“Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində sonadək gedəcək” Müsahibə

“Qərb Rusiyaya qarşı sanksiyalar məsələsində sonadək gedəcək”

Vüqar Zifəroğlu: "Bu isə Rusiyada yeni siyasi kataklizmlərin yaşanmasına gətirib çıxara bilər"

Bu gün dünyada baş verən siyasi proseslər dinamik şəkil aldığından dünyanın siyasi gündəmi də sürətlə dəyişir. Dünyada gedən proseslər, onun regiona təsiri və digər məsələlərlə bağlı politoloq Vüqar Zifəroğlu "Xalq Cəbhəsi"nə müsahibəsində aydınlıq gətirdi.

- Qloballaşma nəticəsində dünya artıq vahid bir məkana çevrilməkdədir. Və təbii ki, istənilən proses ya birbaşa, ya da dolayısı ilə dünyanın müxtəlif hissələrinə öz təsirini göstərir. Artıq bu gün, 21-ci əsrdə dünyadan özünü təcrid etmiş şəkildə yaşamaq mümkün deyil. Və sizin sualınıza gələrək bidirmək istəyirəm ki, əgər region deyərkən siz, Cənubi Qafqaz bölgəsini nəzərdə tutursunuzsa, o zaman Yaxın Şərqdə və eləcə də post-Sovet məkanında gedən qlobal proseslərin birbaşa bizim bölgəyə təsiri var. Bu təsirlər də, cənubi Qafqazın özünün spesifik geo-siyasi mövqeyi və tarixi keçmişi, bir anlamda həmin bölgələrlə mənəvi-siyasi bağlılığı ilə əlaqədardaır.

- Fransadakı terror aktının pərdəarxası-əsas versiyalar nədən ibarətdir?

- Bu terror aktı Avropada gündən-günə artan islamafobiya və sağ radikalizmin əsaslandırılması üçün ciddi bəhanədir. Fransada hər il 4 min insan dinini dəyişdirərək islamı qəbul edir. Bu isə önəmli faktordur. Demək islamı gözdən salmaq və ya gözdən salanlara dəstək olmaq lazımdır. Bu hadisə eyni zamanda Fransanın Suriyadakı proseslərdə və Yaxın Şərqdə maraq dairələrinin bölünməsində aktiv iştirak etmək hüququ qazanmasına xidmət edə bilər. Parisin "11 sentyabrı" Fransaya artıq o haqqı tanımaqdadır. Ən azı "anti-terror" əməliyyatlarında birbaşa iştirak etmək adı ilə. Zatən terror hadisəsindən bir neçə saat əvvəl Fransa Müdafiə Nazirliyi Fars körfəzinə özünün təyyarədaşıyan gəmilərini göndərəcəyini açıqlamışdı. Zamanlama diqqət çəkir. Gəminin İŞİD-ə qarşı yaradılmış beynəlxalq koalisiyanın əməliyyatlarında iştirak edəcəyi bildirilirdi. Versiyalar ümumiyyətlə çoxdur.

- Rusiya-ABŞ qarşıdurması, Ukrayna məsələsi, iqtisadi böhran fonunda Rusiyanı nə gözləyir?

- 2015-ci il Rusiya üçün iqtisadi cəhətdən son dərəcə ağır il olacaq. Qərbin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyaların fonunda neftin qiymətinin daha da aşağı düşməsi ilə bu il iqtisadiyyatdakı tənəzzülü daha da dərinləşəcək. Bu isə istər-istəməz Rusiyanın daxilində sosial gərginliklərin yaşanmasına səbəb ola bilər. Rusiya, 21-ci əsrin əvvəllərində müstəqil bir dövlətin ərazisinə müdaxilə edərək orada etnik separatizmi alovlandırmağın və başqa ölkənin ərazisini ilhaq etməyin cəzasını çəkir. Fikrimcə, əgər qərb hər hansı bir şəkildə güzəştə gedərsə, o zaman Rusiya tam şəkildə MDB məkanına nəzarətini bərpa etmək gücü əldə edə bilər. Zatən Avrasiya İttifaqı məhz bu perspektiv üçün yaradılıb. Bu səbəbdən, Qərbin də sanksiyalar məsələsində sonadək gedəcəyini düşünürəm. Bu isə Rusiyada yeni siyasi kataklizmlərin yaşanmasına gətirib çıxara bilər. Burda başqa bir məqam da Rusiyanın öz daxilində müəyyən etnik hərəkatların baş qaldırması faktorudur. Bildiyiniz kimi, Qərbin də belə kartlardan kifayət qədər ustalıqla istifadə etmək təcrübəsi var. Bu səbəbdən yaxın gələcəkdə Rusiyanın öz içində bu cür halların yaşanacağını istisna etmək olmaz.

- Konqresmenlərin Qorbaçova müraciətinin üzə çıxması ABŞ Azərbaycan münasibətlərinə təsir edə bilərmi?

- Bu sənəd sadəcə olaraq bir daha məlum bir həqiqəti ortaya qoydu: Qərb də, elə Rusiya da hər zaman Cənubi Qafqazda baş verən proseslərə, o cümlədən Qarabağ məsələsinə ilk vaxtlardan öz maraqları çərçivəsindən baxıblar. Buna təəcüblənmək deyil, nəticə çıxartmaq lazımdır. Qərb hər zaman bu münaqişələrə öz maraqları çərçivəsindən nəzər yetirib və indi də etməkdədir.

- Yəməndə baş verən proseslərlə bağlı düşüncələriniz necədir, burada həqqətənmi İranın əli varmı?

- Mən hələ təqribən yarım il əvvəl müsahibələrimdə Yəməndə Ənsurallahın aktivləşəcəyini və yeni proseslərə start verəiləcəyini bildirmişdim. Bu gözlənilən idi. İran rəsmiləri də açıq şəkildə Yəməndə olan şiələri və Ənsərullahı aktivliyə çağırmışdılar. Son proseslərdən İran əslində öz əlini gücləndirən tərəf kimi çıxdı. Suriyada Əsədin qalması, İraqda Malikinin gedişinə rəğmən yeni iqtidarın da İrana yaxın hesab edilməsi, eləcə də Livanda Hizbullahın mövqelərinin güclənməsi və bütünlükdə İŞİD faktoru İranın xeyrinə olan vacib məqamlardır. Yəmən isə, Ənsərullah vasitəsi ilə ərəb ölkələrinin içinə nüfuz etmək deməkdir. İstər Rusiya-Ukrayna münaqişəsi, istərsə də Suriyada baş verən son proseslər, Qərbin İrana olan münasibətində məcburi xarakterli olsa da belə müəyyən yumuşalmalara təkan verib. Elə nüvə danışıqları ilə bağlı münasibətlərdəki yumuşaqlıq bunun ən bariz göstəricisidir. İran da, təbii olaraq yaranmış bu əlverişli vəziyyətdən maksimum dərəcədə özü üçün istifadə etməyə çalışır.

Əli