“Erməni ictimaiyyətində parçalanma baş verdi” Müsahibə

“Erməni ictimaiyyətində parçalanma baş verdi”

Samir Məmmədov: "Düşünürəm ki, bu parçalanma dərinləşə və Ermənistanda yeni çaxnaşmalara səbəb ola bilər"

Bir qədər öncə Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousu geniş rezonans doğurub. Qeyd edək ki, sözügedən tok-şouda bəzi rusiyalı politoloq və erməni ekspertlərlə Azərbaycanı təmsil edən ekspertlərin debatı olub. Bakıda doğulan milliyətcə erməni Roman Babayanın müəllifi olduğu verilişdə azərbaycanlı ekspertlərin iştirakı əvvəldən planlaşdırılmayıb. Lakin Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun birinci müavini, hüquqşünas Samir Məmmədov həmin verilişə qatıla bilib. S.Məmmədovun çıxışı proqram boyu aparıcı tərəfindən ya kəsilib, ya da ona öz fikirlərini çatdırmağa imkan yaradılmayıb. Verilişin efirə gedən buraxılışında isə S.Məmmədovun və Azərbaycanı təmsil edən digər ekspertlərin – politoloq Aydın Mehdiyevin və jurnalist Fuad Abbasovun çıxışları montaj olunub, onların ermənilər və Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdikləri tarixi faktlar kəsilərək efirə verilməyib. S.Məmmədov Teleqraf.com-a müsahibəsində proqram zamanı baş verənlərə, Rusiya KİV-lərinin informasiya siyasəti ilə bağlı məsələlərə, habelə digər məqamlara aydınlıq gətirib.

– Samir bəy, əvvəlcə özünüz barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.
– Mən Qərbi Azərbaycanda, Masis rayonunun Zəngilər kəndində doğulmuşam. 1988-ci ildə qədim ata-baba yurdumuzdan – indiki Ermənistan ərazisindən məcburi çıxarılmışıq. Mən onda çox balaca idim, beş yaşım vardı, ancaq o vaxt baş verənlərin hamısı yaxşı yadımdadır, silahlı erməni quldurlarının bizim evimizi dağıtdıqları günü unutmamışam. Və bu unudulası da deyil. Ermənilər bizi dədə-baba yurdumuzdan didərgin saldılar. Biz doğma kəndimizdən gedəndən sonra mənə elə gəlirdi ki, yenə də evimizə qayıdacağam, elə bilirdim ki, yenə hər şey əvvəlki kimi olacaq. Ermənistandan gələndən sonra biz Bakıda məskunlaşdıq, ev-eşik hamısı ermənilərə qaldı. Onuncu sinfə qədər Bakıda oxumuşam. Sonra Sankt-Peterburqda yaşayası oldum. Onuncu və 11-ci sinifləri orada oxudum. Orta təhsil aldıqdan sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakultəsinə daxil oldum, universiteti 2000-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Artıq bir neçə aydır Moskvaya köçmüşəm. Ümumrusiya Azərbaycanlıları Konqresində icraçı direktorun birinci müavini vəzifəsində çalışıram.
– Bildiyimiz qədər "TVC" telekanalında yayımlanan "Pravo qolosa" verilişində iştirakınız əvvəldən nəzərdə tutulmayıb. Necə oldu ki, belə bir proqramın çəkilişindən xəbər tutdunuz və proqrama qatıla bildiniz?
– "Pravo qolosa" verilişində iştirakım həqiqətən də əvvəlcədən planlaşdırılmamışdı. Tok-şouda efirə çıxmağım və ekspert qismində iştirakım qısa müddət ərzində həll olundu. Bu məsələni Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov həll etdi. Təbii ki, o verilişə başqa azərbaycanlı ekspertlər də dəvət olunmuşdu. Əgər Roman Babayan verilişdə kimlərin iştirak edəcəyini əvvəlcədən bilsəydi, bəlkə də bizim o verilişə çıxmağımız mümkün olmazdı.
– Aparıcı Roman Babayanı necə xarakterizə etmək mümkündür?
– Roman milliyətcə ermənidir. Bakıda, Montin qəsəbəsində doğulub, orta məktəbi də orda bitirib. "Nərimanov" metrostansiyasının yaxınlığındakı 82 nömrəli məktəbdə oxuyub. Əsgərliyə gedənə qədər orada yaşayıb, uzun illərdir ki, Moskvada yaşayır, artıq Rusiya teleməkanında kifayət qədər tanınır. Mən onun bir neçə il əvvəl verdiyi müsahibəni oxumuşdum. Azərbaycandan, ilk dəfə göz açıb gördüyü və yeniyetməlik illərini keçdiyi Bakıdan ürək dolusu danışan, bütün millətlərin qardaş, dost kimi yaşadığı şəhəri sevdiyini, onu görmək arzusuyla yaşadığını deyən Roman Babayan indi az qala dünyanın ən pis adamlarının azərbaycanlı olduğunu deyir. Bu da onun sırf millətçi olduğundan xəbər verir.
– Roman Babayan Rusiya vətəndaşı olsa da, proqram boyu jurnalistika və debat prinsiplərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirdi, birtərəfli mövqe sərgilədi. Bunu nə cür qiymətləndirirsiniz?
– Mən belə başa düşdüm ki, bu onun iş metodudur. Bu gün Ermənistan lobbiçiləri Rusiyanın dövlət və özəl media kanallarından istifadə edərək özlərini güclü göstərməyə çalışırlar. Bir həqiqət də var ki, bir sıra telekanallar ermənilər tərəfindən alınıb və özəlləşdirilib. Ona görə də Roman Babayan və onun kimi millətçilər yalnız öz məqsədlərini güdürlər. Uzun illərdir ki, bir sıra Rusiya telekanallarında, hətta bəzi KİV-lərdə at oynadırlar, Azərbaycana qarşı informasiya müharibəsini davam etdirirlər. Roman Babayan veriliş boyu jurnalist peşəsi ilə bir araya sığmayan, jurnalistə yaraşmayan, etikadan kənar hərəkətlərə yol verirdi, peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətlərini davam etdirirdi. Onun ədəbsiz və tərbiyəsiz davranışları ilə əndazəyə sığmayan hoqqabazlığı göz qabağındadır. Təkəbbürü yerə-göyə sığmayan Roman Babayan televiziya ilə reallığı qarışıq salıb. Əslində onun şou yaratmaq cəhdləri göstərir ki, onun üçün heç bir mənəvi dəyər mövcud deyil. Onun hərəkətləri, ifadələri, ekspertlərin, iştirakçıların sözünü yarımçıq kəsməyi, sözlərinə yersiz irad tutması normal jurnalist etikasına da ziddir.
– Proqrama qatılan qondarma Dağlıq Qarabağ rejiminin təmsilçisini şəxsən tanıyırdınızmı?
– Açığı, mən o verilişdəki insanların əksəriyyətini ilk dəfə görürdüm. Bəzilərini isə mətbuatdan və televiziyadan tanıyırdım. Proqrama qatılan qondarma Dağlıq Qarabağ rejiminin təmsilçisini və verilişə ekspert kimi qatılan digər erməniləri də şəxsən tanımırdım. Və burada kimlərin iştirak edəcəyini də əvvəlcədən bilmirdim. Verilişdə Ermənistan tərəfini tarixçi Areq Qalstyan, diaspor nümayəndəsi Yuri Navoyan və Dağlıq Qarabağ rejiminin təmsilçisi Sergey Qazaryan kimi millətçilər təmsil edirdilər. Veriliş boyu mən onların cavablarını layiqincə verə bildim. Gücüm çatan qədər onların yalanlarını ifşa etdim. Baxmayaraq ki, mənim sözümü kəsirdilər. Amma çox təəssüf ki, mənim çıxışlarımı efirə bütövlükdə vermədilər. Mənim dediklərimin 90 faizi efirə buraxılmadı.
– Qondarma rejimin nümayəndəsinin proqrama dəvət olunması Rusiya qanunlarına da açıq-aşkar hörmətsizlik idi. Bu fikri Roman Babayana çatdırdıqda onu reaksiyası necə oldu?
– Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" verilişinin yaradıcısı və aparıcısı Roman Babayandır. Ona görə də o özünü heç kimə tabe olmayan adam kimi aparır. Verilişə də istədikləri adamları çağırırlar. Mən sonra da fikir verdim, adətən bu verilişlərə özlərinə yaxın və onun fikirlərini dəstəkləyən və həmişə də eyni adamları dəvət edirlər.
– Qondarma rejimin təmsilçisi xeyli aqressiv davranış nümayiş etdirirdi. Efirdən sonra hər hansı insident baş verdimi?
– Ən çox aqressiv çıxış edən, üzündən-gözündən nifrət yağan Dağlıq Qarabağ rejiminin təmsilçisi Sergey Qazaryan idi. Çıxışı da reallıqdan kənar, heç bir məntiqə sığmayan, əsası olmayan çıxış idi. Həm də onun hərəkətlərindən və əsassız çıxışından bilmək olurdu ki, o yetkin siyasətçi deyil. Əslində, o yanlış informasiyaya sökənirdi. Düzdür, informasiya siyasətdə çox vacib əhəmiyyətə malikdir, amma dürüst və əsaslı olanda. Onun uydurduqları siyasət deyil, boşboğazlıq və qeyri-ciddilik idi. Efirdən sonra isə aramızda hər hansı insident baş verməyib.
– Cəbhə xəttində baş verən son hərbi qarşıdurmadan sonra Moskvada və Rusiyanın digər yerlərində azərbaycanlılarla ermənilər arasında hər hansı gərginlik müşahidə olunurmu?
– İstər Moskvada, istərsə də Rusiyanın digər şəhərlərində azərbaycanlılarla ermənilər arasında hansısa bir gərginliyin olmasını bilmirəm. Əgər belə bir gərginlik yaransaydı yəqin ki, bizim xəbərimiz olardı.

– Əksər Rusiya KİV-ləri "üçgünlük müharibə" zamanı qeyri-obyektiv və birtərəfli mövqe tutdular. Siz bunun səbəblərini nə ilə izah edərdiniz?
– Düzdür, Rusiyanın bəzi mətbuat orqanlarında Qarabağ hadisələrinin birtərəfli işıqlandırılması nəzərə çarpırdı. Yalan məlumatlarda "Azərbaycanın işğalçı ordusunun ermənilərə qarşı müharibə apardığını" bəyan edirdilər və bununla da rus ictimaiyyətini aldadırdılar. Ümumiyyətlə, uzun illər ərzində Azərbaycan həqiqətləri rus ictimaiyyətinə birtərəfli qaydada, ermənilərin xeyrinə çatdırılıb. Amma bütövlükdə bunu bütün Rusiya KİV-lərinə şamil etmək düzgün olmazdı. Nəzərinizə çatdırım ki, sovetlər birliyinin süqutundan sönra ermənilər Rusiyada olduqca fəallaşdılar. Bir çox telekanallar ya ermənilər, yaxud ermənipərəst ruslar tərəfindən alınıb, ya da özəlləşdirilib. Rusiyanın tanınmış telekanallarında çox sayda tarixçilər, jurnalistlər, politoloqlar var. Onlar da işlərini bir istiqamətdə quraraq erməni lobbiçiliyini qurub inkişaf etdirirlər. Amma onu da deyim ki, bu telekanallarda deyilənlər, KİV-lərdə yazılanlar rus dövlətinin rəsmi mövqeyini əks etdirmir.
– Cəbhədəki uğursuzluqdan sonra Ermənistan cəmiyyətində məyusluq və parçalanma hökm sürür. Rusiyadakı erməni diasporu ilə bağlı vəziyyət nə yerdədir?
– Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində başlayan "üçgünlük müharibə" təkcə Ermənistan Silahlı Qüvvələrində deyil, ümumilikdə Ermənistanda şok yaşatdı. Qondarma Qarabağ rejiminin rəhbərləri nəinki məyus oldular, hətta çıxılmaz vəziyyətə düşdülər. Erməni ictimaiyyətində parçalanma baş verdi. Həmin günlərdə Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr – Belarus və Qazaxıstan Azərbaycanı birmənalı şəkildə dəstəklədi. Ermənistan Rusiyanı Azərbaycana silah satmasına görə qınadı. Bütün bunlar Ermənistanda böyük etiraza səbəb olub. Düşünürəm ki, bu parçalanma dərinləşə və Ermənistanda yeni çaxnaşmalara səbəb ola bilər. O ki qaldı erməni diasporu ilə bağlı vəziyyətə, yalnız onu deyə bilərəm ki, Rusiyadakı erməni icması Ermənistanı birmənalı şəkildə dəstəkləyir.

– Rusiya cəmiyyətinin son hərbi əməliyyatlara dair mövqeyi necədir?
– Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyi birdir. Rusiya rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
– Rusiyada azərbaycanlıların ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi "üçgünlük müharibə"dən sonra yaranmış vəziyyətlə bağlı hansı işləri görür və ya görməyi planlaşdırır?
– Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyevin aprelin 3-də Azərbaycanın Dağlıq Qarabağ regionundakı son olaylarla bağlı müraciəti dərc olundu. Bir gün sonra aprelin 4-də Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Rusiyada bəzi KİV-lərin Dağlıq Qarabağda baş verən son hadisələri birtərəfli və qeyri-obyektiv işıqlandırılması ilə bağlı "Pravda.ru" İnformasiya Agentliyinin "Toçka zreniya" verilişinə müsahibə verdi. Aprelin 7-də Ümumrusiya Azərbaycanlıları Konqresi Moskvada, "İnterfaks" Agentliyində "Rusiya-Azərbaycan münasibətlərinə dəstək üçün ictimai təşəbbüslər" mövzusunda müzakirə keçirdi. Aprelin 8-də mən Rusiyanın "Dojd" telekanalına, iki gün sonra "Pravda.ru" İnformasiya Agentliyinə müsahibə verdim. Aprelin 11-də nə baş verdiyini bilirsiniz. Roman Babayanın müəllifi olduğu Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" verilişdə Azərbaycanı təmsil edən ekspert kimi iştirak etdim. Hazırda da bu istiqamətdə fəaliyətimizi davam etdiririk.