“Mən həmişə demişəm ki, Azərbaycanı tanıyan onu sevəcək” Müsahibə

“Mən həmişə demişəm ki, Azərbaycanı tanıyan onu sevəcək”

Fransalı parlamentar: "Fransanın da üzv olduğu ATƏT-in Minsk Qrupunun münaqişənin həllində irəli getməməsi məni məyus edir"

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin APA-ya müsahibəsi

- Cənab Mansel, siz Fransa parlamentinin deputatı olmaqla yanaşı, eyni zamanda Azərbaycanın Dostları Assosiasiyasının sədrisiniz. Rəhbərlik etdiyiniz bu təşkilatın əsas məqsədləri nədən ibarətdir və təşkilat Fransa-Azərbaycan münasibətlərinə nə kimi töhfə verə bilər?

- Bizim assosiasiyamız Azərbaycanı - bu maraqlı ölkəni özü üçün kəşf etmək və daha yaxşı tanımaq, Azərbaycan xalqı ilə bilik və mədəniyyətini paylaşmaq istəyən hər kəsi bir araya gətirmək məqsədi daşıyır. Fransa ilə Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir, lakin bu xoş münasibətləri hər iki xalq arasında yaymaq lazımdır. Mədəni tədbirlər, konfranslar, müzakirələr, səyahətlər, eləcə də sosial şəbəkələrdəki fəaliyyətimiz vasitəsilə dərnəyimiz Fransa-Azərbaycan əlaqələrini inkişaf etdirir və gücləndirir. Bu, özü də uğurdur. Çünki bir illik fəaliyyətimizdən sonra təşkilatımıza bütün Fransa üzrə müxtəlif sahələri əhatə edən yüzlərlə yeni üzv qəbul olunub. Bundan əlavə, bu vaxt ərzində bizim təşkilatçılığımız və ya dəstəyimizlə Azərbaycan musiqisi və rəqsləri, caz konsertləri, Novruz bayramı, qadınların vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərə toxunan 30-dan çox tədbir keçirilib. Bu kimi tədbirlər Azərbaycanı heç tanımayan və ya pis tanıyan minlərlə həmvətənimizin bu ölkəni tanımaları və qiymətləndirmələri üçün əlavə imkanlar açdı. Eyni zamanda, apardığımız işlərdə Azərbaycanın birinci xanımının diqqətinə və dost dəstəyinə nail olduq. Onun Fransaya bağlılığı bizim üçün böyük şərəfdir. Bu da bizə daha çox irəli getməyimiz üçün əlavə ruh verir. Bu ilin payızında Azərbaycanda dünyəvilik nümunəsi, Fransa və Azərbaycan qadın təşkilatları arasında əməkdaşlıqların yaradılması ətrafında müzakirələrin aparılmasını, qardaşlaşmış şəhərlərin nümayəndələri arasında görüş keçirilməsini, Parisdə təşkil olunacaq və şəhərin Kral Sarayı meydanında salınacaq Azərbaycan şəhərciyini təşkil etməyi planlaşdırırıq.

- Fransalı millət vəkili olaraq siz bir neçə dəfə Fransanı Azərbaycanla əlaqələri möhkəmləndirməyə çağırmısınız. Bir neçə dəfə Azərbaycanda səfərdə olmusunuz. Bu gün Azərbaycanı Fransadan necə görürsünüz?

- Böyük dövlətlər olan qonşularının təzyiqlərinə baxmayaraq, Azərbaycan bu gün öz müstəqilliyinə bağlı qalan bir ölkədir. Prezident İlham Əliyev bünövrəsi atası Heydər Əliyev tərəfindən qoyulmuş yolu davam etdirməkdədir. O Heydər Əliyev ki, onun taleyi mənə daha çox general Şarl de Qollu xatırladır. Azərbaycan, eyni zamanda dünyəvilik və tolerantlıq baxımından nümunəvi bir ölkədir. Yaşadığımız hazırkı dövrdə əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, insanların harmoniya, qarşılıqlı hörmət içində yaşadığı bir ölkəyə nadir hallarda rast gəlinir. Biz fransızlar bizə əsla tanış olmayan bu vəziyyətdən çoxlu dərs almalıyıq.
Bununla belə, bir şey də aydındır ki, Azərbaycan Dağlıq Qarabağın işğal edilməsindən çox əziyyət çəkir. Ərazilərinin beşdə bir hissəsini itirirsənsə, öz yurd-yuvalarını unutmayan yüz minlərlə qaçqın və məcburi köçkünü qəbul etməyə məcbursansa, bu, dərin bir yaradır və mütləq müalicə olunmalıdır. Fransanın da üzv olduğu ATƏT-in Minsk Qrupunun bu münaqişənin ədalətli və davamlı həlli məsələsində irəli getməməsi məni məyus edir.

- Azərbaycan ilk Avropa Oyunlarını keçirəcək. İlk dəfə Bakıda keçiriləcək bu yarışların təşkili haqda nə düşünürsünüz?

- Belə qısa bir müddət ərzində ilk Avropa Oyunlarını təşkil etmək Azərbaycanın qətiyyətlə və məharətlə öhdəsindən gələ bildiyi olduqca çətin bir iş idi. Bu, azərbaycanlıların dinamikliyi və sahibkarlıq bacarığına malik olmalarının gözəl bir təzahürüdür.
Ölkənin gənclər və idman naziri oyunların keçiriləcəyi şəhərciyi mənə göstərdikdə burada hökm sürən gözəl və nikbin ab-havaya heyran olmuşdum. İdman seçimi özü də bir növ rəmzi xarakter daşıyır. Çünki idman yarışmanı və rəqabəti təcəssüm etdirir, bu da qardaşlıq və başqasına hörmətin əlamətidir. Nəhayət, bu, elə də yaxşı tanınmayan Azərbaycanın dünyada daha da yaxşı tanıdılmasına fürsət yaratmış olacaq. Mən həmişə bunu demişəm, Azərbaycanı tanıyan onu sevəcək!
İki həftə ərzində bir çox ölkələrdən gəlmiş çoxsaylı idmançılar ən yaxşı ada layiq görülməyə can atacaqlar, amma bununla yanaşı, birgə yaşayıb, bir-birini daha da yaxşı tanıyacaqlar. Onlar həmçinin Azərbaycan xalqının qonaqpərvərliyini kəşf edib qiymətləndirə biləcəklər və öz ölkələrinə döndükdə şübhəsiz ki, Azərbaycanın ən yaxşı səfirləri (təbliğatçıları) olacaqlar.
Bu cür əhəmiyyətli bir idman hadisəsi eyni zamanda bütün ölkəni media projektorları altında saxlayacaq. Avropanın dörd tərəfində və onun hüdudlarından kənarda ölkə haqqında məlumatlar yayılacaq, müxtəlif şərhlər veriləcək. Ümid edirəm ki, bu şərhlər obyektiv, qərəzsiz olacaq və hər kəsdə Azərbaycan haqqında düzgün fikir formalaşdırmağa imkan yaradacaq. Bu Avropa Oyunlarının Azərbaycan üçün, azərbaycanlıların bu oyunların təşkilindəki səylərini mükafatlandıracaq böyük bir uğur olmasını ürəkdən arzu edirəm.