Qaraçay ədəbiyyatında poema janrı Ədəbiyyat

Qaraçay ədəbiyyatında poema janrı

Qaraçay ədəbiyyatında poema janrının inkişafını Şimali Qafqaz xalqları ədəbiyyatında bu janrın inkişaf özünəməxsusluğu ilə eyniləşdirmək daha məqsədəuyğundur. Belə ki, bu ədəbiyyatlarda XX əsrin 20-ci illərindən başlayaraq milli əlifbanın yaranması tədricən müxtəlif ədəbi-poetik janrların inkişafına öz təsirini göstərir və analoji estetik təcrübədən istifadə olunurdu. Problemin müxtəlif rakusrlardan öyrənilməsi Şimali-Qafqaz xalqlarının ədəbiyyatlarında XX əsrin ikinci yarısında aktuallaşıb, Qaraçay, malkar, noğay, kumux, çərkəz, kabardin şairlərinin əsərləri əsasında nəzərdən keçirilib, bir sıra maraqlı nəticələr əldə edilib. Qaraçay ədəbiyyatşünaslığında məsələ ilə bağlı tanınmış tədqiqatçı və Qaraçay ədəbiyyatı janrlarının inkişaf istiqamətlərini dərindən təhlil etmiş A.Qarayevanın araşdırmaları daha çox obyektivliyi ilə seçilsə də, problem fundamental şəkildə Fatimə Uzdenovanın "Şimali-Qafqaz ədəbiyyatlarında poema: janr paradiqmasının formalaşması" kitabında araşdırılıb.
XX əsrin 40-60-cı illərində yaranan Qaraçay poeması dövrün və xalqın ruhunu əks etdirən mövzuların seçimi və epik məzmunun şərtiliyi kimi personaj təsviri və hadisələrin təqdimatında mühüm məqamları ortaya qoymağı ön plana çəkməli idi. Qaraçaylılar yazı əldə etdikdən sonra poema bu ədəbiyyatın aparıcı janrına çevrilib bir sıra dəyişikliklərə məruz qalsa da, iki mühüm məzmun strukturu nüvəsini qoruyub saxlamağa müvəffəq olmuş, xalqın taleyi və bu taleyə yaradıcı şəxsiyyətin münasibətini əks etdirib. Qaraçay ədəbiyyatında poema janrının inkişafı D.Bayqulovun ("Şamay əvvəl və indi") və H.Urtenovun ("Safiyət") yaradıcılığında ortaya qoyulur. Yeri gəlmişkən qeyd edək ki, Qaraçay ədəbiyyatında digər Şimali Qafqaz ədəbiyyatlarında olduğu kimi poema müxtəlif – lirik, süjetli-təhkiyə, lirik-qəhrəmanlıq elementlərini və formalarını özündə formalaşdırmaqla inkişaf edirdi.
Qaraçay ədəbiyyatında ənənələrin sintezi milli poemanın xarakterik xüsusiyyətidir. Nəzərə alaq ki, bu mürəkkəb sintez nəinki doğma ədəbi ənənələrdən, həm də rus, şərq və türk ənənələrindən qaynaqlanırdı. Qaraçay poeması digər ədəbiyyatların ən yaxşı ənənələrini əxz etməklə, dövrün təklif və tələblərinə uyğun formalaşırdı. Bəlkə də Qaraçay poemasının bu dövrdəki axtarışları, həm də onun novatorluqla nəticələnməyə istiqamət götürməsi ilə bağlı idi. Beləliklə, Qaraçay poemasında xalqın, keçmiş cəmiyyətin vəziyyəti, onun inkişaf yolu yenidən nəzərdən keçirilirdi. Bəzən aktual mövzulu əsərlər ortaya çıxırdı. Bununla belə mövzuların aktuallığı heç də bütün hallarda materialın və problematikanın yeniliyi ilə sonuclanmırdı. Buna görə də janrın bu dövrdəki inkişafındakı yenilikləri ümumiləşdirməyə də böyük ehtiyac duyulurdu.
Məlum olduğu kimi, poemada xarakterlər iştirak edir. Lakin poema həm də hadisələr inkişaf edən şəraiti də nəzərə alır. Əlbəttə, Qaraçay poeması milli-tarixi, yaxud ontoloji problematikalı müəllif ideyası ilə əlaqəli olmaqla və yüksək fəlsəfi-estetik səviyyəli bədii ümumiləşdirməli iri həcmli şeirdə qələmə alınmış mükəmməl nümunə olmaqdan xeyli kənarda qalmışdı. Lakin bu da var ki, janr baxımından poema öz təbiəti etibarı ilə qeyri-həmcins və qeyri-standart tipli olmaqla, sırf təsnif olunmayan çoxtipli bədii struktur olub növ və janr strukturlarının qarışması və bir-birinə üzvi surətdə bağlanması kimi də nəzərdən keçirilməlidir.
XX əsrin 30-cu illərinə nisbətən 40-60-cı illər Qaraçay poeması daha intensiv inkişafa meylli olub. Bu dövrdə epik poema özünəməxsus süjet xəttinin genişlənməsi və bədii ifadə vasitələrinin rəngarəngliyi ilə xeyli dərəcədə zənginləşib. Epik poemada yeni qəhrəman obrazı yaratmaq cəhdini biz nəinki Qaraçay ədəbiyyatında, İ.Qaragetov, H.Urtenov, D.Bayqulov, həm də noğay şairləri İ.Mirzəyev, M.Kurmanəliyev, malkar A.Budayev, kabardin Ə.Sogensukov və A.Keşokovda da görürük.
Qaraçay şairlərinin poema janrına yiyələnməsi heç də asan olmayıb. Yeni kompozisiya, onun priyom və üsulları, obrazlar, rənglər, üslublar müəllifləri dünya ədəbiyyatında işlənilmiş estetik təcrübənin əldə olunmasına və bədii cəhətdən mükəmməl epik əsərlərin yaranmasına istiqamətləndirirdi. Bunlara misal olaraq D.Bayqulovun "Şamay əvvəl və indi", "Məryəm və əfəndi", H.Urtenovun "Əfəndi və ölüm" və s. poemalarını göstərmək olar.
40-cı illərdə Qaraçay ədəbiyyatında olduğu kimi, Şimali Qafqaz ədəbiyyatlarında epik poema janrı bir qədər zəif idi. Bunun da obyektiv səbəbləri vardı. Belə ki, müharibə dövründə ortaya çıxmış daha operativ və mobil janrlar – təşviqat xarakterli publisistik poeziya epik poemanı önləmək və lirik poemanın irəliləməsinə səbəb oldu. "Qızğın hadisələr dövründə… Blok və Mayakovskidən başlayıb… epos daha çox lirik məzmunla doldurularaq və bu iki növün müxtəlif formalarına yiyələnməklə sırf lirik poema xüsusiyyətlərinə malik olurdu".
Digər ədəbiyyatlarda olduğu kimi epik poemaya qayıdış Qaraçay ədəbiyyatında da 50-60-cı illərdə baş verir. Xüsusən 60-cı illərdə epik poemanın tematik diapozonu genişlənir. Qaraçay və noğay ədəbi prosesinə yaxından bələd olan tədqiqatçılardan biri bununla bağlı yazırdı: "Müəlliflər həyatın əksər tərəflərini, insanın mənəvi dünyasının zənginliyini çevrələməklə əsərləri üçün materialı həyatın özündən, gerçəklikdən, öz xalqının mənəvi irsindən götürməyə çalışırdılar". Qaraçay şairləri tarixin ənginliklərinə, folklora müraciət etməklə, həyat hadisələrini əsərlərinin mahiyyətinə hopdurmağa səy göstərirdilər. Belə olduğu halda Qaraçay epik poeması "rasional təfəkkürü" əks etdirməklə, gerçəkliyə heç də yalnız romantik baxış ifadə etmirdi. Bu baxımdan A.Suyunçev və M.Xubiyevin əsərləri xüsusilə qeyd olunmalıdır.
Böyük Vətən Müharibəsinin məşəqqətlərini əks etdirmək baxımından liro-epik poema nəinki Qaraçay ədəbiyyatında, həm də digər Şimali Qafqaz ədəbiyyatlarında aparıcı mövqeyə malik idi. Əgər Həlimət Bayramukova dövrün məşəqqətlərinə həsr olunan "Zəlihət" poemasını yazmışdırsa, S.Kapayev "Kırlu", Q.Qurtuyev "Meşə gözətçisi" poemalarını oxuculara təqdim etmişdilər. Bütün bu poemaların diqqət mərkəzində sənədli materiallar dayanırdı. Müəlliflər əsərlərdə batal səhnələr yaratmaqla, hadisələrdə iştirak etmiş insanların adekvat poetik obrazlarını sərgiləməyə çalışırdılar.
Qaraçay lirik-epik poemasının mövzu diapazonu olduqca geniş və çoxşaxəli olduğundan onun araşdırılması daha da dərinləşdirilmiş şəkildə aparılmağa layiqdir. Çünki XX əsrin 30-cu illərinin sonu – 40-cı illərin əvvəllərindən Şimali Qafqazda yaşayan türk xalqları sovet ideologiyasının, Stalinin repressiya siyasətinə məruz qalmış və qaraçaylılar öz doğma yurdlarından Qazaxıstan səhralarına, Qırğızıstan və Orta Asiya çöllərinə sürgün edilmiş, onminlərlə insanlar olmazın məhrumiyyətlərinə düçar olmuşdular. 50-60-cı illərdə sovetin bu dövrə qədər və bundan sonra tüğyan edən siyasəti müstəvisində qaraçaylıların belə məhrumiyyətlərə düçar olmasına bir qayda olaraq göz yumulmuş, tarixi, coğrafi, etnoqrafik, publisistik və ədəbi əsərlərin səhifələrində onların nəşr olunmasına qadağalar qoyulub. Siyasi sistem elə çevik işləyirdi ki, Qaraçay xalqının başına gətirilən bu müsibətlərin üstündən sükutla keçməyə çalışılır və qaraçaylılar həyatı yalnız müsbət fonda təsvir etməyə məcbur edilirdilər. Reallıqda isə vəziyyət tamamilə başqa cür idi. Bu dövrlərdə H.Semyonovun "Cazuv ayla" ("Yaz ayları"), "Qərib Kursk" və "Nur qığılcımları"; Ə.Əhmədovun "Yaz gəldi" və "Həmzət-batır"; B.Appayevin "Ata curtha" ("Ata yurduna") və "Kucur adamla" ("Qərib adamlar") və s. kimi əsərlər ortaya çıxıb.
Qaraçay ədəbiyyatşünaslığı Qaraçay xalqının və söz sərraflarının başına gətirilən bu müsibətlərə uzun zaman kəsiyində münasibət bildirməsə də, tənqidçi F.T.Uzdenova "Şimali Qafqaz ədəbiyyatlarında poema: janr paradiqmasının formalaşması" əsərində onunla bağlı bəzi mülahizələr söyləyərək qeyd edib ki, müasir Şimali Qafqaz poemasının bədii arsenalında, xüsusən qaraçaylılara diqqət yetirməmək düzgün olmazdı. Çünki onların mövzusu yetərincə zəngin və aktualdır.
Qaraçaylıların sürgün olunması məsələsi xalq üçün ciddi sınaq olmaqla, onlara siyasi,iqtisadi və mənəvi sahələrdə böyük bədbəxtliklər gətirdi. Qaraçay mədəniyyətinin, o cümlədən ədəbiyyatının inkişafı bu illər ərzində süni şəkildə dondurulurdu. Odur ki, Qaraçaylıların deportasiyası mövzusu ən aktual mövzulardan biri olmaqla, həmin dövrün poetik-bədii mənzərəsini də obyektiv şəkildə yaratmağa və realiyalara söykənərək təsvir etməyə ehtiyac duymaqdadır. 60-cı illər Qaraçay poeziyasında, o cümlədən poemasında bunu açıq şəkildə etmək mümkün olmasa da (çünki həmin dövr sovet təbliğat maşınının operativ işlədiyi zaman idi), sonrakı dövrlərdə "Sууугъан oжжагъа" ("Soyumuş ocaq") şeirlər və poemalar məcmuəsi, A.Türkliyevin "Qaraçay: sevgim və ağrılarım" kitabları Vətən – Qürbət oppozisiyası üzərində qurulmaqla formalaşırdı.
A.Turkliyevin yaradıcılığında sürgün dərin fəlsəfi ideyalarla zəngindir. Poemada ("O cəhənnəmdən çıxıb") alliterasiya, hiperbolizasiya priyomların­dan istifadə şairin daxili hiss və çırpıntılarına böyük emosionallıq verir, onun doğma yurdla bağlı kədərini yetərincə relyefli ifadə edirdi. Qaraçay ədəbiyyatında poema – ithaflarla qəhrəmanın bioqrafiyasına da xeyli yer verilməkdədir. Bu sırada A.Teppeyevin "Kъург koмиссар" ("Polad komissar"), D.Mamuyevanın "Dжашла аугъан джерледе гокка хансла джыларла" ("Uşaqların məhv olduğu yerlərdə güllər ağlayır"), S.Qurtuyevin "Alim" kimi əsərlərinin adlarını çəkmək olar.
40-60-cı illər Qaraçay ədəbiyyatında poema janrının inkişafını nəzərdən keçirərkən, onun müxtəlif müəlliflərdə müxtəlif tiplərinə müraciət olunduğunu görürük. Mənəvi problemlərin çoxşaxəliliyi və estetik axtarışların rəngarəngliyi poemanın üslub polifonizmini ortaya qoyur. Bu janrın XX əsrin 30-cu illərində inkişafı, yuxarıda söylədiyimiz kimi, Qaraçay şairlərini dramatik poema (lirik-dramatik – H.Urtenov "Safiyət", D.Bayqulov "Şamay əvvəl və indi" və s.) tipinə üstünlük verdiklərini sübut edir. 40-60-cı illərdə, konkret olaraq Böyük Vətən Müharibəsi dövründə və sonralar Qaraçay poeması ballada tipli qəhrəmanlıq nəğməsi ilə yaxınlaşır. Mənəvi problemlər üzərində qurulmuş bu əsərlər qəhrəmanların şəxsi taleyini, onların xarakterinin dərinliyini açmağa istiqamətlənib.

Nizami Tağısoy
professor