Ukraynanın təhsil naziri: “Diplomların tanınması məsələsi həll olunacaq“ Müsahibə

Ukraynanın təhsil naziri: “Diplomların tanınması məsələsi həll olunacaq“

Ukraynanın elm və təhsil naziri Liliya Qrineviçin report.az saytına müsahibəsi

- Azərbaycanla Ukrayna arasında təhsil sahəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Çox müsbət qiymətləndirirəm, hərçənd mövcud imkanlar daha genişdir, əməkdaşlığın perspektivi olduğu qənaətindəyəm.
- Ölkələrimiz arasında hazırda təhsilə dair hansı layihələr həyata keçirilir və keçiriləcək?
- Bu gün Ukraynada xeyli sayda Azərbaycandan olan tələbələr təhsil alır. Azərbaycanlılar əcnəbi tələbələr arasında sayca ikinci yer tutur. Əlbəttə, bizim üçün universitetlər, elmi mərkəzləri arasında da ikitərəfli əlaqələr böyük əhəmiyyət kəsb edir, bunlar daha da inkişaf etdirilməlidir. Sözsüz ki, məhz insanlar arasındakı təmaslar ölkələrarası əlaqələrin təməl daşıdır.
- Bəs Ukraynada təhsil alan azərbaycanlı tələbələrin və Azərbaycanda təhsil alan ukraynalı tələbələrin dəqiq sayı barədə statistik rəqəmlər varmı?
- Ukraynada təhsil alan Azərbaycan tələbələrin dəqiq sayı barədə məlumatımız var. Bu gün onların sayı 7522nəfərdir. Bu da əcnəbi tələbələrin ümumi sayının 11 faizindən çox deməkdir. Azərbaycandan gələn tələbələr daha çox maliyyə-kredit, iqtisadiyyat, hüquq fakültələrində oxuyurlar. Həmçinin azərbaycanlıların seçdikləri ixtisaslar arsında tibbi, o cümlədən stomatologiyanı da misal çəkə bilərəm.
- Bəz Azərbaycandakı ukraynalı tələbələr?
- Bu barədə statistik rəqəmlər yoxdur, çünki ukraynalı gənclər təhsil dalınca xaricə yollananda heç də həmişə bizi xəbərdar etmirlər. Ona görə də belə rəqəmlərin sizdə olması daha ağlabatandır.
- Bildiyimiz kimi, hər bir ölkədə tələbə hərəkatı siyasi hərəkatın ən fəal, ən əhəmiyyətli qoludur. Ukraynada azərbaycanlı gənclərin, o cümlədən tələbələrin təşkilatlanması barədə nə deyə bilərsiniz? Azərbaycanlı gənclərin Ukraynanın həyatındakı rolu nə qədər böyükdür?
- Ukraynanın tarixinə nəzər salsaq, tələbələrin nə qədər böyük qüvvə olduğu göz önünə gəlir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ölkəmizdə tələbələrə, o cümlədən azərbaycanlı tələbələrə münasibət həmişə yaxşı olub. Yəni azərbaycanlılar da başqa əcnəbi tələbələrlə enyi tədris sistemindədir. Həmçinin bütün tələbə gənclər kimi, təhsildən başqa əylənir, müxtəlif mədəni və ictimai tədbirlərdə iştirak edir, asudə vaxtlarını mənalı keçirməyə çalışırlar.
- Azərbaycanda tez-tez belə söz eşitmək olar: bizdə ali təhsil ocağına qəbul oluna bilməyənlər gedib Ukraynada asanlıqla qəbul olunurlar. Bəlkə Ukraynada tələbə qəbulunda hansısa çatışmaqlıqlar var?
- Baxır siz məhz haraya qəbul olunmağa hazırlaşırsınız. Ukraynada bəzi dövlət və özəl universitetlər var ki, oraya zəif biliklə də qəbul edirlər. İndi biz birinci təhsil ilindən sonra tədris dilindən icbari imtahan qaydasını tətbiq etmişik. Çünki reytinqlərə salınmamış bəzi universitetlərdə, məsələn, nə rus, nə də ingilis dili bilən azərbaycanlı tələbələr olduğunu görmüşdük. Dili bilməyənlər əlavə bir il də oxumalıdırlar. Belə ki, Ukraynada keyfiyyətli təhsil almaq istəyən Azərbaycan gənclərinə bəri başdan bizim nazirliyə müraciət etmələrini tövsiyə edərdim. Bizim Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzində həqiqətən yaxşı təhsil verilən rqytinq universitetləri barədə hərtərəfli məlumat almaq olar.
- Ukrayna ilə Azərbaycan arasında hansı təhsil proqramları var və yaxud nəzərdə tutulur?
- Əlimizdə olan məlumata görə, hazırda Ukraynanın 24 universiteti Azərbaycanın 25 universiteti və elmi mərkəzi ilə bu səpgidə əlaqələrə malikdir. Mənim fikrimcə, bu əməkdaşlıq əlaqələrini daha nizamlı, sistemli hala gətirmək olar. Bu barədə əməkdaşlığımızı daha da gücləndirmək üçün müzakirə aparmalıyıq.
- Yəqin xəbəriniz var, Azərbaycanda Ukraynanın bəzi ali məktəblərinin diplomlarını tanımırlar. Bu məsələni necə aradan qaldırmaq fikrindəsiniz?
- Bayaq dediyim kimi, burada söhbət bir çoxu özəl müəssisə olan zəif ali məktəblərdən gedir. Bu problemi artıq həll edirik. Bu məsələyə görə bizim nümayəndələrimiz, o cümlədən mənim müavinim Azərbaycana səfər etmişdilər. Onu da deyim ki, Ukraynada Azərbaycan diplomlarının tananma səviyyəsi 2014-cü ildən etibarən 7dəfədən çox artıb. Yəni artıq Azərbaycan universitetləri ilə yaxından əməkdaşlıq əlaqələrimiz bəhrəsini verir, hansıların diplomlarının tanımağa layiq olduğunu öyrənirik. Bizim üçün də hər bir Azərbaycan tələbəsinin Ukraynanın məhz hansı universitetinə getəcəyini doğru-dürüst bilməsi çox əhəmiyyətlidir. Gedəcəyi universitetin əcnəbi tələbələr üçün tədris proqramlarına dair lisenziyası, akreditasiyası olub-olmadığını mütləq yoxlamalıdırlar. Bir daha deyirəm: Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi ilə də əlaqə saxlasınlar. Hansısa Ukrayna diplomunun təsdiqi üçün sorğu gələndə bu məsələ ilə başqa təşkilat, Milli Akademik Hərəkətlik İnformasiya Mərkəzi məşğul olur. Orada indi Azərbaycandan gələn çox sayda sənəd var, məşğul olurlar. Qəbul olunmağı arzuladığınız ali məktəbin diplomunun tanınması üçün hansı şərtləri yerinə yetirməli olduğunu bu mərkəzdə də dəqiq öyrənə bilərsiniz. Mərkəzin Ukrayna, rus, ingilis dilıərində fəaliyyət göstərən saytında diplomu tanıtdırmaq üçün zəruri sənədlərin tam siyahısını öyrənmək olar. Yəni, məncə, övladlarını Ukraynada oxutdurmaq fikrində olan Azərbaycan ailələri arasında ölkəmizin yüksək keyfiyyətli təhsil verən ali məktəbləri barədə daha mütəşəkkil məlumatlandırma işləri aparılmalıdır.
- Azərbaycanda ictimai yerlərdə, metroda və s. Ukrayna universitetlərinin reklamlarına tez-tez təsadüf edilir.
- Çox gözəl, amma baxır hansı universitetlərin reklamı aparılır. Çox vaxt heç müvafiq akreditasiyası olmayan özəl universitetlər bu cür reklam kampaniyaları ilə məşğul olur. Kələk budur. Təkcə Ukraynada yox, hər hansı ölkədə təhsil almaq üçün universitet axtarırsınızsa, mütləq müvafiq tədris proqramı üçün lisenziyası və akreditasiyası olan universiteti seçməlisiniz. Sadaladığım bu iki sənəd varsa, onda həmin ali məktəbdə rəsmi səviyyədə təsdiq olunmuş diplom alacağınıza təminat deməkdir.
- Sizdə universitetlərin "qara siyahı"sı varmı?
- Bəli, Ukraynada 300-dək universitet var, indi həmin siyahını sadalaya bilmərəm.
- Ukraynada azərbaycanlı diaspor xeyli dərəcədə fəaldır. Azərbaycanlı vətəndaşlarınızın Ukrayna siyasətindəki yeri və rolu barədə nə deyərdiniz?
- Ukraynanın azərbaycanlı vətəndaşları da hamı ilə birgə yeni ölkəmizi, yeni həyatımızı qururlar. Hazırda ölkəmiz çətinliklərlə üzləşir, bunu aradan qaldırmaq üçün islahatlar aparılır, o cümlədən təhsil sahəsində. Ukrayna qəti olaraq demokratik inkişaf yolunu, Avropaya qovuşmaq yolunu seçib. Demokratik cəmiyyətin başlıca cəhəti milliyyəti, ictimai mənsəbi, sosial mənşəyi nə olursa-olsun hər kəsə bərabər, hörmət münasibəti göstərməkdir. Bu gün Ukraynanın bütün vətəndaşları yeni Ukraynanın quruculuğu üçün çalışır. Ukrayna çoxmillətli ölkədir, burada hər kəsə, o cümlədən azərbaycanlılara hörmət var.
- Hazırda ölkələrimiz arasındakı elm sahəsində əməkdaşlığın səviyyəsi barədə fikriniz necədir?
- Məncə, bu sahədə əlaqələrimiz zəifdir. Hazırda Ukrayna Avropa İttifaqının irimiqyaslı "Üfüq-2020" proqramının asosiativ üzvüdür. Əlbəttə, biz də bu proqram çərçivəsində tərəfdaş axtarırıq. Fikrimcə, elmdə də aramızdakı əlaqələri daha nizamlı, işlək hala gətirə bilərik. Biz Elm və Təhsil Nazirliyi olaraq beynəlxalq əməkdaşlığa hazırıq. Ümidvaram ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin güclənməsi bizim nazirliklə Azərbaycan Təhsil Nazirliyi arasındakı əlaqələrə də müsbət təsir göstərəcək.