“Türkiyənin bütün arxivləri açıqdır, istəyən hər kəs gəlib işləyə bilər” Müsahibə

“Türkiyənin bütün arxivləri açıqdır, istəyən hər kəs gəlib işləyə bilər”

Uluç Gürkan: "Bizə güvənməyənlər Qərb ölkələrinin arxivlərindən "soyqırım"a dair hər hansı sənədi tapıb ortaya qoysunlar"

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədr müavini, jurnalist-yazar və tədqiqatçı Uluç Gürkanın APA-ya müsahibəsi

- İngilis arxiv sənədləri əsasında yazdığınız "Malta istintaqı" kitabınız əks-səda yaratdı. Kitabın əsas qayəsini Azərbaycan oxucularıyla bölüşməyiniz mümkündürmü?
- Birinci Dünya müharibəsinin başa çatmasını və Osmanlı İmperiyasının məğlubiyyətini təsdiqləyən Mondros sazişindən sonra aralarında Osmanlının baş naziri, nazirləri, digər yüksək vəzifəli şəxsləri olmaqla, 144 nəfər ingilislər tərəfindən həbs edilərək Malta adasına göndərilmişdi.
(APA-nın qeydi: həbs edilənlər arasında azərbaycanlı mütəfəkkir Əhməd Ağaoğlu da olub).
İngilislərin onlara qarşı irəli sürdüyü ən önəmli ittiham "erməniləri soyqırıma məruz qoymaq" idi. İstintaqı Britaniya Krallığının baş prokuroru aparırdı. İddianı isbatlamaq üçün prokurorluq həm öz mənbələrindən, həm də amerikan arxivlərindən sənədlər istəmişdi. Ancaq bütün cəhdlərə baxmayaraq, həbs edilib Maltaya göndərilmiş 144 yüksək vəzifəli şəxsin 1915-ci ildə ermənilərə "soyqırım" yapmalarına dair heç bir sənəd tapılmadı. Britaniya Xarici İşlər Nazirliyi 29 iyul 1921-ci ildə Baş Prokurorluğa göndərdiyi məktubda Malta adasında həbsdə saxlanılanları siyasi cəhətdən ittiham etməyi tələb etsə də, prokurorluq o tələbi də rədd edərək bütün dustaqları azadlığa buraxdı. Britaniya Krallığının Baş Prokurorluğu bu istintaqa başlayarkən türklərin 1915-ci ildə erməniləri soyqırıma məruz qoyduğuna dair sənədlər əldə edəcəyindən bəlkə də əmin idi. O vaxt 1915-ci ildəki köç qərarının üstündən cəmi 6 il keçməsinə baxmayaraq, Britaniya Krallığının Prokurorluğu Osmanlı İmperiyasının yüksək vəzifəli şəxslərinin əleyhinə heç bir dəlil tapa bilmədi. Üstündən 100 il keçəndən sonra Türkiyəni soyqırımda günahlandırmaq hansı məntiqə sığır? Türkiyənin bütün arxivləri açıqdır, istəyən hər kəs gəlib işləyə bilər. Bizə güvənməyənlər bu işdə marağı olan Qərb ölkələrinin arxivlərindən "soyqırım"a dair hər hansı sənədi tapıb ortaya qoysunlar. "Soyqırım" məfhumu dünyanın hüquq müntəxabatına BMT-nin 1948-ci il qərarıyla və faşistlərin yəhudilərə yapdığı soyqırımın təsdiqlənməsi üçün daxil edilib. Bir xalqa qarşı soyqırım yapıldığını isbat etmək üçün ya BMT-yə bağlı Beynəlxalq Ədalət Divanının hökmü olmalıdır (məsələn, Bosniyada serblərin boşnaklara yapdığı soyqırım kimi), ya da soyqırım olduğu iddia edilən hər hansı bir hadisəni təhqiq etmək üçün xüsusi məhkəmə qurulmalıdır. Britaniya Prokurorluğunun həbs edilib Maltaya göndərilmiş dövlət idarəçiləri ilə bağlı apardığı təhqiqat və çıxarılan nəticə Haaqa Məhkəməsinin hökmüylə bərabər səviyyədədir. Prokurorluq Osmanlı İmperiyasını idarə etmiş yüksək vəzifəli şəxslərin ermənilərə "soyqırım" yapdığına dair heç bir dəlil tapa bilmədiyinə görə, hamını sərbəst buraxaraq işə xitam verib. Britaniya Krallığı Baş Prokurorluğunun istintaqı, bizim üçün Nürnberq məhkəmə prosesiylə eynidir. Heç bir dəlil tapmayan Baş Prokurorluq ermənilərə soyqırım yapmaqla suçladığı yüksək vəzifəli şəxsləri azad edib. Bizə atılan böhtanlara qarşı bundan tutarlı dəlil ola bilməz.
- Son 10 ildə "soyqırım" ittihamlarına qarşı arxivlərini tamamilə açan Türkiyənin həm obyektiv tarix, həm də hüquq sahəsindəki mübarizəsi ölkəyə qarşı irəli sürülən ittihamları zəiflətdimi?
- Bəli, zəiflətdi. Arxivlərimizi açmaqla paralel olaraq, hüquq sahəsində aparılan mübarizənin bir çoxunda qələbə çaldıq ki, bunlardan ən önəmlisi Avropa İnsan Haqları Məhkəməsindəki Perinçək - İsveçrə çəkişməsindən Perinçəkin qalib çıxması oldu. Digər tərəfdən, Fransa Konstitusiya Şurasının ölkədə "soyqırım olmamışdır"- deməyi qadağan edən parlament qərarını ləğv etməsi, ardınca İspaniya parlamentinin eyni addımı atması bizə qarşı nəzərdə tutulan təzyiqləri xeyli zəiflətdi. Mübarizənin son 10 illik mərhələsi göstərdi ki, biz prosesləri obyektiv tarix və hüquq sahəsinə yönəltdikcə, qarşı tərəfin irəli sürdüyü əsassız ittihamlar təməldən sarsılır. Mübarizəyə bu şəkildə davam edəcəyik.
- Azərbaycan və Türkiyə prezidentləri yanvarın 15-də Ankarada elan etdilər ki, Çanaqqala zəfərinin 100-cü ildönümünü 24 apreldə Çanaqqalada birgə qeyd edəcəklər. Bununla da XX əsrin ən böyük hadisəsinin "soyqırım" yox, Çanaqqala zəfəri olduğu dünyaya nümayiş etdiriləcək. Bu qərarı siz necə qiymətləndirirsiniz?
- Müsbət qiymətləndirirəm. Əgər 24 apreldə dünya liderləri Çanaqqalaya yox, İrəvana getsələr, Türkiyəyə qarşı qərəzli hərəkət etmiş olacaqlar. Əslində soyqırım iddiaları "soyuq müharibə"nin bitməsindən sonra gücləndi. Təsəvvür edin ki, hələ 1915-ci ildə- ermənilərin başqa yerlərə köçürülməsinə dair qərar qəbul edilmədən Fransa, Britaniya və Rusiya "soyqırım"ı tanımışdılar. ABŞ isə 1916-cı ildə tanıyıb. Bunların hamısı Osmanlı İmperiyasına qarşı təbliğat məqsədi daşıyan qərarlar idi. O vaxtdan 1993-cü ildə qədər sadəcə 5 ölkənin parlamenti "soyqırım"ı tanıyan qərar qəbul edib. 1993-cü ildən bəri isə "soyqırım"ı tanıyan 43 qərar qəbul edilib. Bu, dünyadakı parlamentlərinin sayının 1/9-i deməkdir. Bizə qarşı bu ittihamlar Samuel Hantinqtonun 1993-cü ildə ortaya atdığı "Mədəniyyətlər çatışması" nəzəriyyəsindən sonra gücləndi. Guya XX əsrdə baş vermiş ən böyük etnik çatışma və faciədən biri türklərlə ermənilər arasında yaşanıb. Təəssüf ki, xristian ölkələrin parlamentləri bu anlamsız nəzəriyyəyə uyaraq bizə qarşı "soyqırım" qərarları qəbul etdilər. Ancaq bizim obyektiv tarix və hüquq sahəsində apardığmız mübarizə haqsız ittihamların xeyli səngiməsinə səbəb oldu. Bundan sonra da eyni çizgidə davam edəcəyik.
- ABŞ Konqresinin 44 üzvü "soyqırım" qanun təklifini yenidən Konqresin gündəminə gətirdi. Builki 24 aprel mesajında "soyqırım" deməsi üçün prezident Obamaya təzyiqlər var. Sizcə, ABŞ prezidenti bunu edəcəkmi? Edərsə, Türkiyəyə nə zərəri olar?
- Məncə, prezident Obama bu il də "soyqırım" kəlməsini tələffüz etməyəcək, onun yerinə son illərdə olduğu kimi, ermənicə məlum söz birləşməsini deyəcək. ABŞ Konqresinin "soyqırım" qərarı qəbul etməsinin Türkiyəyə heç bir hüquqi təsiri olmayacaq, sadəcə, siyasi təzyiqlər güclənə bilər. Biz obyektiv tarix və hüquq sahəsindəki mübarizəmizi təmkinlə davam etdirdikcə, parlamentlərin qəbul etdiyi siyasi qərarların da əhəmiyyəti qalmayacaq.