verməklə PKK-ya yeni nəfəs verdi. Bununla da PKK yenidən toparlanmaq, silahlanmaq və maliyyələşmək şansı qazandı. Bu fasilədə Türkiyə deyil, PKK qazandı. 5-10 nəfər dağdan ensə də, qalanları öz mövqeyində qaldı. Bunları maliyyələşdirən, istiqamətləndirən dövlətlər var. Onlar heç zaman qoymaz ki, bunlar sakit qalsın. Bombardman terrorçuların sığınacaqlarını, texniki bazasını məhv etsə də, onları pərən- pərən salsa da, canlı itki istənilən səviyyədə olmur. O üzdən hesab edirəm ki, quru əməliyyatlarının aparılması vacibdir.
-Bundan sonra "çözüm sürəci"nin perspektivi qalırmı?
-Bu problemin 2 həll variantı var. Sülh və hərb yolu. Hesab edirəm ki sülh yolu ilə də problem həll edilə bilər. Türkiyə dövlətinin öz şərtləri var. Bununla razılaşarlarsa məsələ öz həllini tapar. Bu şərtlər nədən ibarətdir? 1. Türkiyədən ərazi tələb edilməsin. 2.Türrorçular silahlı yerə qoysun. Bundan sonra Türkiyənin qanunları çərçivəsində sülh və əminamanlıq şəraitində yaşasınlar. Əkstəqdirdə onlar dərk etməlidirlər ki, Türkiyədən torpaq qopara bilməyəcəklər. Terrorçular kütləvi surətdə məhv ediləcəklər. Onların himayədarları da heç nə əldə edə bilməyəcəklər. Təbii, Türkiyə dövlətinin də cüzi itkiləri olacaq. Dövlətin başı müəyyən qədər qarışacaq, iqtisadi, sosial islahatlar ləngiyəcək və sair. Ancaq yeganə çözüm yolu budur.

-HDP PKK-nın siyasi qanadıdır. Terror təşkilatının siyasi qanadının başında dayanan Səlahəddin Dəmirdaş heç nədən qorxmadan, çəkinmədən PKK ilə əlaqəsi olduğunu açıqlayır. "Mən dağa belə xəbər yolladım", "dağ belə dedi" və sair kimi açıqlamalar verir. Halbuki bu açıqlamalar əsas verir ki, bu şəxs barəsində cinayət işi qaldırılsın, partiya təftiş edilsin. Üstəgəl bu adamın qardaşı da dağdadır, terrorçudur və terror qruplarına rəhbərlik edir. Sizcə Türkiyə dövləti bu məsələyə həddindən artıq loyal yanaşmırmı? Yəni qardaş ölkənin bu yanaşma tərzi öz qanunlarına hörmətsizlik anlamına gəlmirmi?
-Sizinlkə razıyam. Türkiyə prokurorluğunda bununla bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Dəmirdaşın qardaşı quldur dəstəsinin komandirlərindən biridir, yaralandığı da bildirilir. Türkiyənin ən ali orqanı olan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilən bir şəxs - Dəmirdaş bu və ya digər formada PKK-çılara haqq qazandırır və sülhdən dəm vurur. Digər tərəfdən də demokratiyadan danışır, Türkiyə hakimiyyətinin düzgün yolda olmadığını deyir.
Mən dünyanın müxtəlif ölkələrindən – Amerika, İngiltərə, Fransa, Almaniya, İspaniya, Skandinaviya ölkələrindən, Çindən və digər başqa ölkələrdən istənilən qədər fakt gətirə bilərəm. İndi sual edirəm, bu ölkələrin hansında siyasi təşkilat dövləti hər hansı terror qruplarına qarşı silahlı mübarizə aparmasına görə qınaya bilər? Və ya terrorçularla danışıqlar aparmağı, bu istiqamətdə açıqlamalar verə, dövlətə qarşı təpki göstərə, terrorçulara haqq qazandıra bilər. Bu hansı dövlətdə ola bilər? Bu anormallıqdır və nə beynəlxalq, nə də ki, ölkədaxili qanunlara uyğun deyildir. Dünyanın hansı ölkəsində vətəndaş yaşadığı dövlətdən tələb edərki terrorçularla danışığa get, nə bilim silahı yerə qoy və sair. Bu artıq demokratiya deyil, terrorçularla bir olmaq deməkdir, onlarla bir sırada durmaq deməkdir. Dünya tarixində belə bir şey olmayıb, olubsa da həmin ölkədə anarxiya baş verib. Terrorçuların və onları dəstəkləyən hər bir insanın üzərinə getmək lazımdır. Birmənalı olaraq Türkiyəni heç kəs qınaya bilıməz ki, terror mərkəzlərini niyə bombalayır. Bu istiqamətdə aparılan işlər daha sərt xarakter almalıdır. Kimliyindən asıllı olmayaraq Türkiyə dövlətinin qanunlarını pozan, onun ərazisini parçalamaq istəyənlər dərhal cəzalandırılmalıdırlar.

Əli