“Cəbhədə erməni təxribatlarına Müdafiə Nazirliyi və ordu birləşmələri layiqli cavablarını verirlər” Müsahibə

“Cəbhədə erməni təxribatlarına Müdafiə Nazirliyi və ordu birləşmələri layiqli cavablarını verirlər”

Ramiz Alıyev: "Bu gün narahat tərəf də Ermənistandır ki, kəndləri boşaldıb qaçırlar"

Artıq parlament seçkilərinə rəsmi start verilib. Ötən müddət ərzində əksər siyasi partiyalar seçkilərlə bağlı mövqeyini açıqlayaraq namizədlər siyahısını cəmiyyətə təqdim edib. İlkin müşahidə edilən mənzərə ondan ibarətdir ki, bu seçkilər namizəd çoxluğu baxımından yadda qalan olacaq. Bu arada ənənə halını alan seçkiqabağı mühitin dəyərləndirilməsi ilə bağlı müxtəlif araşdırmalar da aparılır. Bir müddət əvvəl təsis edilmiş Strateji Araşdırmalar İnstitutu (SAİ) da müntəzəm olaraq seçkiqabağı vəziyyəti təhlil edir. SAİ-nin rəhbəri Ramiz Alıyevlə söhbətimizdə də məhz parlament seçkiləri öncəsi ölkədə mövcud olan siyasi vəziyyəti dəyərləndirdik.
-Ramiz müəllim, artıq parlament seçkilərinə start verilib. Strateji Araşdırmalarİnstitutu olaraq ilkin dəyərləndirməniz nədən ibarətdir. Seçkilər azad və ədalətli şəkildə keçiriləcəkmi?

- Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün dövlət üzərinə düşən addımları atır. Bütün siyasi partiyalara və namizədlərə bərabər şəraitin yaradılması haqqında birbaşa cənab prezidentin göstərişi var və müvafiq qurumlar da ona əməl edirlər. Seçkiyə hazırlıqlar və namizədlərin qeydə alınması ilə bağlı proseslər dünyanın bir çox ölkələrinə örnək olacaq bir addımlardır. Məntəqələrdə quraşdırılan kameralar, müşahidəçilərin rahat şəkildə seçki prosesini izləməsinə yaradılan şərait və s. bir çox inkişaf etmiş ölkələrdə hələ də tətbiq olunmur…
-Ənənəvi olaraq seçki ərəfəsində və ondan sonra bəzi beynəlxalq təşkilatlar ölkədə keçirilən seçkilərlə bağlı qərəzli bəyanatlar yayırlar. Sizcə, bu qərəz parlament seçkiləri ərəfəsində də özünü göstərəcəkmi?

-Əlbəttə artıq bu qərəz dolu bəyanatlar özünü göstərməkdədir. Onlar nə istədiklərini ya özləri bilmir, ya da nə istədiklərini açıq bəyan edə bilmirlər. Çünki onların istəkləri imperializim istəkləri, vassal halına salmaqdır. Seçkiyə hələ start verilməmiş öz qərəzli bəyanatları ilə gündəmdə qalmağı üstün tutan bəzi dairələrə Azərbaycan dövləti tərəfindən ölkəmizə gəlmək, seçki prosesini izləmək təklif olunur. Ancaq yenə də öz qərəz dolu amplualarından əl çəkmirlər.
-Sizcə regional amillər, eləcə də cəbhədə artan gərginlik seçki prosesi, eləcə də siyasi proseslərə hansısa mənfi təsir göstərə bilərmi?

-Azərbaycan dövləti hazırda elə bir gücə və stabilliyə sahibdir ki, bütün orqanlar və qurumlar öz işlərini rahat şəkildə aparmağa qadirdirlər. Cəbhədə erməni təxribatlarına Müdafiə Nazirliyi və ordu birləşmələri layiqli cavablarını verirlər. Bu gün narahat tərəf də Ermənistandır ki, kəndləri boşaldıb qaçırlar, prezidentləri də yalvarış üçün himayədarlarının yanına qaçıb kömək istəyir. Yəni bu o deməkdir ki, Azərbaycanda keçiriləcək 1 noyabr seçkilərinə hələlik mane olacaq heç bir şərait yoxdur. Azərbaycan dövləti hər seçki ilində öz müsbət addımları ilə yeniliklər etməkdədir və hər keçən seçkidə olan nöqsanlar növbəti seçkilərdə tamamilə aradan qaldırılır. Regionda və dünyada böyük güclərin oynadıqları siyasi oyunlar istər iqtisadi, istərsə də siyasi cəhətdən nəinki bizim ölkəyə, ümumilikdə bütün dünyaya təsir edir. Bizə qonşu olan bir çox ölkələrdə aparılan bu cür çirkin oyunlar hər birimizi təəssüfləndirir və bu cür addımları pislədiyimizi bəyan edirik. Ancaq hesab etmirəm ki, bu cür siyasi oyunların da ölkəmizdə keçiriləcək bu ilki seçkilərə nəsə ciddi bir təsiri olsun. Çünki bizdə seçkilərin taleyi Azərbaycan xalqından asılıdır.