“Kitabi-Dədə Qorqud” dastanlarının mənəvi gücü Ədəbiyyat

“Kitabi-Dədə Qorqud” dastanlarının mənəvi gücü

2-ci yazı
"Kitabi-Dədə Qorqud" dastanlarının müstəqillik dövrü Azərbaycan poeziyasına təsiri yazılı ədəbiyyat və xalq yaradıcılığının qarşılıqlı əlaqəsinin araşdırılmasında elmi problem kimi mühüm əhəmiyyət kəsb edir. Eposun Azərbaycan milli həyatına konkret daxil olma zamanı olduğu kimi müstəqillik dövrü Azərbaycan poeziyasında "Kitabi-Dədə Qorqud" ənənələrinin öyrənilməsi də məhz bu tarixi aspektdən işıqlandırılmalıdır. Qeyd etmək lazımdır ki, hələ klassik ədəbiyyatımızda "Kitabi-Dədə Qorqud" ənənələrindən faydalanma izlərinə rast gəlirik. Göründüyü kimi, orta əsrlərdən "Kitabi-Dədə Qorqud" dastanlarına olan maraq ötən əsrdə daha da artıb, ədəbi mühitdə müxtəlif səpkili bədii əsərlərin meydana çıxmasına səbəb olmuşdu. Bizim məqsədimiz "Kitabi-Dədə Qorqud" ənənələrinin müstəqillik dövrü Azərbaycan şeirinin poetik struktur sistemindəki yeri və rolunun funksional semantikasını öyrənmək olduğundan həmin dövr üçün şairlərimizin yaradıcılığında mövzunun nə dərəcədə kökləndiyinə nəzər yetirməyimiz kifayət edər. Belə ki, o dövrü xarakterizə edərək tədqiqatçı N.Ələkbərli "Kitabi-Dədə Qorqud"dan mayalanan poeziya nümunələrinin daha çox B.Vahabzadənin, N.Xəzrinin, İ.Səfərlinin, Hidayətin, N.Kəsəmənlinin, A.Abdullazadənin, H.Arifin, V.Cəbrayılzadənin, gənc şairlərdən T.Qaraqayanın, S.Qaraçöpün, T.Hüseynin yaradıcılığında yer aldığını vurğulayırdı.
Müstəqillik dövrü poeziyasında isə "Dədə Qorqud"a müraciət daha da aktuallaşdı. Xalq şairi Fikrət Qoca "Dədə Qorqud" şeirində yazır:
Dədəm Qorqud nəğməmizin yaşıdı,
Dilin, könlün, sözün məhək daşıdı.
Şair sözümüzün, könlümüzün məhək daşını Dədə Qorqud nəğmələri ilə eyniləşdirməklə bu millətin yaranışından Dədə Qorqud ruhunda doğuluşunu əks etdirməyə çalışır. Deməli, əslində Dədə Qorqud yaradılışın başlanğıcından bu millətin içərisində cücərib boy atıb, sadəcə olaraq bir obraz kimi formalaşması müəyyən zaman müddətinə sığınır. Min illərin o üzündən gələn Dədə Qorqud boylamaları arxaik yaddaşımızın zaman-zaman qulaqlarımıza çatan əks-sədasıdır.
Milli kimliyimiz – Oğuz türkləri olaraq "Oğuz" adını şərəflə daşımaqdır. "Oğuz adı namus, doğruluq simvoludur. Bir hadisədən və ya əhvalatdan söz açılanda "Oğuz zamanında" ifadəsi ilə sözə başlamaq adət halını almışdı. Hər bir hekayənin ("Kitabi-Dədə Qorqud"-da – N.M.) adı oğuznamədir. Buna görə də, bu ifadələrin hər birinin "Kitabi-Dədə Qorqud"da sahib olduqları mənanı təsbit edə bilmək üçün bəzi şeylər söyləməkdə fayda var. Oğuzlar oğuz türklərinin etnik adıdır.
Təsadüfi deyil ki, bu baxımdan əksər şairlərimizin şeirlərində soy-kökün vurğulanması, bədii düşüncədən elmi-ədəbi düşüncəyə ötürülməsi geniş yer alıb. İslam Sadığın "Əslim, nəslim mənim" şeirində də öz əslinə, nəslinə sahib çıxan, oğuz-türk övladı kimi şairin ricəti maraq doğurur. Şeirdə Dədə Qorqud ənənəsinə bağlılığı ilə seçilən, o kökdən, soydan yaranmış türk övladının şərəfli keçmişinin bədii boyalarla işlənmiş obrazının şahidi oluruq:
Boyumla boylanıb o boylar, anam,
Soyumla soylanıb o soylar, anam,
Toyumla toylanıb o toylar, anam,
Əslim Dədə Qorqud əslidi mənim.
Burada "Kitabi-Dədə Qorqud" ənənələrini şeirin poetik struktur sistemindəki yeri və rolu funksional baxımdan milli düşüncənin dərin qatları ilə bağlıdır. Şeirdə şairin boyunun "o boylarla boylanması", sənətkarın bir fiziki-milli varlıq kimi Oğuz boylarına bağlandığını ifadə edir. Şairin soyu da Oğuz soylarına gedib çıxır. Toyun "o toylarla toylanması" milli həyatın Oğuz həyatı ilə qaynaqlanması, müasir mənəviyyatımızın hələ də Oğuz mənəviyyatı ilə qidalanması anlamına gəlir. Sonuncu misrada şair "Əslim Dədə Qorqud əslidi" deməklə milli varlığı bütövlükdə Dədə Qorqud simvoluna konsentrasiya edir.
Bu səsi, bu əks-sədanı biz R.Behrudinin şeirlərində görürük. Şair türkün qədim tarixini yada salır və kədərlə öyünür:
"Mayası qurddan gələn
Özgə bir dinə gəlməz..."
"Şamanam içim köz-köz..."

R.Behrudinin şeirlərində Dədə Qorquddan gəlmə bir yurd, el-oba sevgisi var. Türklüyü, turançılığı ilə seçilən şairin "vətən, yurd sevgisinin məkanı bugünkü deyil, tarixi coğrafiyanın sərhədlərinə dayanır: Qarayazı, Göyçə, Ərzurum, Kərkük bu coğrafiyanın adi məkanlarıdır". "Kitabi-Dədə Qorqud"un ən böyük məziyyətlərindən biri də odur ki, arxetipləri genetik yaddaşımızı təzələyərək milli kimliyimizi xatırladır. Yetmiş il sovet rejiminin amansız təzyiqləri altında türklüyümüzü unutdurmaq istəyənlər H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi şairlərimizi məhv etdilər, lakin türkün yenilməz ruhunu öldürə bilmədilər. Bu gün poeziyamızda özünə dərin yer edən türklüyün təbliği eyni zamanda mənəvi dünyamızda mərdliyin, ərliyin, yenilməzliyin tarixi aspektdə inikasından ibarətdir.
Bu baxımdan Zəlimxan Yaqubun şeirlərində türkçülüyün təbliği önəmli yer alır. Şeirin ritmi də, mahiyyəti də türkçülük havasına malikdir.

Çanaqqala Malazgirdin davamı,
Türk deyil ki, öz qanından qorxan türk!
Təmiz süddən mayalansın, doğulsun,
Mete kimi, Oğuz kimi bir xan türk!

Mübarizlik ruhu ilə dolu olan, milli qeyrət çağırışlı, mücadilə əhvallı bu şeirin dəyəri bir çox ustad alimlərimiz tərəfindən yüksək qiymətləndirilib. Şeirdə Çanaqqala, Malazgird, Türk, Qan, Süd, Maya, Mete, Oğuz, Xan obrazları bir bənd daxilində yer almaqla bu şeiri "Kitabi-Dədə Qorqud"un milli bədii düşüncədəki məna paradiqmasına çevirir. Bu obrazların hər biri Oğuz-Türk tarixinin bir səhifəsi ilə bağlıdır. Həmin faktları, obrazları, hadisələri, məkanları nə qədər uzaq zaman ayırsa da, onlar ruhən vahid məkan-zaman sistemi daxilindədir. Türk Çanaqqalada da, Malazgirddə də Metedən, Oğuzdan gələn eyni qanın, mayanın, südün daşıyıcısıdır.
Türkçülüyün ən fəal təbliğçilərindən biri də Xəlil Rza Ulutürk idi. Şairin şeirlərində türkün şanlı tarixinə işıq tutulur, milli mənliyimiz millətə xatırladılır, mübarizə çağırışları eşidilirdi. Şair azadlıq uğrunda mübarizə apararkən tutulub Lefortova zindanına salınsa da, mübarizəsini davam etdirir, xalqımızın min illərlə yaddaşında yeni nəsillərə çatdırdığı bir əfsanəni yada salaraq "Ağ çələngli Azərbaycan" şeirində yazırdı:
Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər.
Bir gün edam meydanında başım getsə, verərsəm can,
Sən yadların qarşısında heç bir zaman qara geymə,
Ey Ağ donlu Anam mənim, ağ çələngli Azərbaycan!

Fikrət Sadıq "Türk" şeirində türkün qəədimliyi ilə bərabər bu xalqlarının arasında olan ayrı-seçkiliyi, narazılıqları, zaman-zaman türk mənəvi aşılanmaya məruz qalmalarını da bədii boyalarla təsvir etməyə çalışıb:
Babam türkdür, atam türkdür, özüm türk!
Dil açıb, ilk söylədiyim sözüm türk!
Biz birləşib bütöv bir türk olmarıq,
Nə qədər ki var sizin türk, bizim türk!
Şairin ürək ağrısı başadüşüləndir. Mənəmlik iddiası, birləşə bilməmək, sözün, işin vəhdətini yarada bilməmək və bunun ucbatından tarixi torpaqlarımızın itirilməsi bir utanc gətirməklə yanaşı, eyni zamanda bizim qarşımızda babaların mirasına yiyələnmək, itirilmişləri geri qaytarmaq missiyasını qoyur.
Gənc şairə Kəmalə Nəsrin Azərbaycan jurnalında dərc edilən Ağ Şaman soyundan gələn babası Bayram Qazanoğlunun əziz xatirəsinə həsr etdiyi "Daş gətirin" şeiri ilə xalqın yaddaşını oyatmaq istəyir. Türkün daş yaddaşı Qaf dağında qərar tutmuş qaya parçalarının üzərində yazılmış yazılarda qalıb. Kəmalə Nəsrinin daş yaddaşını xatırlaması təsadüfi deyil. Şairənin sələflərindən olan Məmməd Araz da türkün daş yaddaşını silkələyib oyandırmaq istəyirdi. Məhz babaların qan yaddaşı ilə daş yaddaşı arasında bir əlaqənin olduğu Azərbaycan poeziyasında tez-tez xatırlanan və oxuculara təlqin edilən əlamətlərdən biridir:
Qaf dağında uyqu tutmuş
Elim qalmış.
Qırmızı gün xınasında
Əlim qalmış,
Qopuzunda dilim qalmış.
Babam bilən dağ başından
Yellər, mənə daş gətirin-
Daşlar mənim yaddaşımdı.

Bu bənddəki bütün obrazlar onun poetik strukturunu mənalandıran elementlər "Kitabi-Dədə Qorqud" ənənələrini nişan verir. Bu cəhətdən şeirdəki Qaf dağ, uyqu tutmuş El, Qırmızı gün, Xınalı əl, Qopuz, Yellər, Daşlar... – hamısı milli varlığın milli bədii düşüncədəki simvolları, rəmzləri, nişanlarıdır. Türk özünü bu nişanlarla tanıyır. Hər bir xalqın, millətin, etnosun onu tanıdan, tanıtdıran milli kimlik əlamətləri var. Bu əlamətlər bir yerdə milli identifikasiya sistemini təşkil edir. Buradan aydın olur ki, əslində, milli kimliyin simvollarını təşkil edən identifikasiya əlamətləri sakral-ezoterik dəyərlər, yəni xalqın müqəddəs tutduğu dəyərləri özündə əks etdirir.
Məmməd Araz "Ayağa dur, Azərbaycan" şeiri ilə Qaraca Çobanı, Dəli Domrulu əsrlərin o tayından səsləyib, Vətən uğrunda mübarizəyə çağırır. Bu, adi çağırış deyil. Bu çağırışın arxasında Azərbaycan dayanır. Müstəqil dövlətimizin göylərə yüksələn üç rəngli bayrağının əzəmətini qorumaq indi hər bir vətəndaş üçün müqəddəs vəzifə, qan yaddaşımızdan, daş yaddaşımızdan gələn Dədə Qorqud borcudur. 1918-ci ildə qazanılmış müstəqillik itirilmişsə də, onun ibrət dərsləri hər bir azərbaycanlını ayıq-sayıq olmağa, respublikamızın ikinci dəfə qazandığı müstəqilliyi göz bəbəyi kimi qorumağa sövq edir.
Poeziyamızda Dədə Qorqud ənənələrindən mayalanan bu tipli şeirlərin, demək olar ki, əksəriyyəti milli-mənəvi düşüncəmizin formalaşmasında mayaka çevrilir, tarixi yaddaşımızı bərpa edir, oğuz türklərini keçmişinə sahib çıxıb gələcəyini qurmağa çağırır. Bu, bir vətəndaşlıq borcudur. Dünya dövlətləri içərisində üç rəngli bayrağı ilə özünəməxsus yer qazanmış Dədə Qorqud, Xanlar xanı Bayandır xan, Qazan xan, Dəli Domrul, Beyrək, Qaraca çoban və b. xələflərinin mənəvi varislik borcudur. Hər zaman tarixi keçmişini xatırlayıb babalarımızın bizə əmanət qoyduqları Vətənə sahib çıxmaq, onu qorumaq, gələcək nəsillərə şərəfli irs kimi ötürmək oğuz qəhrəmanlarının təlqin etdiyi ən böyük dəyərdir. "Kitabi-Dədə Qorqud" dastanlarının mənəvi gücü bu baxımdan əvəzedilməz cazibə qüvvəsinə və tərbiyəvi əhəmiyyətə malikdir.

Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru