Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı  5-ci yazı Ədəbiyyat

Krım-tatar ədəbiyyatı: Cengiz Dağcı  5-ci yazı

“Onlar da insan idi” romanında qoyulan problemin davamı kimi, Cengiz Dağcı “O torpaqlar bizim idi” (1966) romanında da Krım türklərinin üzləşdiyi və şəxsən özünün şahidi olduğu hadisələri qələmə alıb. Roman əsasən 1935-1945-ci illərdə Çukurca kəndində baş vermiş hadisələri əks etdirir. “O torpaqlar bizim idi” romanının əsas qəhrəmanlarından biri olan Səlim Çilingirov Ya1tanın Qızıldaş kəndindən Çukurca kəndinə gəlmiş insanlardan biridir. O, Qızıldaş kəndində insanlara verilən əzabların, onların sürgün edilməsinin başında kommunist rejiminin dayandığını bilsə də, Panteley Petroviç adlı bir şəxsin təsiri ilə kommunist partiyası sıralarına daxil olur. Tezliklə onu kolxoz sədri qoyurlar. O, öz soydaşlarına kömək etmək əvəzinə, onlara hər cür işgəncə verir. Sürgün olunmaq qorxusu insanları gecə-gündüz kolxozda işləməyə məcbur edir. Müharibə başladıqdan sonra əzab çəkən insanlar məcburi şəkildə cəbhəyə aparılırlar. Səlim isə onlardan fərqli olaraq müharibəyə könüllü olaraq gedir. Lakin müharibənin ilk günlərindən başlayaraq günahsız insanların öldürülməsi onun düşüncələrində dəyişikliklərə səbəb olur. O, yavaş-yavaş anlamaya başlayır ki, indiyə qədər etdiklərində yanlışlıqlara yol vermişdir. Bərbər Həsənin onunla danışıq Səlimi qəflət yuxusundan oyadır. Milliyyətçi gənc olan bərbər Həsən onu başa salır ki, sənin qulluq etdiyin rejim biz türklərə həmişə düşmən gözü ilə baxıb, əhalimizi min bir əzaba salıb, torpaqlarımızı bizim əlimizdən alıb Sibirə sürgün edib. Səlim müharibədə bir qolunu itirir. O, cəbhədən geri qayıtdıqdan sonra Yalta həbsxanasında insanların güllələn-diklərini, əhalinin sürgün edildiyini, məscidlərin uçurulduğunu öyrənir. Səlim kommunistlərin türklərə qarşı düşmən mövqeyini qəti şəkildə dərk etdikdən sonra milləti qarşısında özünü günahkar sayır. Natalya adlı rus qadınına söylədiklərində öz günahlarını belə etiraf edir: “Qəlbim, qanımla savaşdım vətən üçün. Sənin vətənin üçün, Natalya! Öz mənliyimi unutdum. Yurduma, öz xalqıma arxa çevirdim. Bir xain oldum öz xalqım üçün. Qanı məndən olan... öz xalqımın varlığını heçə saydım”
Səlim milləti qarşısında özünü günahkar saysa da, kəndə qayıtmağa qərar verir. Xalqına işgəncə verən qolunu müharibədə itirir, lakin dəyişən ruhu ilə doğma soydaşlarının yanına qayıdır. Müəllif bu məqamda Səlimə haqq qazandırsa da, bir növ onu da faciə qurbanlarından biri hesab edir. Bu faciə bir tərəfdən yurdunu itirənlərin, digər tərəfdən yad ideologiyaya aldanıb öz xalqına arxa çevirənlərin faciəsi kimi xarakterizə olunur. Lakin əsl həqiqəti başa düşdükdən sonra Səlimin düzgün yol seçərək xalqına, torpağına ürəkdən bağlanmasını yazıçı təqdir edir, bu məqamda onu türk igidləri sırasında saxlayır.
Onu da qeyd edək ki, Cengiz Dağcı digər əsərlərində olduğu kimi “O torpaqlar bizim idi” romanında da rus millətini təmsil edən obrazlara (Panteley Petroviç, Ziko Batakov, Natalya və s.) münasibətlərində antirus mövqedə dayanmır. Bütün əsərlərində yazıçının nifrəti rus millətinə yox, işğalçı kommunist rejiminə ünvanlanıb. Yazılarının birində “rus xalqına yaxınlıq duyğularının olduğunu, heç bir romanında rus düşmənçiliyi ilə yola çıxmadığını” bəyan edib.
Cengiz Dağcının sonrakı dövr yaradıcılığında da sənətinin baş mövzusu daha çox Krım türklərinin həyatı və onların faciəli taleləri ilə bağlı olub. Yazıçının ardıcıl şəkildə yazdığı “Badam budağına asılı körpələr” (1970), “Üşüyən küçə” (1972), “Mənim kimi biri” (1988), “Anama məktublar” (1988), “Yoldaşlar”(1992), “Biz birlikdə keçdik bu yolu” (1996) və s. romanlarında həm ayrı-ayrı obrazların simasında, həm də tarixi olay, hadisə və əhvalatların timsalında Krım reallıqlarının, Krım türklərinin həyatının konkret mənzərəsini görmək mümkündür.
Cengiz Dağcı “Badam budağına asılı körpələr” romanında XX əsrin 20-30-cu illərində Krımda baş vermiş hadisələr fonunda 40 minə yaxın Krım türkünün Ural və Sibir bölgələrinə sürgün edilməsi, eyni zamanda millətin keçdiyi digər əzablı yollar təsirli formada ifadəsini tapır. Hadisələr 4-14 yaş arasında olan Halukun dilindən verilir. O, ailənin tək övladıdır. Anasının və yaxın qohumlarının ölümü Halukun uşaq qəlbində dərin yaraya çevrilir. Əmisinin özünü onların həyətində olan badam ağacından asması Haluku sarsıdır. Badam ağacının kəsilməsi Haluku xeyli narahat edir. O, hər dəfə kölgəsində dincəldiyi badam ağacının yerinə baxdıqca kövrəlir. Ancaq badam ağacının yenidən pöhrələnməsi onun ümidlərini artırır. Haluk hər dəfə atasından özlərinin keçmişi, yaşadıqları torpaqların tarixi barədə eşidəndə öz keçmişlərinə marağı artır. O, atasından eşitdiklərini həm də Zöhrə xanım, Sarı Çö- mez, Qərənfil Nuri və başqalarından da eşidir. Bu onu göstərir ki, bütün insanlar öz keçmişlərinə, öz torpaqlarına bağlıdırlar və gənc nəsli də bu ruhda böyüdürlər. Müəllifin roman boyu millətin sürgün faciələrini Halukun dilindən verməkdə əsas məqsədi hadisələrin real mənzərəsini əks etdirmək olub. Çünki Cengiz Dağcının qəhrəmanı uşaq olduğu üçün Krım türklərinin başına gətirilənlər onun danışığında heç bir rəng verilmədən oxuculara çatdırılır. Məsələn, Halukun əsgərlər tərəfindən güllələnən Sarı Çömezin qan içində olan bədənini görməsini, Sarı Çömezin ölüm ayağında ikən həyat yoldaşı Gülşən xanımın onun saçlarını sığallamasına tamaşa etməsini yazıçı bir uşaq ruhunda yaranan sarsıntıların dəhşətləri səviyyəsində təqdim edir.
Halukun sonrakı həyatının davamını biz “Üşüyən küçə” romanında izləyə bilirik. Haluk bu mərhələdə artıq universitetdə təhsil alır. Lakin müharibə başladığı üçün universitet bağlanır. Haluk çətin vəziyyətdə yaşayır. Xərcləməyə pulu, qalmağa yeri olmayan Haluk təsadüfən tramvayda Almira adlı qadınla tanış olur. Qadın onu evlərinə gətirir. Haluk özünün və millətinin keçmişi ilə əlaqədar yazdığı hekayələri qabın içində qoyaraq ayaqyolunda gizlədir. O, Fontannaya küçəsində sığındığı evdə 3 gün qalır. Evin sahibəsi özünü Almira kimi təqdim etsə də, əslində o, Aron Hofmanın qızı Qalina Şubet adlı bir yəhudidir. Almanlar ona divan tutmasınlar deyə, yəhudi olduğunu hamıdan gizlətmişdir. Amma biz romanda yəhudilərə divan tutulan səhnələrlə də qarşılaşırıq. Halukun gördükləri əsasən gizləndiyi evin yerləşdiyi küçədə baş verir. Haluk 3 gün ərzində alman hərbiçilərinin insanlara tutduğu divanı yaşadığı evin pəncərəsindən seyr edir. O, Almiranın - Qalina Şubertin almanlar tərəfindən tutulub aparılmasını da bu pəncərədən görür.
Romandakı hadisələr müharibə dövrünə aid olsa da, bütün əhvalatlar arxa cəhbədə - almanlar tərəfindən işğal olunmuş ərazidə baş verir. Amma insanlar gələcəklə bağlı o qədər nikbindir ki, arxa cəbhə gərginlikləri, ölüm, həbs, sürgün qorxusu, o cümlədən cəbhələrdən gələn acı xəbərlər xoşbəxt gələcəyə olan inamı ürəklərdən silə bilmir. Ona görə də gülüş səslərinin kəsildiyi, insanların işgəncələr gördüyü, simvolik olaraq sərt soyuqlar çökmüş “üşüyən küçə”yə də yenidən baharın gələcəyinə, ağacların çiçəkləyəcəyinə, bu küçədə insanların gülüb-oynayacağına hamıda inam var.
“Anama məktublar” romanı yazıçının həsrət, qürbət hisslərini ifadə edən əsərlərindən biridir. Əsər 1988-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən ilin ən yaxşı romanı mükafatına layiq görülüb. Cengiz Dağcı “Anama məktublar” romanını 69 yaşında (1988), anasının sürgündə ölümündən 24 il sonra (1964) yazmışdır. Lakin romanı yazarkən anasının harada olduğu və ya yaşayıb-yaşamadığı haqqında onun dəqiq məlumatı olmayıb. Qeyd edək ki, Cengiz Dağcı anası, atası, o cümlədən digər yaxınlarının taleyi ilə bağlı məlumatları çox sonralar öyrənə bilib. Yazıçının romanın yazılması ilə bağlı qeydlərindən məlum olur ki, o, bu əsəri yazmaq üçün 40 il gözləmiş, zamanı gəldikdən sonra heç nəyin fərqinə varmadan əsəri yazmağa başlayıb. Cengiz Dağcı əsəri yazarkən bənzəri olmayan günlər yaşadığını və hisslər keçirdiyini - güldüyünü, coşduğunu, kədərləndiyini, ağladığını və s. xüsusi vurğulayır.
Roman Cengiz Dağcının anasına yazılmış 15 məktubdan ibarətdir. Məktublar romanın 65 yaşlı qəhrəmanı Topkayaçının adından təqdim olunur. Əsərdə Topkayaçının gənclik illəri haqqında kifayət qədər məlumat öyrənmək mümkündür. Məlum olur ki, o, uşaq vaxtları şeirlər yazmış, atası həbs olunmuş, atası həbsdən çıxdıqdan sonra ailə Ağməscidə köçmüş, Safiye Akimova adlı ədəbiyyat müəllimi ona dərs demiş, şeirləri “Gənclik”, və “Ədəbiyyat məcmuəsi” adlı jurnallarda dərc olunub, Zəminə Topkayaçı ilə görüşüb, instituta daxil olub, institutda oxuyarkən hərbi xidmətə çağırılıb və s.
Roman boyu yazıçının həyatı ayrı-ayrı səhnələrdə yer alır. Məsələn, dördüncü məktubda Topkayaçının özündən yaşca böyük olan ədəbiyyat müəllimi Safiye Akimovaya aşiq olması, onunla evlənmək istəyi, lakin Safiye Akimovanın xəstələnib ölməsi və s. məsələlər yazıçının həyatı ilə birbaşa səsləşir.
Romanda Topkayaçının anasına ünvanladığı məktubların hamısında keçmişə qayıdış var. O, keçmiş həyata gah yuxularında qayıdır, gah da keçmişi gözləri önündə canlandıraraq o illərin xatirələri ilə yaşayır. 40 il görmədiyi Qızıldaşın, ata-analı günlərin, sevgi dolu həyatın həsrəti Topkayaçının məktublarında özünün təsirli ifadəsini tapa bilir. Lakin bu məktublarda Qızıldaş kədər obyekti olmaqla yanaşı, həm də ümid yeri kimi göstərilir. Çünki Topkayaçı hər dəfə Qızıldaşı xatırlayanda özünün bu yurda dönəcəyinə, yurdunun azad və abad olacağına ümidlər bəsləyir.
“Anama məktublar” romanında yazıçı məktublar vasitəsilə keçmişə qayıdışdan bir vasitə kimi istifadə edərək Krımda yaşanan hadisələri, Krım türklərinin həbs olunmasını, sürgünlərə göndərilməsini, türklərin kəndlərdən qovulmasını və s. təsirli şəkildə oxuculara təqdim edir. Yazıçı romanda Ana və Vətən obrazları timsalında ilk növbədə özünün, geniş mənada isə soydaşlarının Ana və Vətən həsrətini dilə gətirir. Çünki o, mələk gözəlliyi ilə seçilən anasını ruhunun qidası, Krımı isə həyatının mənası, ümidlərinin gerçəkləşəcək məkanı hesab edir. “Anama məktublar” romanı ana və vətən sevgisi, vətənpərvərlik duyğularının təzahürü və mənəvi-psixoloji sarsıntıların təqdimi baxımından xarakterikdir.
Cengiz Dağcı yaradıcılığında tarixi mövzulu əsərlər də yer alıb. Yazıçının 1959-cu ildə yazdığı “Gənc Temuçin” əsəri tarixi roman tipinə daxildir. Əsər təxminən doqquz əsr bundan əvvəlki tariximizi əks etdirmək baxımından səciyyəvidir. Onun milli tarixə müraciət etməkdə əsas məqsədi tarixi şəxsiyyətlərin obrazlarını yaratmaq və millətinin şərəfli keçmişindən bəhs açmaq olub.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor