Çağdaş Azərbaycan – özbək ədəbi əlaqələri Ədəbiyyat

Çağdaş Azərbaycan – özbək ədəbi əlaqələri

Əski kökləri qədim ənənələrə dirənən bu əlaqələrin inkişafı və formalaşması əsasən XX əsrdə F.Köcərli, İ.Hikmət, S.Mümtaz, B.Çobanzadə, S.Əliyev, H.Araslı, M.Arif, V.Zahidov, L.Kayumov, P.Xəlilov, A.Nəbiyev, C.Nağıyeva, S.Rüstəm, X.Rza, XXI əsrdə R.Əskər, A.Bağırov (Azalp), Y.Qasımbəyli, A.Binnətova və başqalarının fəaliyyəti ilə bağlı olub. X.Rza Ulutürk M.Şeyxzadə yaradıcılığı bazasında Azərbaycan-özbək ədəbi əlaqələrini tədqiq edib, özbək şairlərinin əsərləri Ə.Ziyatay, N.Xəzri, T.Bayram, B.Azəroğlu, Ə.Muxtar və başqaları tərəfindən dilimizdə səsləndirilib. Ümumiyyətlə, türk xalqları ədəbiyyatından Azərbaycan dilinə, demək olar ki, daha böyük intensivliklə tərcümə olunan məhz özbək sənətkarlarının yaradı¬cılı¬ğıdır. Eyni zamanda özbək ədəbiyyatının problemləri də Azərbaycan ədəbiyyatşünaslığında müxtəlif yönlərdən öyrənilib. Bu müstəvidə son dövrlərdə aparılmış tədqiqatlar sırasında Y.Qasımbəyli, A.Binnətova, T.Quliyev, R.Əskər, F.Bayat və başqalarının xidmətləri daha çox nəzərə çarpandır.
"Ulu çinar" Türk xalqları ədəbiyyatı dərgisi"nin 2015-ci il 3-cü noyabr-dekabr sayında müasir özbək poeziyası nümayəndələrindən Məhəmməd Yusifin "Biz xoşbəxt olardıq...", İqbal Mirzənin "Mən sənin könlündə qalmalı idim", Batırcon Erqaşevin "Kaş ki, məni sevəydin!" şeirləri Aida Eyvazlının tərcüməsində oxuculara təqdim olunub. Bundan başqa dərgidə Nizami ad. Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Marquba Murqasımovanın "Milli hekayəyə xas olan ədəbi ənənələr və estetik prinsiplər" adlı məqaləsi (Azərbaycan və özbək yazıçılarının hekayə nümunələri əsasında) təqdim olunub. Müəllif burada Azərbaycan yazıçılarının hekayələrindən ibarət "Ömürdən uzun gecə" toplusunun özbək dilinə tərcüməsindən, təcrübəli mütərcim Rüstəm Cabborovun özbək və Azərbaycan xalqlarının mədəniyyətini, ədəbiyyatını zəngin tarixi bağlılıqda nəzərdən keçirib, həm də onun etdiyi tərcümələrin keyfiyyətindən danışmaqla, Azərbaycan yazıçılarının yaratdığı qəhrəmanlardan, onların fərdi manerasında hekayə mətninə nüfuzetmədən, Azərbaycan nəsrinin özünəməxsusluğundan, o cümlədən Anarın qəhrəmanlarının özbəkcədə təqdimatından (Oruc həkim, Məşədi Dadaş, Ofeliya və başqa bu kimi obrazlardan), Kamil Əşrəfoğlunun "Qan iyi", "Bərpa" adlı hekayələrindən, Kamran Nəzirlinin "Qorxulu məhəbbət", Elçin Hüseynbəylinin "Keçid dövrünün toyuğu", Hidayət Orucun "Ömürdən uzun gecə", Sabir Rüstəmxanlının "Daş rəngi", "Qayalararası rəng" və s. əsərlərdəki qəhrəman və obrazların sintezindən, bu əsərlərin təfsirində satira və faciə həmahəngliyindən söhbət açılır. Qəhrəmanların mənəvi dünyası özbək nasirləri – Ulkir Haşımovun "Ağ bulud" ("Ok bulut"), "Adamın səsi" ("Odam ovozi") Xurşid Dustmuxammadın "Məsum quşun qarğışı" ("Beozor kuşninq karkusu"), "Göz bəbəyindəki ev" ("Kuz keraçiqidaği uy"), "On birinci qapı" ("Un birinci eşik") hekayələrində relyefli verildiyinə diqqət çəkilir. Hekayələrin süjet və kompozisiyası, obrazların səmimiliyi qəhrəmanın portret-süjet cizgiləri, oxucuların mətnə inandırılması, yazıçıların öz qəhrəmanlarının ruhi halını şərh etmə bacarığı məqalə müəllifi tərəfindən ön plana qoyulur. Azərbaycan müəlliflərindən Kamil Əşrəfoğlunun "Bərpa" və "Qumru nəğməsi"ndə uzaq keçmişdə baş verən hadisələrin özünəməxsus təsviri və yaşanılan faciəli sevgidən bəhs etmə ustalığı, insan məhəbbətinin ilahiləşdirilməsi və s. kimi məqamların oxucunun diqqətinə necə çatdırılması incələnir. Marquba Murqasımova özbək yazıçısı Salomat Vafonun qəhrəmanlarından danışdıqda isə müəllifin onlarda daha cox psixoloji çevrilmələr və mənəvi böhran problemlərinə çətin sınaqlarla üz-üzə durmuş insanların təsvirinə yer ayırdığını, koloritli qadın obrazları qalereyasını ustalıqla təqdimetmə bacarığının bir sıra başqa məqamların təhlili fonunda sübuta yetirildiyini göstərir. Salomat Vafonun qadınların mənəvi aləminin sərhədlərini qırmaqla problemi özünəməxsus detallarla qabardaraq ədəbiyyatda xüsusi şəkildə canlandıra bilməsinə nəzər salır. Bütün bu detallara nüfuz edən məqalə müəllifi Azərbaycan və özbək milli hekayələrinə xas olan ədəbi ənənələr və estetik prinsiplərdən danışarkən yazıçıların qəhrəmanlarının psixoloji aləmini açmaq üçün daxili monoloq, sentimental hisslər və qeyri-adi təsvirlərdən səmərəli istifadə etdiklərini mətnlərdən gətirilən parçalar əsasında sübuta yetirir.
Özbəkistanda nəşr olunmuş "XX əsr Azərbaycan şeiriyyəti antologiyası" (2013), "Azərbaycan yazıçılarının hekayələri və şeirləri toplusu"nun (2014) Daşkənddə nəşri, Azərbaycan-Türkmənistan, Özbəkistan ədəbi əlaəqələri" şöbəsinin müdiri A.Binnətovanın "Özbək ədəbiyyatı" (2016) kitabının akad. İ.Həbibbəylinin redaktorluğu və ön sözü ilə işıq üzü görməsi bu sahədə aparılan işlərin ümumi mənzərəsinə öz pozitiv təsirini göstərməkdədir.
2016-cı ildə "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri" "Особенности современной узбекской и азербайджанской поэзии (научно-популярное издание)" (Daşkənd, 2016) kitabının Azərbaycan Respublikası Səfirliyinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və "Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyəti"nin ideyası əsasında Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru H.Həmidovun redaktəsi və DDPU-nin kafedra müdiri Kəramət Mollaxocayeva və AMEA-nın Nizami ad. Ədəbiyyat İnstitutunun direktor müavini prof. M.Əliyevin rəyi ilə nəşri, Azərbaycan dilinin leksik və üslubi imkanlarını dərindən mənimsəmiş Usman Kuçkar, Babaxan Şərəf, Rüstəm Cabborov kimi mütərcimlər tərəfindən şairlərimizin əsərlərinin özbəkcəyə tərcüməsi, S.Rüstəmxanlının "Göy Tanrı" ("Kuk tengri"), yazıçılarımızın Hidayət Orucovun "Ömürdən uzun gecə" ("Umrdan uzun keça") və s. kitabların Nizami adına DDPU-ndə təqdimatı, Özbəkistanın ali məktəblərinin filologiya fakültələrində "Jaxon Adabieyeti" fənni daxilində Azərbaycan şair və yazıçılarının əsərlərinin öyrənilməsi, BDU, BSU, ADPU, GDU və Azərbaycanın başqa təhsil müəssisələrində bu günün özündə "Türk xalqları ədəbiyyatı" və "MDB ölkələrinin ədəbiyyatı" fənnləri daxilində özbək sənətkarlarının əsərlərinin öyrənilməsi, Özbəkistanda fəaliyyət göstərən "Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti" Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafına daha böyük impuls verməkdədir. Təsadüfi deyil ki, 2016-cı ildə Daşkənddə nəşr olunmuş yuxarıda adını çəkdiyimiz "Müasir özbək və Azərbaycan poeziyanın xüsusiyyətləri" "Özbəkistan Azərbaycan xalqlarının dostluq kitabı" adlandırılıb.
2016-cı ildə Daşkənddə nəşr olunmuş "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri" kitabında özbək və Azərbaycan alimlərinin tənqidi məqalələri ilə yanaşı, hər iki xalqın bədii təfəkkür sahiblərinin – Azərbaycandan- B.Vahabzadə, E.İskəndərzadə, Q.Ağsəs, X.İsmayılqızı, A.Şıxlı, E.Mirzəbəyli, F.Mustafa, İ.İlyaslı, M.Soltan, Ə.Cahangir, Y.Xəlil, S.Rəşid, R.Əlizadə, Ş.Kamilli, A.Arabaçı; Özbəkistandan - Çulpan, Qeyrət Məcid, Utkir Xıdırov, Malikə Səlimova, Məhəmməd Yusif, Batırjon Erqaşev və başqalarınınn əsərləri əksər hallarda orijinalla - tərcüməilə yanaşı təqdim olunub.
2016-cı ilin dekabrında dünya ədəbiyyatının ünlü nümayəndəsi Əlişir Nəvaiyə həsr olunmuş AMEA-nın Nizami ad. Ədəbiyyat İnstitutunda akad. İ.Həbibbəylinin dəstəyi ilə keçirilmiş beynəlxalq konfrans, konfransın işində iştirak etmiş Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, səfirliyin əməkdaşları, özbək və Azərbaycan alimlərinin fikir mübadiləsi, özbək-Azər¬baycan ədəbi əlaqələrinin intensivləşməsini sübut etməklə yanaşı, Nizami adına Ədəbiyyat İnstitutunda ayrıca "Azərbaycan – Türkmənistan, Özbəkistan ədəbi əlaqələri" şöbəsinin yaradılması, həmin şöbədə "Özbək ədəbiyyatı antolo¬giyası"nın hazırlanması ədəbi əlaqələrimizin yüksələn xətlə getdiyinin göstəricisidir.
Elə buradaca yaxın keçmişə müxtəsər ekskurs etməyi zəruri sayırıq. Belə ki, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixindən hələ 27 may 1996-cı ildə İslam Kərimovu Gülüstan sarayında rəsmi qəbul edərkən Ulu Öndər Heydər Əliyev bu əlaqələrin əslində Nizamidən üzü bəri gəldiyinin, onun "Xəmsə"sinin təsiri ilə Qütbün "Xosrov və Şirin", "Sirlər xəzinəsi"nin təsiri ilə Mir Heydərin "Bağın sirri", Ə.Nəvainin "Xəmsə"sinin yaranması, Q.Qulamla S.Vurğunun ədəbi dostluğu, Ş.Rəşidovla M.İbrahimovun yaradıcı münasibətləri, ikincinin birincinin əsərlərini Azərbaycan dilinə tərcümə etməsi və s. bu əlaqələrin mümkünlüyünü şərtləndirən amillər kimi ortaya qoyub.
Azərbaycan dövrü mətbuatında bu əlaqələr daim öz aktuallığını saxlayıb. Belə ki, "Mədəniyyət", "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Yeni Azərbaycan", "İki sahil", "Səs", və s. Mətbuat orqanları 2016-cı ildə "Azərbaycan mədəni irsi özbək dilində", "Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri", "Özbək şairi ilə görüş"; "Bəxt üzüyü" filminin özbək dilində təqdimatı, Prezident kitabxanasında özbək aliminin kitablarının təqdimatı olub, Özbək-Azərbaycan ədəbi əlaqələrinə dair elmi simpozium keçirilməsi, Xalq yazıçısı Anarın "Mən, sən, o və telefon" kitabının özbək dilində çap edilməsi, "Tarix İnstitutunda görkəmli özbək yazıçısı ilə görüş", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının özbək dilində nümayiş etdirilməsi, A.Məmmədovun "Vaqif Sultanlının "Ölüm yuxusu" povesti özbək dilində" yazısı, "Bakı Atatürk liseyində görkəmli özbək alimi Şuxrat Salamovla görüş", "Bakıda özbək yazıçılarının kitablarının təqdimatı", "Şuxrat Salamov ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımları dünyaya bəyan edir" adlı yazısı, özbək demokratik ədəbiyyatının ünlü nümayəndəsi Əbdülhəmid Çolpona həsr olunmuş "Qardaş xalqların ədəbiyyatından – Əbdülhəmid Çolpon" mövzulu məqalələr oxucularda Azərbaycan – özbək ədəbi əlaqələrinin dinamikası haqqında münbit təsəvvürlər yaratmaqdadır.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2016-cı ildə bir sıra müsabiqələr elan edib ki, burada iqtisadiyyat və turizmlə yanaşı, Azərbaycan ədəbiyyatı üzrə də müsabiqə nəzərdə tutulub. Bu mövzu da özü-özlüyündə Azərbaycan-özbək ədəbi-mədəni münasibətlərinə həsr olunub, burada ədəbi tənqidə, tərcümələrə və s. yer ayrılıb. 2017-ci ildə Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasında Xocalı faicəsinə həsr olunmuş konsert–rekviyem keçirilib. Özbəkistandakı səfirliyimizin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş bu tədbirdə müxtəlif dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, mədəniyyət, incəsənət xadimləri və jurnalistlər iştirak ediblər.

Nizami Tağısoy
professor