“Türkiyə Bərzani kartından istifadə etməlidir” Müsahibə

“Türkiyə Bərzani kartından istifadə etməlidir”

Ərcan Çitlioğlu: "Rusiya təyyarəsinin vurulmasıyla başlamış mərhələ hər iki ölkə üçün bəxtsizlikdir"


Ankaradakı Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərcan Çitlioğlunun APA-ya müsahibəsini oxucularımıza təqdim edirirk

- 17 fevralda Ankaranın mərkəzində baş vermiş terror aksiyası gözlənilməz oldumu? Terrorçunun kimliyi və ölkə mənsubiyyəti prezident və baş nazir tərəfindən açıqlandı.

- 17 fevralda baş vermiş terror aksiyasının ən qəribə tərəfi hamının gözlədiyi bir şeyin baş verməsi idi. PKK-YPG terror təşkilatlarının idarəçiləri tərəfindən daha əvvəl verilən açıqlamalar, Suriyanın Azez bölgəsindəki PYD-YPG mövqelərinin Türkiyə tərəfindən top atəşinə tutulması, Cizrə, Nusaybin və Surda PKK terror təşkilatına qarşı aparılan qərarlı mübarizə əks tərəfdən terror aksiyası törədilə biləcəyi ehtimalını gücləndirmişdi. Bu işin planlı şəkildə yapıldığı açıq-aşkardır. Təsəvvür edin ki, 1 həftə əvvəldən İzmirdə alınmış maşına 2 nömrə taxılıb, maşın heç bir əngələ rast gəlmədən Ankaraya varıb, mətbuatda da yazıldığı kimi, kəşfiyyat orqanlarının məlumat verməsinə baxmayaraq, heç bir tədbir görülməyib. İşin arxasında terror təşkilatlarından başqa beynəlxalq qüvvələrin olma ehtimalı da var ki, prezident də, baş nazir də bu barədə lazımi xəbərdarlıqları etdilər. Terror aksiyalarının ölkəmizin paytaxtını və həm də hərbi qurumlarımızın əməkdaşlarını hədəf alması bizi dərindən düşündürməklə qalmayıb, bütün lazımi tədbirləri görməyə sövq etməlidir. PKK-YPG terror təşkilatlarının artıq paytaxtımızda terror aksiyaları həyata keçirmə səviyyəsinə çatması bizi ciddi şəkildə narahat etməlidir.

- Türkiyə qəti şəkildə PYD-YPG-ni PKK terror təşkilatının uzantısı sayır və Qərb ölkələrini də bu mövqeyə dəvət edir. Ancaq Qərb ölkələrinin PYD-YPG ilə əməkdaşlığını görürük. Bu iş haraya doğru gedir?

- Türkiyə PYD ilə anlaşmaq üçün Bərzani kartından istifadə etməlidir. Bilirsiniz ki, bir vaxtlar Türkiyənin Şimali İraqda da "qırmızı cizgi"ləri vardı, ancaq daha sonra AKP hökuməti Bərzaniylə yaxın dost oldu. PYD üzərində Bərzaninin təsir gücündən istifadə edərək o təşkilatla münasibət qurmaq lazımdır. Dövlətlərin sərt "qırmızı cizgi"ləri olmaz, mənafeyə görə atılacaq addımları olar. Bərzani üzərindən PYD ilə münasibət yaratmaq vaxt ala bilər, ancaq bu təşəbbüs edilməli və Türkiyə PYD ilə əlaqə yaratmalıdır. Türkiyənin bölgədəki mənafeyi bunu tələb edir.

- Türkiyənin "qırmızı xətt"lərindən biri də PYD-YPG qüvvələrinin Fərat çayının qərb sahilinə keçməməsidir.

- O qüvvələr artıq müxtəlif istiqamətlərdən Fərat çayının qərb sahilinə keçərək orada müəyyən mövqelər əldə ediblər. Türkiyə top atəşləriylə onların mövqelərində müəyyən sarsıntılar yaratsa da, top atəşlərinin nə vaxta qədər davam edəcəyi və bundan sonra nə dərəcədə təsirli olacağına dair heç bir təminat yoxdur. Ona görə, mövcud vəziyyət üçün təsirli ola biləcək planların təcili şəkildə hazırlanaraq icra olunması lazımdır.

- 25 noyabrdan bəri Türkiyə ilə Rusiya arasındakı münasibətlər kəskinləşən cizgidə irəliləyir. Bunun axırı haraya varacaq, iki ölkə münasibətlərinin bu şəkildə qalması mümkündürmü?

- 24 noyabrda Rusiya təyyarəsinin vurulmasıyla başlamış mərhələ hər iki ölkə üçün bəxtsizlikdir. Türkiyə ilə Rusiya o hadisəni unudub, bir an əvvəl münasibətləri yaxşılaşdırma yoluna qədəm qoymalıdırlar. Bunu həm hər iki ölkənin bölgədəki mənafeyi, həm də bölgənin gələcək taleyi tələb edir. Münasibətlər bu şəkildə uzun müddət davam edə bilməz. İki ölkə də münasibətlərin keçmişdəki səviyyəyə qayıtması üçün bir an əvvəl təsirli addımlar atmalıdırlar. Yoxsa bölgədə hər iki ölkənin itkisi çox olacaq.